ArxivXəbər lentiXəbərlər

Gürcüstan müsəlmanları terrorun islam dini ilə əlaqələndirilməsinə kəskin etiraz edib

Gürcüstanda yaşayan müsəlmanlar Fransada baş verən terror hadisəsini qətiyyətlə pisləyir, bunu insanlığa və bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayət adlandırırlar. Gürcüstan müsəlmanları terror hadisələrinin İslam dini ilə əlaqələndirilməsini də cəfəngiyat hesab edir və bu cür bəyanatlara kəskin etirazlarını bildirirlər.

Gürcüstan Müsəlmanları İdarəsindən (GMİ) SalamNews-a verilən məlumata görə, bu fikilər Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Tbilisidə keçirilən hesabat yığıncağında səslənib.

Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov, Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze, Qərbi Gürcüstan müsəlmanlarının müftisi Begler Kamaşidze, Şərqi Gürcüstan müsəlmanlarının müftisi hacı Yasin Əliyev və başqaları çıxış edərək, Fransada, eləcə də, başqa dövlətlərin ərazilərində törədilən terror aktlarını qətiyyətlə pisləyib, terrorun dinlə əlaqələndirilməsinin yolverilməz olduğunu bildiriblər.

Vurğulanıb ki, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq insanlar hər bir ölkədə sülh, əmin-amanlıq, bərabər şəraitdə yaşamalıdırlar.

Yığıncaqda idarənin ötən bir ildə gördüyü işlərə də nəzər salınıb.

Bildirilib ki, ötən bir il ərzində Gürcüstanda 40-a yaxın məsciddə təmir-bərpa işləri aparılıb, Batumidə dövlət hesabına müsəlmanlar üçün mədrəsə və dini icma üçün iqamətgah tikilib. Hesabat dövründə 33 adda kitab, 4 adda jurnal, qəzet və digər çap məhsulları nəşr olunub.

GMİ bu ölkədəki məscid və digər məbədlərin təbii qazla pulsuz təmin olunması üçün SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, din xadimlərinin alternativ hərbi xidmət keçməsi üçün Əmək, Sosial və Səhiyyə Nazirliyi, cəzaçəkmə müəssisələrində ruhanilərin maarifləndirmə işləri aparmaları üçün Cəzaçəkmə və Penitensiar Xidmət ilə sazişlər imzalayıb.

Qeyd olunub ki, GMİ ötən bir il ərzində kasıb, imkansız ailələrə, o cümlədən bu ilin iyun ayında Tbilisidə baş vermiş təbii fəlakətdən zərər çəkənlərə maddi yardımlar göstərib.

Tədbirdə Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, müxtəlif dini icmaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button