AktualAktualArxivFatimi yaşayişIslamQadin və hicabXəbər lentiXəbərlər

Gizlədilmiş “Xəzinə” – Fatimə (s.ə) /Video/

Yalvarıram, susmayın! Mənə deyin hardadır o Xəzinə?

Qələm əlimdə, ağ vərəq önümdə.  Gözlərimi vərəqə zilləmişəm.

 Vərəqdə fəqət yazmaq istədiyim  məqalənin adı var.

 Gizlədilmiş Xəzinə…

Bu iki kəlimədə  o qədər sözlər, sirlər gizlənib ki…Bir ananın fəryadı var  burda. Dünyaya gəlməmiş şəhid olan bir körpənəin hıçqırıqları var burda. Məzlum bir atanın göz yaşları var burda. Ata-anasına yardım edə bilməyən məsum körpələrin, məzlum baxışları var burda…

Gözlərimi bu iki kəliməyə zilləmişəm…

Baxıram, baxışlarım az qala  dələcək bu vərəqi.

Gözlərimi zillədiyim bu vərəq, yaşarmış gözlərimin hərarəti ilə sanki, od tutub alovlancaq. Amma yanaqlarıma süzülən göz yaşlarım bu hərarəti söndürür.

Gözlərimi bu iki kəliməyə zilləmişəm. Baxıram. Amma baxmaqdan doymuram bu gizli xəzinəyə. Təkrar yenə baxıram…

Gözlərim önündə bir səhnə canlanır və “gizlədilmiş Xəzinə”nin məzlumiyyətini görürəm…

Divarı özünə pənahgah seçən, qapı ilə mismar arasında əsir qalmış bir xanım görürəm. Haqqı əlindən alınan, gözlərini qapıya zilləmiş Allahın aslanını görürəm. Zülm əlindən kiçilmiş vəhy evində  o tərəf bu tərəfə qaçışan kiçik körpələri görürəm.

Mübarək qəbrində göz yaşına boğulan bir peyğəmbər (s) görürəm.

Çölə tərəf boylanıram.  Bir ümmətin vəfasızlığını görürəm. Vicdanını itirmiş bir toplumu görürəm. Adını kişi qoyub, xanım evinə hücum çəkən nakişiləri görürəm.

Biri görürəm, İkini görürəm, Üçü görürəm.  Əllərində atəş görürəm.

Üzümü bir anlıq çevirirəm. Bir istilik hiss edirəm.  Baxdıqda gözlərimə inana bilmirəm. Od tutub alışan bir qapı görürəm.Üzlərinə baxıram bu zalımların. Kin görürəm, nifrət görürəm, qəzəb, həsəd görürəm.

Məzlumcasına əllərdə dolaşan imzalı bir sənəd görürəm. Məzlum-məzlum yanan qapıya baxan bir xurmalıq görürəm.

Mədinə küçələrində əlləri bağlanmış bir cəngavər görürəm. Şahidliyi qəbul olunmayan bir əhli-beyt görürəm. Sinələrdə məhkum olub ağlayan, Quran görürəm.

Gördüyüm bu acı mənzərələr qarşısında  ürəyim dözmür, gözlərimi qapayıram.

Amma nə fayda.  Bir səs eşidirəm…

Vəhyin qapısında ədəbsizcəsinə hay-küy salanların səsini eşidirəm. Qapıya çırpılan yumruq və təpiklərin səsini eşidirəm.  Üzə vurulan sillənin səsini eşidirəm. İçəridə ağlayan körpə uşaqların ah-naləsini eşidirəm. “Xəzinə içəridədir, qapıya od vurma” deyə bir səs eşidirəm. Və birdən, və birdən qapının xırçıltısını eşidirəm… Və sükut çökür aləmə…

Səssizlik hakim olur Mədinəyə… Nə oldu?!  Nə baş verdi?!  Qapının arxasında birimi vardı?!  Cavab yoxdur… Hamı susur.

Bu sükutu ana bətnindəki, bir şəhidin hıçqırıqı pozur. Qulaqları dələn bir hıçqırıq. 1400 ildir qulaqlarda çalxalanan bir hıçqırıq. Və hər şey sona yetir bu hıçqırıq ilə. Ümmət ona əmanət verilən bu xəzinəni qoruya bilmədi. Ümmət bu xəzinəyə xəyanət etdi…

 Qulaqlarımı dələn bu hıçqırıqdan yaxa qurtarmaq üçün, qulaqlarımı bağlayıram.

Gözlərimi açıram.

Biri görürəm, İkini görürəm. Üçü görürəm…

Gecədir. Mədinədə qəm-qüssə görürəm. Cənazə ilə məşğul olan bir ata və iki oğul görürəm. Bəqiyə tərəf yollanan bir Xəzinə görürəm. Xəzinəni hara aparırlar? Kiçik addımlarla Xəzinəni təqib etməyə başlayıram. Və sanki kimsə mənə mane olur getməyə… Dayanıram. Gözlərimlə təqib edirəm Xəzinəni. Gecənin qaranlığı və Xəzinənin qədəm- bə-qədəm məndən uzaqlaşması, gözlərimi xəzinəni təqib etməkdə aciz buraxır. Və Xəzinə gözlərimdən itərək gecənin qaranlığına qarışır. Və artıq nə görürəm, nə də eşidirəm.

Qələm əlimdə, ağ vərəq önümdə.Gözlərimi vərəqə zilləmişəm.

 Vərəqdə fəqət yazmaq istədiyim  məqalənin adı var.

 Gizlədilmiş xəzinə…

Tez qələmi əlimə götürüb  bunları yazmaq istəyirəm. Qəlbim qan ağlayır. Əllərim əsir. Çünki, gördüklərimi və bildiklərimi  ağ vərəqə köçürə bilməyəcək qədər məzlumam. Kaş bildiyim həqiqətləri bura yaza biləydim. Kaş qəlbimin dərinliklərində qopan tufandan sizi də xəbərdar edə biləydim. Kaş o Xəzinəni sizə haqqıyla tanıtdıra biləydim. Kaş sinəmdə məhbus olan bu həqiqətləri azad edə biləydim.

Amma ümidimi üzməmişəm. O Məzlumu (ə.f) gözləyirəm.Bütün məzlumalar kimi  mənə də məzlumiyyətdən nicat verəcəyi günü gözləyirəm. Əlimizdən tutub o gizli Xəzinənin ziyarətinə gedəcəyimiz günü gözləyirəm.

Və sonda sizə səslənirəm ey ağıl sahibləri! Ey vicdan və insaf sahibləri! Ey bəsirət sahibləri! O Xəzinə hardadır? O qiymətli Xəzinəni hara dəfn etdilər?! Yalvarıram, susmayın. Mənə deyin o Xəzinə hardadır?

İslaminSesi

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button