ArxivIslamXəbər lentiXəbərlər

Dünya Qüdsün müdafiəsinə qalxdı – RƏSMİ AÇIQLAMALAR

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımaq və Amerika səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək planına dünyadan etirazlar səsləndirilir.

Başda İslam dünyası olmaqla bir çox beynəlxalq təşkilat və ölkə bu təşəbbüsə qarşı çıxaraq, Trampa bu istiqamətdə veriləcək qərarın Fələstin və bölgəni böyük qarşıdurma spiralına salacağı xəbərdarlığını edib.

Müsəlmanların ilk qibləsi olan və xristianlar ilə yəhudilər tərəfindən də müqəddəs sayılan Qüdslə bağlı Trampın təhlükəli planına qarşı çıxan beynəlxalq təşkilatlar arasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Ərəb Birliyi və Avropa Birliyi (AB) də var.

Trumpın Qüds planına bu ana qədər heç bir ölkə dəstək verməyib.

Ərdoğan: Qüds müsəlmanların “qırmızı xətt”idir

Sözügedən təşəbbüsə ən sərt təpki göstərən ölkələrdən biri Türkiyə oldu.

Türkiyə örezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsün müsəlmanların “qırmızı xətt”i olduğunu bildirərək, “İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri kimi bu məsələnin sonuna qədər gedəcəyik. Əgər belə bir addım atılacaqsa, dərhal, beş, on gün içərisində İslam Əməkdaşlıq Təşkilatı Liderlər Şurasını İstanbulda toplayacağıq. Bu, bizim diplomatik əlaqələrimizi İsrail ilə də pozulmasına qədər gedə bilər”, – deyib.

ABŞ-a bölgədəki problemləri daha da dərinləşdirəcək belə bir addım atmaması barədə bir daha xəbərdarlıq etdiyini söyləyən Ərdoğan, “belə bir şey ola bilməz. Belə bir addım ata bilməzsiniz. Çünki artıq dünya bütövdür. Bu bütövlük içərisində, “mən istədiyim kimi hərəkət edirəm”, – deyib, hərəkət edəcəyiniz təqdirdə, bu bölgədə baş verəcək çətinlikləri qulaqardına vura bilməzsiniz”, – söyləyib.

Ruhanidən Amerika səfriliyinin Qüdsə köçürülməsinə sərt reaksiya

İran İslam Respublikasının prezidenti Həsən Ruhani də ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə etiraz edərək, bütün müsəlman dövlətlərini bu məsləyə biganə qalmamağa çağırıb: “Mən ümid edirəm ki, müsəlmanlar bu işin baş tutmasına icazə verməyəcək. Yaxın Şərqdə bəzi ölkələr utanmaz şəkildə İsraillə gizli əlaqə qurmağa çalışırlar. Amerika rəhbərliyinin bu addımı atması, başda Türkiyə olmaqla bir çox müsəlman ölkəsinin etirazına səbəb olacaq.”

Fransa: ABŞ-ın planı narahatlıq verir

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ABŞ-ın birtərəfli şəkildə Qüdsü İsrailin paytaxtı kimi tanıması ehtimalı narahatlıq yaradır.

ABŞ prezidenti Donald Trampla telefon danışığı apararaq bu narahatlığını çatdıran prezident Makron, Qüdsün statusuna dair qərarın Fələstin və İsrail arasında aparılacaq sülh danışıqlarında müzakirə edilməsi lazım olduğu vurğulayıb.

Mərakeş kralından Trampa mesaj

Mərakeş kralı VI Məhəmməd də Trampa mesaj göndərərək Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı barədə iddialardan narahat olduğunu deyib.

VI Məhəmməd mesajda, “Ərəb və İslam ölkələrinin xalqları ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq niyyətindən böyük narahatlıq keçirir”, – deyə bildirir.

Mərakeş Xarici İşlər Nazirliyindən verilən açılamada da ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq cəhdinin regionda təhlükəsizlik və sabitliyi təhdid etdiyi xəbərdarlığı səsləndirilib.

İraq: Nəticəsi pis olacaq

İraq baş naziri Heydər Əl-İbadi ABŞ səfirliyinin Qüdsə daşınmasını qəbul etmədiklərini bildirib.

İbadi də ABŞ səfirliyinin Qüdsə köçürülməsi vəziyyətində pis nəticələr doğura biləcəyi xəbərdarlığını edib.

İordaniya: Təhlükəlidir

ABŞ prezidenti Donald Trampla telefonda danışan İordaniya kralı Abdullah paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasını təmin edəcək əhatəli həll planından başqa hər hansı bir qərarın qəbul edilməsinin təhlükələri barədə xəbərdarlıq edərək, Qüdsün regiondakı və dünyadakı sülh və sabitliyin açarı olduğunu vurğulayıb.

Belə bir qərarın Yaxın Şərqin təhlükəsizlik və sabitlik üzərində təhlükəli nəticələr yaradacağına diqqət çəkən kral Abdullah, bu vəziyyətin müsəlmanlar və xristianların duyğularını təhrik edəcəyini və ABŞ rəhbərliyinin sülh prosesini davam etdirmək səylərini zəiflədəcəyi bildirib.

Tunis: Qüdsün hüquqi və tarixi mövqeyi qorunmalıdır

Tunis də Qüdsün hüquqi və tarixi mövqeyinin mühafizə edilməsinin zəruri olduğunu bildirib.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Tunis XİN rəhbəri Əl-Cihinavinin İordaniyanın XİN rəhbəri Əymən Əs-Safedi ilə telefon danışığı apardığı deyilir. XİN rəhbərləri də Qüdsün hüquqi və tarixi mövqeyinin qorunmasının zəruri olduğunu vurğulayıblar.

Avropa Birliyi də etiraz etdi

Avropa Birliyindən bildiriblər ki, “AB Qüdsün statusunda dəyişikliyə səbəb olacaq hər hansı bir qərar və ya fərdi aktın ciddi nəticələri olacağını düşünür. Belə bir qərar, dünya miqyasında ictimaiyyətdə əks-səda doğura bilər”.

İsrail və Fələstin arasındakı sülh prosesinə diqqət ayrılması çağırışı edilən açıqlamada, ABŞ rəhbərliyinin Qüdsü İsrailin paytaxtı olaraq tanıması halında, sülh prosesinə mənfi təsir göstərəcəyi xəbərdarlığı edilib.

Ərəb Birliyi fövqəladə toplaşdı

Ərəb Birliyi Fələstin prezidenti Mahmud Abbasın çağırışı ilə Qüdsü müzakirə etmək üçün fövqəladə iclas keçirib. Birliyin baş katibi Əhməd Əbu Qayt təşkilatın daimi nümayəndələr səviyyəsindəki çıxışında, Qüdsün gələcəyi ilə oynanmaması xəbərdarlığını edib.

Qayt, “Qüdsün gələcəyi ilə oynamaq şəhərin bütün ərəb xalqının könlündəki yerinə görə regionda ekstremizm, qarşıdurma, nifrət və düşmənçilik hisslərini alovlandıracaq, sülh danışıqlarının gələcəyinə təsir göstərəcək”, – deyib.

Ərəb Parlament İttifaqından verilən açıqlamada da ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və ya ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürülməsi istiqamətindəki cəhdlərinin əsassız və qanunsuz olduğu vurğulanıb.

Sudan Alimlər Birliyinin sədri Məhəmməd Osman Saleh isə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmək planını Fələstin və müsəlmanların hüquqlarına açıq təcavüz kimi dəyərləndirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button