ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Yumurtadan yun qırxırlar

Zərdüşt Əlizadə

Artıq Qərb dövlətlərini Bakı-Maştağa yoluna döndərmiş məmurlarımız onun yumurtadan yun qırxmaq təcrübəsini diqqətlə öyrənirlər

Allahdan gizli deyil, bəndədən niyə gizli qalsın? Külli-əhli-Azərbaycan bilir ki, milli məmurlarımızın sevimli məşğələsi ciblərini doldurmaqdır.

Azərbaycanda pul haradan gələ bilər? Birinci yerdə neftdir, qazdır. Bu mənbənin sahibi kimdir, hamıya bəllidir. İcazəsiz ora əl uzadanın gözünü tökərlər. İkunci mənbə büdcədir. Bu mənbəyə əli çatanlar bölünür dərəcələrə: nazirlər, müavinləri, şöbə müdirləri, icra hakimiyyəti başçıları və ilaxır. Üçüncü mənbə biznes adlanır və bu mənbədən nuş etmək üçün gərək hakimiyyətin lütfkarlığından istifadə etməyi bacarasan. Bu lütfü qazanmağın yolunu yenə külli-əhli-Azərbaycan çox gözəl bilir, bilir və danışmır, danışanın yeri içəridir.
Zərdüşt Əlizadə
Foto: Meydan TV
Dördüncü mənbə vətəndaşın cibidir. Bu mənbəyə istənilən insanın əli çata bilər, bir şərtlə: gərək zirək olasan və sənin cismində-ruhunda vicdan deyilən əyləc olmasın. Bu əyləc olmasa kimsə hiylə ilə, kimsə zor ilə (paqonu və silahı varsa), kimsə xoş ilə vətəndaşın cibini soya bilər. Bütün dünyada vətəndaşlar, ələlxüsus Azərbaycan vətəndaşları, soyulmaq üçün yaradılıblar və bu əməliyyata müxtəlif dərəcədə amadədirlər.
Birdən elə bilərsiz bu dördüncü mənbənin istismarında dünyada ayrı-seçkilik var, elə deyil. Amerikada amerikanları, Avropada avropalıları, Rusiyada rusları, Ermənistanda erməniləri, Braziliyada braziliyalıları, bizdə bizi eyni üsullarla soyurlar. Bəzən aşkar soyurlar, bəzən isə incə üsullarla, məsələn, yumurtadan yun qırxmaqla soyurlar.
Misal? Buyurun. Bütün dünyada infrastruktur layihələri böyük pul tələb etdiyindən və xərcini uzun müddətə çıxardığından büdcə hesabına həyata keçirilir. Azərbaycanın milli xüsusiyyətlərini nəzərə aldığımızdan deyə bilərik ki, bizdə infrastruktur layihələri ikiqat deyil, üçqat baha başa gəlir.
Bir qata daxildir bizdəki layihələrin dəyərinin milli özəlliklər ucbatından dünya qiymətləri ilə müqayisədə ikiqat baha olması. İkinci qata daxildir hakimiyyətin sevimlisi təyin edilmiş iş icraçısının layihəyə ayrılmış pulun tikinti zamanı şir payını oğurlaması və sonra aradan çıxıb doğma rayonunda fermerliyə qurşanması, oğluna Londonda 25 milyon funt dəyərində mülk alması və ingilis banklarından birində onun hesabına 100 milyon funt civarında pul qoyması.
Bu qatın qaçılmaz aqibəti odur ki, tikilmiş yol üç ildən sonra başlayır dağılıb-uçulmağa və camaatın ahu-naləsini eşitməmək üçün hakimiyyət Neft Fondundan dübarə yol çəkilişinə bir daha sərmayə ayırır. Növbəti sevimli iş icraçısı, oğlunun Londondakı mülkünü və bank hesabını göz önünə gətirərək girişir layihənin icrasına.
Təbii ki, bu minvalla çəkilmiş yol üç ildən, uzağı, beş ildən sonra başlayır uçulub-dağılmağa. Və xalqımızın müzəffər Ali Baş Komandanı və əbədi prezidenti məcbur olur yalnız onun şəxsi sərəncamında olan gələcək nəsillərin Neft Fondundan sebarə (bu sözü dübarə formasından istifadə edib özüm icad etmişəm- yek, dü, se)  o qədər pul ayırsın ki, həm növbəti sevimli iş icraçısının oğlunun Londondakı mülkünə və bank hesabını doldurmağa, həm də bir az abırlı keyfiyyətdə yol çəkməyə çatsın. Nəticədə milli meyarlarımıza görə nisbətən keyfiyyətli yol çəkilir və vətəndaşlar başlayır bu yolla maşınlarını sürməyə.
Havayı? Belə vəziyyət dözülməzdir. Məmurlar və zirək insanlar fəaliyyətə başlayırlar, o saat mütərəqqi Qərbin ən alçaq təcrübəsi yada düşür və təbliğ olunur, bir dənə təklif hazırlanır ki, bəs, bu yol keyfiyyətli olduğuna görə gərək pullu olsun.  Vətəndaş keyfiyyətli yoldan istifadə etdiyinə görə zəhmət çəkib əlavə pul ödəsin. İstəməsə əlavə pul ödəməyə, zəhmət çəkib köhnə dağılmış yoldan istifadə etsin.  Biz vətəndaşı alternativsiz qoymuruq, əlavə pul ödəmək istəmirsə, həmin köhnə yolda maşınını saatda 30 kilometr sürətlə sürə bilər. Vətəndaşın “axı bu yeni yol elə xalqın puluna xalq üçün çəkiılib” etirazına məhəl qoyan tapılmır, mütərəqqi Qərbin yumurtadan yun qırxmaq, vətəndaşın cibinə iki dəfə yox, üç və ya dörd dəfə girmək fəndini elə-hey mütərəqqi Qərbin dalınca son yüz il başıaçıq tumançaq qaçan Azərbaycanda tətbiq edirlər.

