ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Onu şərləməklə bütün ailəmizi məhv elədilər”

Mahir Əzimovun məhkəməsi yekunlaşdı

Son dövrlərdə narkotik ittihamıyla həbs olunan dini inanclı fəallardan daha birinə – Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimova hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 4 il azadlıqdan məhrum edilib.
Mahir Əzimov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunurdu. İddia olunur ki, o, Suraxanı rayonu, 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən cibindən 7 qrama yaxın narkotik tapılıb.
Məhkəmə bu ittihamı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsinə tövsif edib.
Mahir Əzimov isə bildirir ki. o, ümumiyyətlə, təqsirsizdir. Çünki üstündə  narkotik maddə olmayıb. Cibindən tapıldığı iddia olunan narkotiki isə ora polislərin özüləri ataraq onu şərləyiblər. Dini inanclı fəalın sözlərinə görə, şərlənərək həbs olunmasının səbəbi Müsəlman Birliyi Hərəkatının üzvü olması, “Facebook” hesabında tənqidi paylaşımlarıdır.
Məhkəmədə vəkili Zibeydə Sadıqova deyib ki, Mahir Əzimova qarşı ittiham sübuta yetirilməyib. Müdafiəçi bildirib ki, müvəkkili Suraxan Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb. Mahir Əzimov öncə 33-cü polis bölməsinə gətirilib, onun saxlanma səbəbi isə heç də narkotik olmayıb.
Zibeydə Sadıqova əlavə edib ki, polis idarəsindəki işgəncələrlə əlaqədar prokurorluğa şikayət olunsa da, effektli araşdırma aparılmadan şikayət rədd edilib.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxs haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Lakin hakimlər kollegiyası qısa müşavirədən sonra onun barəsində 4 illik hökmü elan ediblər.
Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək:
 “Bu hökm əsassızdır. Hakim yalnız cəza hissəsini elan etdi deyə, bizə məlum olmadı ki, gəldiyi nəticəni necə əsaslandırır. Onu hökmü alanda biləcəyik. Amma heç bir əsaslandırma ola bilməz. Çünki məhkəmənin gedişində əksinə, Mahir Əzimovun təqsirsiz olması sübut olundu. Ortada ekspertiza rəyi də var ki, bu adam markomaniyadan əziyyət çəkmir. Satış məqsədilə də deyil. O zaman bu narkotik onun nəyinə lazım idi?”
Mahir Əzimovun məhkəməsi getdiyi dövrdə – iyunun 3-də onun oğlu, 16 yaşlı Məhəmməd Əzimov dənizdə boğularaq ölüb. Bununla əlaqədar vəkil Zibeydə Sadıqova Penitensiar Xidmətin rəhbərliyinə müraciət edərək, Mahir Əzimovun oğlunun dəfnində iştirakına icazə verilməsini xahiş etmişdi. Müraciət təmin olunmuş və o, 3 günlük yas mərasiminə buraxılmışdı.
Həyat yoldaşı Yeganə Əzimova düşünür ki, həyat yoldaşı həbs olunmasaydı, bəlkə də oğlu nəzarətsiz qalıb ölməzdi. Onun sözlərinə görə, evin maddi yükü həyat yoldaşının üzərində idi. O, meyvə-tərəvəz satışıyla ailəni dolandırırdı:
 “Onu şərləyib həbs eləyəndən sonra bu yük mənim çiynimdə qaldı, uşaqlara nəzarət eləyə bilmədim. Onu şərləyib həbs eləməklə ailəmizi məhv elədilər. Bir ildir Mahir həbsdədir, uşaq elə oldu. Bununla da ürəkləri soyumayıb,4 il verdilər…”.
Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü hazırda həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button