ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hərbi ekspert: “Jurnalistlərin minaya düşdüyü yer diqqətlə yoxlanılmayıb

“Ola bilsin, jurnalistlərin minaya düşdüyü ərazi işlək kənd yoludur. Bu səbəbdən orada mina olma ehtimalını düşünməyiblər və yoxlamayıblar”.

Bunu “Toplum TV”-yə Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı danışan hərbi ekspert Telman Əbilov deyir.

 Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş jurnalistlərin olduğu “KamAZ” markalı sərnişin avtomobili tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kəndi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Xarici İşlər Nazirliyinin açıqlamasına görəsə, Kəlbəcərdə baş verənlər ərazidəki minaların Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirildiyini göstərir. Nazirlik hesab edir ki, məqsəd Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.

Hərbi ekspert Telman Əbilov da güman edir ki, minaları Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaltdığı zaman basdırıb. Onun dediyinə görə, həmin ərazini tərk edərkən Ermənistan əsas yolların, zəruri obyektlərin hamısının ətrafını minalaya bilərdi.

Buna görə də ekspert maksimum ehtiyatlı olmaq lazım gəldiyini söyləyir: “Bir məqamı diqqətinizə çatdırım, hansısa ərazidə hadisə baş verməyibsə, bu oranın artıq təhlükəsiz olması demək deyil. 10 avtomobilə heç nə olmaz, 11-ci minaya düşə bilər.

 Həmin ərazilərin hamısını addım-addım təmizləmək lazımdır. Bəlkə də o ərazi işlək kənd yoludur və mina olma ehtimalını düşünmədikləri üçün yoxlamayıblar, ya da yoxlayarkən hansısa səhvə yol veriblər. Ona görə də bütün yollar minaaxtaran cihazlarla yoxlanmadan onlardan istifadə etmək olmaz”.

Hərbi ekspert Ədalət Verdiyev isə minaların son günlərdə basdırıldığını iddia edir: “Jurnalistləri müşayiət edən nümayəndələrin, onları daşıyan avtomobilin əvvəllər istifadə olunmayan, minalardan təmizlənməmiş və ya yoxlanılmamış yoldan istifadə etməsi mümkün deyil. Bir neçə dəfə bu səfərlərdə iştirak edən biri kimi bunu tam əminliklə iddia edirəm. Böyük ehtimalla, bu minalar düşmən tərəfindən son günlərdə basdırılıb”.

Azərbaycan Ermənistanın işğaldan azad edilmiş ərazilərdə minaların yerləşdirilməsinə dair xəritələri verməkdən imtina etməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AHİM) şikayət göndərib.

APA-nın xəbərinə görə, bu, Ermənistana qarşı ikinci dövlətlərarası şikayətdir və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsi istiqamətində bu ölkəyə təzyiqi artıracaq.

2020-ci il 10 noyabrda birgə bəyanat imzalanandan sonra Azərbaycan dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb edib.

2021-ci ilin fevralında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş katibindən xahiş edib ki, minalanmış ərazilərlə bağlı məlumatların açıqlanmasına yardım etsin.

Azərbaycanın AHİM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məsələ ilə bağlı bildirir ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinasının heç bir strateji, hüquqi və ya mənəvi əsasları yoxdur, yeganə məqsəd bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etməkdir: “Həmçinin Ermənistanın hərəkətləri azad olunmuş torpaqlarda yaşayan ermənilərin həyatını təhlükə altına qoyur.

Biz bir daha Ermənistandan minalanmış ərazilərin xəritələrini və digər müvafiq məlumatları təqdim etməklə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edirik”.

Ç.Əsgərov qeyd edir ki, Azərbaycan Avropa Məhkəməsini məsələyə müdaxilə etməyə çağırıb.

Onun sözlərinə görə, minaların yerləşdirilməsi ilə bağlı xəritələri və digər zəruri məlumatları təqdim etməkdən imtina Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasıdır.

Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular Birgə Bəyanat imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub.

Hərbi ekspert T.Əbilov xəritələrin olduğuna inanmır: “Olsa belə, Ermənistan onları bizə verməyəcək, əvəzində doğru olmayan xəritələr verə bilər. Sivil müharibələrdə qarşılqılı razılaşmalar əldə edilir, Ermənistanla necə sivil müharibə aparmaq olar? Ölkə intiqam üçün bizi hər an öldürməyə hazır olan terror qruplaşmalarından ibarətdir. Onlardan xəritə gözləmək absurddur. Bəlkə də xəritə söhbəti öz məqsədlərinə nail olmaq və əsirləri geri qaytarmaq üçün ortaya atdıqları yalandır”.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın minalanmış ərazilərlə bağlı iddiasını rədd edib.

“Sputnik Ermənistan”ın iyunun 4-də verdiyi məlumata görə, qurum mövzunun onun imkanları xaricində olduğuna görə martın 5-də rədd cavabı verdiyini xatırladaraq qərarı qüvvədə saxlayıb.

Bakı İnsan Hüquqları Klubununun təsisçisi Rəsul Cəfərovsa deyir ki, Avropa Məhkəməsi beynəlxalq konfliktlərlə bağlı məsələlərə müdaxilədən yayınmağa çalışır, ona görə də müraciətə rədd cavabı verib. Hüquq müdafiəçisi bunu yanlış yanaşma adlandırır və hesab edir ki, qurum belə yanaşmadan imtina etməlidir.

“Mina məsələsinin insanların həyatına təhlükə yaratdığını və davam edən bir proses olduğunu nəzərə alsaq, bu, Avropa Konkensiyasının 2-ci maddəsi ilə nəzərdə tutulan yaşamaq hüququnun pozulmasıdır. Mülki şəxslərin həlak olması bunun bariz nümunəsidir”.

“Müdafiə Xətti” hüquq- müdafiə təşkilatı Kəlbəcərdə minaya düşərək həlak olan mülki vətəndaşlarla bağlı bəyanat yayıb: “Susuzluq kəndi Ermənistanla sərhəddən, müxtəlif dövrlərdə fəal hərbi əməliyyatlar aparılan ərazidən 10-12 kilometr aralıda yerləşir, odur ki, bu ərazidə mina basdırılması heç bir halda hərbi əməliyyatlarla əlaqələndirilə bilməz. İlk dəfə deyil ki, mülki şəxslər ayrı-ayrı zamanlarda sərhəddən və aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaq, istisnasız olaraq dinc əhalinin təsərrüfat fəaliyyəti ilə məşğul olduğu ərazilərdə minaya düşərək həlak olurlar, ağır xəsarətlər alırlar”.

Qurum Ermənistanın, münaqişənin dinc yolla həllində səlahiyyətli ölkələrin və beynəlxalq qurumların bu məsələdə laqeydliyinin təəccüb doğurduğunu qeyd edir.

“Müdafiə Xətti” Ermənistan Respublikası rəhbərliyindən, sülhməramlı fəaliyyətini üzərinə götürmüş Rusiya Federasiyasından, münaqişənin həlli ilə məşğul olmalı olan təşkilatlardan minalanmış ərazilərin xəritələrinin dərhal Azərbaycana verilməsini təmin etməyi, Ermənistan rəhbərliyindən işğaldan azad olunmuş ərazilərdə dinc əhaliyə qarşı terrora son qoymağı tələb edir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button