ArxivXəbər lentiXəbərlər

Ermənistan Rusiyanı şantaj etməyə çalışır

Amma işğalçı ölkə kritik anda yenə də Kremlin köməyinə ümid bəsləyir…

Ermənistan ictimai-siyasi fikrində Rusiyaya münasibətdə indiyədək özünü heç vaxt bunca büruzə verməmiş bir məyusluq və etimadsızlıq sindromu yaşanmaqdadır. Rəsmi səviyyədə bu ovqat Kremlin qorxusundan özünü çox qabarıq göstərməsə də, digər səviyyələrdə, mediada, ekspert dairələrində o, aydınca sezilir.
Rusiyaya münasibətdə bədbinlik bir neçə aspektdə bariz şəkildə görünməkdədir. Biri odur ki, ermənilərin Krım məsələsindəki kimi, Dağlıq Qarabağ probleminin həllində də Rusiyanın öz müqəddəratını təyinetmə hüququnu ərazi bütövlüyü prinsipindən üstün tutacağına və ermənilərə daha yaxın mövqe sərgiləyəcəyinə bağlanan ümidlər doğrulmadı. Moskva Qarabağ məsələsində İrəvana yönəlik heç bir ciddi reverans eləmədi və açıq işarə vurdu ki, “bu xəmir o xəmirdən deyil”.
İkincisi, Krım olayları fonunda da Moskva Azərbaycana hərbi texnika satışını dayandırmadı və bununla regionda Ermənistanın maraqlarının ondan ötrü xeyli arxa planda olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu. Ermənilərə yenə öz yağlarında qovrulmaqdan savayı bir nəsnə qalmadı.
Erməni toplumuna üçüncü məyusluq zərbəsi Avrasiya Birliyi məsələsində dəydi. Bəlli oldu ki, Rusiya üçün regionda Azərbaycan gerçəkdən də “müttəfiq” Ermənistandan daha vacib və strateji ölkədir və əslində Azərbaycansız Ermənistan Rusiyaya lazım deyil. Ermənistanın quruma üzvlüyünün ertələnməsini də bir çox təhlilçilər, o sırada erməni ekspertləri haqlı olaraq Azərbaycanın yeni quruma daxil olmaqdan imtinası ilə əlaqələndirdilər.
Maraqlıdır ki, Bakı bu imtina ilə əslində Ermənistanın da geridönməz şəkildə Rusiya boyunduruğuna girməsini müvəqqəti olaraq əngəllədi ki, bu da perspektiv planda rəsmi İrəvanın manevr imkanlarını artıra, Qarabağ məsələsində ona daha müstəqil hərəkət imkanı qazandıra, demək, Qərbin də istəklərinə cavab verə bilər. Bu mənada Azərbaycan bölgədə Rusiya və Qərbdən ötrü həqiqətən açar ölkə olduğunu nümayiş etdirdi ki, erməni analitikləri bunu da etiraf eləməkdədirlər.
Görünən həmçinin odur ki, MDB məkanında gedən son proseslər Ermənistanın təhlükəsizliyini möhkəmlətməyib. Əksinə, Moskva işğalçı ölkə istədiyi şəkildə davranmaq tövrü sərgilədiyindən, erməni tərəfdə xof güclənib ki, Rusiya nə vaxtsa işğalçı ölkəni birtərəfli qaydada bazarlığa çıxara bilər.
Məsələn, “Öz müqəddəratını təyinetmə” birliyinin rəhbəri Paruyr Ayrikyana görə, “Rusiya özünün siyasi maraqları naminə müttəfiqlərini qurban verməyə hər an hazır olduğunu dəfələrlə nümayiş etdirib”. Deməli, günün birində növbənin Ermənistana çatacağı istisna deyil.
Belə bir bədbin ovqatın dominant təşkil eləməsinin təzahürüdür ki, bugünlərdə İrəvan küçələrində keçirilən sorğuda rəyi soruşulanların əksəriyyəti “Ermənistan öz təhlükəsizliyini təmin eləməkdə yalnız özünə güvənməlidir, nəinki strateji müttəfiq hesab edilən Rusiyaya” fikrini səsləndirib. Onların bəzilərinin qənaətincə, Ermənistan Rusiyanın təhlükəsizlik zəmanətinin qarşılığında sonuncuya çox böyük güzəştlər edir.
Əlbəttə ki, iqtisadi sferası da tamamən Rusiyanın nəzarətində olan, iş qabiliyyətli əhalisinin yarıdan çoxu məhz Rusiyaya köç eləmiş cırtdan ölkənin Azərbaycan və Türkiyənin əhatəsində öz təhlükəsizliyini təkbaşına necə təmin edəcəyi, üstəlik, Azərbaycan torpaqlarını necə nəzarətdə saxlamaqda davam edəcəyi çox maraqlıdır. Daha doğrusu, irrealdır. Bunu kim başa düşməsə də erməni siyasi isteblişmenti gözəl anlayır. Odur ki, giley-güzarla yanaşı, ümidlər yenə də Moskvaya ünvanlıdır.
Təhlükəsizlik dilemmasının diktə elədiyi belə təzadlı ovqat, Ermənistan prezidenti Serj Sərkisyanın Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Argentinanın “La Nacion” nəşrinə verdiyi müsahibədən də aydınca göründü. Qarabağ zonasında yeni müharibəni istisna eləməyən düşmən ölkənin başçısı strateji müttəfiqi Rusiyanın bostanına daş ataraq dedi: “Bizim xalqımız belə bir faktdan çox üzülür ki, strateji müttəfiqimiz Azərbaycana silah satır. Ancaq baxmayaraq ki, Rusiya Bakıya silahlar və hərbi texnika satır, şübhə eləmirəm ki, bizim çətin dəqiqələrimizdə Moskva öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək”.
Yəni ermənilər həm məyusdular, öz daxillərində narazı şəkildə qımıldanırlar, həm də yalnız Rusiyaya bel bağlamaqdan başqa yollarının qalmadığını etiraf edirlər. Halbuki Rusiyanın Ermənistanla quru sərhədi yoxdur. Hətta bu da önəmli deyil. Odur ki, dünya okeanına çıxışı olmayan bu balaca ölkə öz milli və dövlət təhlükəsizliyini bölgənin hərbiləşdirilməsi və müharibə riskləri hesabına deyil, qat-qat az məsrəflə və asanca qonşu Türkiyə və Azərbaycanın hesabına da təmin edə, qısa zamanda iqtisadi rifaha qovuşa bilərdi. Bircə şərtlə – işğal siyasətindən imtina edib qonşu ölkələrin ərazi bütövlüyünü tanısın. Buna ki, Rusiya mane olmur./musavat.com/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button