ArxivNardaranXəbər lentiXəbərlər

Elçin Qasımov: Bizi Nardarana buraxmırlar

Həbsdə olan ictimai-siyasi fəalların, o cümlədən bir sıra inanclı məhbusların səhhətində ciddi problemlər var. “Siyasi məhbuslara qarşı repressiya və işgəncələr” mövzusunda tədbirdə çıxış edənlər bu barədə danışıb.
qafqaz.az”Müsəlman Birliyi” Hərəkatının sədr müavini, Nardaran hadisələri öncəsi həbs edilən və bu il martın 16-da əfv sərəncamıyla azadlığa çıxan Elçin Qasımov bildirib ki, inanclı məhbuslar arasında ciddi xəstəliyi olan xeyli adamlar var. Buna baxmayaraq, onların əhval-ruhiyyələri yüksəkdir.
Özü də daxil olmaqla, günahsız həbs olunanların hüquqlarını müdafiə edən hər kəsə minnətdarlıq edən ilahiyyatçı deyir ki, günahsız adamlara ağır işgəncələr, uzunmüddətli cəzalar verilib. E.Qasımov özünün də məruz qaldığı işgəncələr barədə danışmaq istəməyib. Amma bildirib ki, insanlara verilən zülmlər bu ölkədə haqqı müdafiə edən insanları birləşdirdi: “Bu gün zülm və zalım aydın görünür. Nardaran kimi köklü bir qəsəbə, tarixi adət-ənənələri olan yer belə həbsdədir, dörd tərəfi blokadaya alınıb. Nardaran təkcə dinlə tanınmayıb, həm də muğam beşiyidir. Oradan çoxsaylı ziyalılar çıxıb. Bizim şəkillərimizi postlara vurublar, Nardarana buraxmırlar. Bunlar istənilən halda, millətin, dövlətin xeyrinə olmayan addımlardır”.
“Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov
Nardaran hadisələri vaxtı həbs olunanların müdafiəsinə yönəlik yazılarına görə 3 il 3 ay həbsdə saxlandıqdan sonra bu ilin martın 17-də əfv sərəncamıyla azadlığa çıxan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, zülmə susmayan din adamları bu hakimiyyəti qane etmir: “Bunlara yaltaq, nəzir qutusundan o yana getməyən din adamları lazımdır. Əvvəllər repressiyalara nümunə kimi, ötən əsrin 30-cu illərində baş verənləri deyirdik. Amma İlham Əliyevin hakimiyyətin dövründə elə zülmlər yaşandı ki, 37-ci il yaddan çıxdı. Nardaranda, Gəncədə, Tərtərdə tutulanlar və onların ailələrinin başına gətirilənlər 21-ci əsr Azərbaycanında əsl fəlakətdir. Bu ölkədə siyasi mübarizə yoxdur. Haqla nahaq arasında mübarizə var. Qarabağ uğrunda döyüşən insanlar şər-böhtanla cəzalandırılır. Adamlara göstərirlər ki, bizim üçün vətənin dəyəri yoxdur, onun uğrunda döyüşməyə dəyməz”.
“Siyasi məhbuslara qarşı repressiya və işgəncələr” mövzusunda tədbir
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun xanımı Mehparə Səmədova bildirir ki, bir neçə gün əvvəl Qobustan həbsxanasında saxlanılan həyat yoldaşıyla görüşüb. M.Səmədovla söhbətdən məlum olub ki, Qobustan həbsxanasında olan siyasi məhbuslarla sərt, qəddar davranırlar: “Hacıdan öyrəndim ki, orada xüsusən siyasi məhbuslara qarşı kampaniyaya başlayıblar. Onlara təzyiq göstərirlər, çalışırlar nə yolla olursa olsun, onları aşağılasınlar, sındırsınlar. Mövsüm Səmədova əfv ərizəsi yazmaq üçün də təzyiq göstəriblər. Görəndə ki, alınmır, başqa bir məhbusdan bu məqsədlə istifadə etməyə başlayıblar”.
Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli ölkədə yüzlərlə insanın, o cümlədən inanclı şəxslərin törətmədikləei cinayətə görə illərlə həbsdə saxlanması, işgəncəyə məruz qalmasından danışıb: “Paşinyan Qarabağda Yallı gedir, Qarabağ qazisi isə həbsxanada etmədiyi cinayətə görə cəza çəkir. Cinayət yoxdu, cəza var. Cinayət olan yerdə isə özlərini karlığa, korluğa vurublar. Bu gün Azərbaycanda irticadan xilas olmaq mübarizəsi gedir. Zindanda günahsız, əziyyət çəkən yüzlərlə insanımız var”.
Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri Növrəstə İbrahimova çıxışında bir sıra hallarda həbs olunan ictimai-siyasi fəalların qorxması, məsələni ictimailəşdirməkdən çəkinməsinə diqqət yetirib: “Gəncə hadisələrinə görə həbs olunanların yaxınlarıyla görüşdüm. O qədər qorxur, sıxılırlar ki, bizimlə şəkillərdə düşmək istəmirlər. Qorxurlar ki, buna görə ailələrinin başqa bir kişi üzvünü də həbs edərlər. Acınacaqlı haldır. Bu ölkədə bəzən elə hərəkətlərə yol verirlər, Yezidin elədiklərindəm betər olur”.
Yazıçı Zümrüd Yağmur
Yazıçı Zümrüd Yağmur da çıxışında yaxınları günahsız həbs olunan qadınlara müraciət edib: “Bu gün oğlu həbs olunan ana bunu açıq şəkildə dilə gətirməkdən çəkinməməlidir. Azərbaycan qadını anlamalıdır ki, bu gün sənin həyat yoldaşın, oğlun haqq-ədalət uğrunda mübarizəsinə görə həbsxanaya düşübsə, bu, faciə deyil. Bu hakimiyyəti bəsləyən insanlardakı qorxudur”.
Z.Yağmur səhhətində problemlər olan inanclı məhbuslardan da danışıb. Bildirib ki, 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatı zamanı həbs olunanlardan Cabbar Cabbarov qara ciyər serrozundan əziyyət çəkir, Şamil Abduləliyevin ayağındakı iki güllə dördüncü ildir çıxarılmadığına görə gəzə bilmir: “Ayağında qısalma gedib, şiddətli ağrıları var, ayağını,məsələn, stulun üstünə əli ilə götürüb qoyur: “Digər Nardaran məhbuslarından Sahil Rzalının, Fərhad Mirzənin də səhhətində ciddi problemlər var”.
Daxili İşlər Nazirliyi və Penitensiar Xidmət saxlanılan şəxslərə, məhbuslara işgəncə verilməsi, tibbi yardım göstərilməməsi haqda deyilənləri təkzib edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button