Əlahəzrət imperatorun yaxın bir dostu gəlib ona deyir ki,  bəs, Vasya, biabır olarıq, camaat bizi tualet vergisinə görə “nəcisdən vergi yığan” adlandırar.

Artıq Qərb dövlətlərini Bakı-Maştağa yoluna döndərmiş məmurlarımız onun yumurtadan yun qırxmaq təcrübəsini diqqətlə öyrənirlər. Dünənə qədər Bakının küçələrində səkiboyu maşınları pulsuz saxlamaq mümkün idi. Qərb paytaxtlarının təcrübəsini öyrənmiş məmurlar lazımi hazırlıq işləri aparandan sonra nəhayət ki, vətəndaşın cibinə çaharbarə (yek, dü, se, çahar) girmək fürsəti qazanırlar. Dövlət Yol Polisinə müəyyən hörmət göstərildikdən sonra DYP girişir nəqliyyatın işinin intellektual idarəsinə. Bu intellektual idarə ibarət olur hər tində bir dənə “Dayanmaq qadağandır” işarəsinin dirəklərə bərkidilməsindən, iki-üç günlük möhlətdən sonra sürücülərin cərimələnməsindən. Sürücü binəva tora düşmüş balıq kimi çırpınır, görür ki, milli məmur onun üçün iki çıxış yolu qoyub:
1.Maşını satıb piyada vətəndaşların sırasına qoşulmaq;
2. Maşını uzaqda yerləşən avtodayanacaqda və ya parkinq ödənişi üçün cihaz qurulmuş səkinin yanında saxlayıb hər iş günü üçün 4-5 manat pul ödəmək. Pul! Əsas puldur!
Vətəndaşı növbəti “dinmə-ver” öhdəliyi qarşısında qoymuş məmur elə bilir ki, həm onun cibinə girib öz cibini doldurur, həm də bizin milli vətəndaşı bu minvalla  Qərb standartlarına yaxınlaşdırıb maarifləndirir.
Roma imperiyası Qərbdir? Əgər Qərbdirsə, onda bizim məmurlar bizi Roma imperiyasına çox yaxınlaşdırırlar. Roma imperiyasında belə bir imperator olub: Vespasian (miladdan sonra 69-79-cu illərdə taxtda əyləşib). Vespasian dövlətin əli aşağı düşəndə və  camaatdan əlavə vergi yığmaq üçün heç bir bəhanə tapmayanda əmr verib ki, Roma şəhərində tualetlərdən istifadə üçün vergi tətbiq edilsin. Əlahəzrət imperatorun yaxın bir dostu gəlib ona deyir ki,  bəs, Vasya, biabır olarıq, camaat bizi tualet vergisinə görə “nəcisdən vergi yığan” adlandırar. Əlahəzrət imperator Vespasianın cavabı onu tarixdə məşhur edib:
“Eybi yoxdur, nəcisdən iy gəlir, puldan iy gəlmir”.
Təbii ki, həyat şəraitinin sərtləşdirilməsi vətəndaşı düşünməyə sövq edə bilər. Lakin bu müddəa bizim vətəndaşa aid deyil, zira bizim vətəndaşın dünyada analoqu yoxdur. Onun həyat şəraitini çətinləşdirəndə iki yoldan birini seçir:
1.Vətəni tərk edib qürbətə köçür;
2.Növbəti qiyamçı düdüyün dalına düşüb qiyam edir.
Müasir Qərb vətəndaşlarının siyasi mədəniyyətinə çatmaq üçün bizim rəiyyətə bir neçə yüz il vaxt tələb olunur. Hara tələsirik? Ay var, il var, nə vaxtsa, inşallah, gəlib çıxasıyıq.
Qərb vətəndaşları həmin vaxt harada olacaqlar, Allah bilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button