ArxivmədəniyyatSosialXəbər lentiXəbərlər

Esmira Cavadova: Bir məktəblinin bazarlığı az qala 200 manata qədər gəlib çıxır

  • Yeni tədris ilinin pandemiya dövrünə təsadüf etməsi məktəbli forması və ləvazimatlarının qiymətlərində dəyişikliyin olub-olmamasını gündəmə gətirir.
Təhsil naziri Emin Əmrullayev COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında məktəbli formasının satışı və alışı ilə bağlı yeni tədris ili müddətində hər hansı problemin olmayacağını, prosesin bugünə qədər necə idisə, bundan sonra da elə olacağını bildirib.
Xüsusi karantin rejiminin tədbiqi əhalinin məşğulluğuna təsirsiz ötüşmədi. 2019-cu il fevralın 1-nə olan məlumatda işsiz əhalinin sayı 255 min nəfər göstərilir.
Sərt karantin rejiminin tədbiq olunduğu 2020-ci ilin aprel ayında hökumətin elan etdiyi işsiz əhalinin sayı isə 600 min nəfərdir.
Pandemiyanın məktəb ləvazimatlarının qiymətlərinə, əhalinin güzəranına təsiri ilə bağlı suallarımızı aztəminatlı ailələrə üçün müstəqil şəkildə yardım kampaniyaları təşkil edən jurnalist Esmira Cavadova cavablandırıb.
Onun sözlərinə görə, ötən ilə nisbətən bu il daha çox ailə məktəb ləvazimatları üçün müraciət edib: “Ümumiyyətlə, yardım gözləyən uşaqların sayında ildən-ilə artım olur. Keçən il 110 uşağı məktəbli geyimi ilə təmin etmişik. Ondan əvvəlki ildə bu say təxminən 90 nəfər idi. Bu il karantin rejiminə görə qeydə aldığımız siyahıya 40-a yaxın ailə əlavə olunub. Hər ailədə isə 2-3 uşaq. İndi özünüz fikirləşin”.
Esmira Cavadova məktəbli forması və ləvazimatlarının qiymətlərində də artım olduğunu qeyd edib.
Onun sözlərinə görə, bir uşağın məktəb xərcləri əksər hallarda yaşayış minimumunun üzərindədir: “Məktəb ləvazimatlarının qiymətləri də bahalaşıb. Dəftər-qələmdən tutmuş çantaya və geyimə qədər hər şeydə bahalaşma var. Məsələn, bir nəfər üçün 150 manatla, orta səviyyədə etdiyimiz bazarlıq bu il 180-190 manata başa gəlir. Hardasa 40 manata qədər artım var. Müqayisə edəndə böyük məbləğdir. Hələ uşaqlar məktəbə tam bərpa olunmadığı üçün bəzi ləvazimatları almırıq. Onları da siyahıya əlavə etsək, bir məktəblinin bazarlığı az qala 200 manata qədər gəlib çıxar. Bir müddət əvvəl Xızıda bir neçə ailədə olmuşuq. 20-yə yaxın uşağı ayaqqabı, çanta və ləvazimatla təmin etmişik. Lakin məktəbli geyimi baha olduğu üçün sadə qara şalvar almışıq. Yəni insanların məktəbli geyimi almağa heç cürə gücü çatmır”.
Esmira Cavadova qiymət artımının səbəbini satıcıların maddi vəziyyətinin pis olması ilə izah edib: “Məktəb ləvazimatlarının qiymətlərinin artmasını mağazada işləyən satıcılar bununla əlaqələndirir ki, karantin zamanı işləməyiblər. Lakin bu müddətdə icarə haqqını ödəyiblər, əlavə xərcləri çıxıb və çox zərərə gediblər deyə məhsulları baha qiymətə satırlar ki, itirdiklərini bir qismini bərpa edə bilsinlər”.
Karantin dövrünə qədər “Sədərək” Ticarət Mərkəzində satıcı işləyən A.M (adının açıqlanmasını istəmir – red.) deyir ki, hər il məktəb bazarlığı dövründə gəlirləri ikiqat olurdu. Bu il isə bazar bağlı olduğundan müflis olublar.
O, mağazalardakı qiymət artımını həm də iri ticarət mərkəzlərinin bağlı olması ilə əlaqələndirir: “Böyük əksəriyyət məktəb bazarlığı üçün iri ticarət mərkəzlərinə üz tuturdu. “Sədərək” bu baxımdan ən ucuz yer hesab olunur. Biz də görüləcək bütün işlərimizi məhz məktəb bazarlığı dövrünə salırdıq. Çünki o dövrdə qazancımız yaxşı olurdu, planlarımızı gerçəkləşdirə bilirdik. Mağazaların çoxu da elə bizdən mal alırdı. İndi iri ticarət mərkəzləri bağlıdır, kiçik mağazalar da alternativ variant olmadığından qiymətləri istədikləri kimi artırırlar. Həm də uzun müddətdir xaricdən mal gətirilmir, mağazalar bağlı qalsa da, icarə haqqı ödənib. Bütün bunlar qiymət artımına səbəb olmalıdır”.
İqtisadçı: “Tələbat yüksək olduğu üçün satıcılar maksimum mənfəət qazanmaq istəyirlər”
İqtisadçı Toğrul Maşallının fikrincə, qiymət artımının bir neçə səbəbi olar bilər: “Birinci əsas səbəb mövsümlə əlaqədardır. Tələbat yüksək olduğu üçün satıcılar maksimum mənfəət qazanmaq istəyirlər. İkinci səbəb isə koronavirus pandemiyası ilə bağlıdır. Məktəb ləvazimatları mağazaları işləməyib, lakin xərcləri olub və o xərcləri kompensasiya etmək üçün indi qiymətləri artırıblar. Yəni məhdudiyyətlər qiymətlərə təsir edib”.
Yaşayış minimumu ilə məktəb xərclərini müqayisə edən Toğrul Maşallı Dövlət Statistika Komitəsinin tərtib etdiyi rəqəmlərin reallığı əks etdirmədiyini vurğulayıb: “Yaşayış minimumu ailədə adambaşına düşən orta xərcdir. Müvafiq olaraq orada uşaqların da minimumu var və ondan bir qədər aşağıdır. Yəni onu da hesablayarkən məktəb ləvazimatları və digər xərclər daxil edilir. Bu rəqəmlər Dövlət Statistika Komitəsinin hesabladığı qiymətlər əsasında müəyyən edilir və o rəqəmlərə inam məsələsi var. Çünki hər ay komitənin saytında qiymətlər indeksinin göstəricilərinə əsasən məbləğlər göstərilir. Onlar da bəzi hallarda reallığı əks etdirmir. Fikrimcə, bu rəqəmlər düzgün deyil”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button