ArxivmədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Gecələr səksənirlər, bəzən qışqırırlar…

  • Oktyabrın 17-də Ermənistan ordusunun Gəncə şəhərini atəşə tutması nəticəsində 3 uşaq həlak oldu, aldığı zədələrdən oktyabrın 23-də dördüncüsü həyatını itirdi. Bundan əlavə, müxtəlif xəsarətlər alanlar da var. İndi onlar ailələri ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasında məskunlaşıblar. Ailələr şəraitdən razı olsalar da, övladlarının psixoloji vəziyyətindən narahatdırlar.

“Qızım birinci dəfə oktyabrın 4-də, Gəncəyə ilk bomba atılanda şoka düşmüşdü. Uşaq qucağımda əsirdi. İki yaşlı oğlum da hündürdən səs eşidəndə “ana, bomba” deyir. Gecələr səksənirlər, bəzən qışqırırlar”, – deyə İlahə Həmzəyeva narahatlığını bölüşür.

Oktyabrın 17-də yaşadıqları məhəllə atəşə tutulduqdan sonra İlahə iki övladını dərhal evdən çıxara bilir, qızı Ayan isə toz-dumanın içində itir. “Partlayış zamanı divarın suvağı, qırılmış şüşələr qızımın yatdığı çarpayının üstünə tökülmüşdü. Onu da tapana, çıxarana qədər ağlım başımdan çıxmışdı. Bərk qorxmuşuq, hələ də saat beşə kimi yatmırıq”, deyə İ.Həmzəyeva bildirir.

 

 

Azad Cəfərovun da qızının adı Ayandır. Onun 5 yaşı var. Həmin gecə ailə hamılıqla evdə olub:

“Qızım yatmışdı, partlayışdan sonra üstü torpaqla örtüldü. Çox çətinliklə tapıb, dağıntıların altından çıxardım. Dərhal xəstəxanaya apardım, ağzına xeyli torpaq dolmuşdu, qusdurdular, özünə gəldi. Altı yaşlı qızım Reyhanın gözünün ətrafını şüşə kəsmişdi. Qorxuları hələ keçməyib, çox pis yatırlar”.

 

 

Hüseyn Ələkbərli də məlum hadisədən sonra başından xəsarət alıb:

“İlk partlayışın səsini eşidən kimi, evdəkiləri çağırdım. Küçəyə çıxıb, ətrafa baxmaq istəyirdim ki, ikinci bomba evimizə düşdü. Başıma dəmir dəydi, atam məni xəstəxanaya apardı, əməliyyat olundum. İndi yaxşıyam, ağrılarım keçir”.

 

 

Aytəkin Cəfərovanın qızı Ruqayyə birinci sinifdə oxuyur:

“Dəhşətli səs eşitdim, evin tavanı uçdu, kərpiclər üstümə töküldü. Ayıldım, uşaqları axtardım, tapa bilmədim. Ətraf toz-duman idi, işıq sönmüşdü… Heç nə görə bilmirdim. Bu vaxt qardaşım dedi ki, uşaqları pəncərədən çölə atmışam. Hər ikisini küçədə tapdım”.

Aytəkin xanım deyir ki, uşaqların hər ikisi dərin sarsıntı içində idi. İndi də yaxşı yatmırlar, iştahaları yoxdur. “Deyirlər ki, ana, bir də elə olar?..”

 

 

Sahil və Miryusif Qurbanzadələr də müvəqqəti tələbə yataqxanasında məskunlaşıblar.

Miryusif deyir ki, partlayış olan gecə oyaq idi, qardaşı isə yatmışdı:

“Mən də yatmağa hazırlaşırdım, birdən raket gəldi, bayıra düşdü, aynalarımız qırıldı. Qardaşım yatan otaqda tavan da çökdü. Allah qurtardı, heç nə olmadı qardaşıma…”

 

 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin psixoloqları yataqxanaya gəlib, ailələr və uşaqlarla görüş keçiriblər. Gəncə Səhiyyə Şöbəsinə müraciət edilib ki, onlar da öz psixoloqlarını göndərsinlər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button