ArxivMüsahibəQarabağXəbər lentiXəbərlər

AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏ ERMƏNİLƏRLƏ HEÇ BİR ƏMƏKDAŞLIĞIMIZ OLMAYIB…

Cavad Cahangirzadə: “Bugünkü dünya nizamı siyasi cəhətdən zülm üzərində qurulub”

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə dünyada və regionumuzda baş verənlər, ölkələrimiz arasındakı münasibətlər və digər mövzularla bağlı “AzPolitika.info”-ya müsahibə verib. Səfirlə müsahibəni təqdim edirik:

– Cənab səfir, Sizcə dünyada nə baş verir? Bir çox ekspertlər israrla qeyd edirlər ki, dünyanın nizamı dəyişir. Necə düşünürsünüz, dünyanın nizamı dəyişir, yoxsa onu dəyişirlər?

– Biz istəsək də, istəməsək də dünyanın nizamı daim dəyişir. Hazırkı dövr insanlarının baxışı və yanaşması keçən əsr insanlarının baxışı və yanaşmasından fərqlənir. Sizin soruşduğunuz məsələ ekspertlərin nəzərində layihə və proses dəyişiklikləri kimi tanınır. Bəziləri məsələyə yalnız layihə cəhətdən baxırlar, yəni bu dəyişikliklər müəyyən insanlar tərəfindən layihələndirilir və icra olunur. Başqaları isə düşünürlər ki, bəşəriyyət özü istəmədən dəyişikliklərə gedir.

Bu dəyişikliklərdə insanın iradəsini gözardı edə bilmərik, eyni zamanda, bütün bunların insan tərəfindən edildiyini də deyə bilmərik.

Biz hal-hazırda dünya nizamında bizim iradəmizdən kənar fenomenlərlə üz-üzəyik. Bir çox təbii bəlalar və faciələr bizim nəzarətimizdən kənardır. Doğrudur, bugünkü dünya nizamı siyasi cəhətdən zülm üzərində qurulub. Dünyanın supergücləri zəif ölkələrin sərvətlərini qarət etməkdədirlər. Qərb ölkələri müsəlmanlar və İslam ölkələri arasında nifaq salmaqla bu ölkələri öz silahlarının satış bazarına çeviriblər, eyni zamanda onların neftini sudan da ucuz qiymətə alırlar. Bu gün ABŞ-da baş verənlər göstərir ki, Amerika əhalisinin çox hissəsi hakim sistemdən razı deyil və bu siyasi sistemdə dəyişiklik edilməsini istəyirlər. Zənnimcə, bu dəyişikliklər nəticəsində ümumilikdə xalqın rəyi hakim olacaq.

– Koronavirus epidemiyası ilə bağlı sizə dost və düşmən olan ölkələr bir-birini günahlandırır. ABŞ deyir ki, bu, Çinin, ÇXR isə deyir ki, Amerikanın işidir… Hətta, İran rəsmiləri də bu virusun yayılmasında ABŞ-ın əli olduğunu demişdi… Sizcə, bu virus təbii yolla üzə çıxıb, yoxsa o, doğrudan da süni şəkildə hazırlanmış bir virusdur? Bu sualı sizə ona görə verirəm ki, ilk günlər pandemiyadan daha çox əziyyət çəkənlərdən biri də İran oldu…

– Məncə bu virusun təbii olaraq yayıldığı və ya süni şəkildə yaradıldığı barədə qəti bir hökm vermək hələ tezdir. Çin və ABŞ qarşılıqlı olaraq bir-birini bu virusu yaratmaqda ittiham edirlər. Lakin məsələnin faciəvi tərəfi budur ki, indiyə kimi artıq dünyada 400 min nəfərədək insan bu virusun qurbanı olub. Heç şübhəsiz, gələcək tarix bu suala cavab tapacaq və bu virusun haradan qaynaqlandığı məlum olacaq. Lakin bu xəstəlik nəticəsində həyatlarını itirənlər bir daha öz yaxınlarının yanına dönməyəcəklər. Bu, bütün bəşəriyyəti əhatə edən bir bəladır, bütün ölkələr və xalqlar onunla daha effektli mübarizə aparmaq üçün əl-ələ verməli və bəşəriyyəti bu bəladan xilas etməlidirlər.

– Pandemiya İran iqtisadiyyatına nə qədər ziyan vurdu və hazırda yoluxanlar, sağalanlar, dünyasını dəyişənlərin sayı nə qədərdir?

– Şübhəsiz ki, bütün dünyada koronavirusun ilk yan təsiri iqtisadiyyata dəyən zərbədir və bu, həm dövlətlərə, həm də insanların həyatına birbaşa təsir etdi. Biz də həm hökumət tərəfindən maliyyələşdirilən proqramlar, həm də ölkə əhalisinin geniş humanitar yardımı hesabına sadə insanların dolanışıq baxımından daha az ziyan görməsinə çalışdıq.

Son statistikaya əsasən indiyədək ölkəmizdə təqribən 167 min nəfər bu virusa yoluxub. Təəssüf ki, onlardan 8200 nəfər bu virus səbəbindən həyatını itirib. Müsbət və ümidverici hal budur ki, virusa yolunxanlardan 129 min nəfər müalicə olunaraq sağalıb. Bu hal göstərir ki, İran İslam Respublikası güclü tibbi və müalicə infrastrukturu ilə virusla mübarizədə uğur əldə edib və xoşbəxtlikdən həyatını itirənlərin sayı günbəgün azalmaqdadır.

– Sizdən eşitmək istəyirik, ölkəniz hazırda normal həyata qayıdıbmı, yoxsa, İran da digər ölkələr kimi karantin qaydalarını yavaş-yavaş yüngülləşdirməklə yeni həyata başlayır?

– Bu virusa yoluxma prosesi və həcmi hələ də narahatedici səviyyədədir. Bu şəraitdə normal vəziyyətə qayıtmaq üçün bir qədər nikbin olmaq təbiidir. Amma realist olmalıyıq. Xoşbəxtlikdən İran xalqı səhiyyə orqanlarının tətbiq etdiyi tələb və məhdudiyyətlərə yaxşı riayət etdi. Hal-hazırda ticarət mərkəzləri tədricən açılır. Lakin məktəblər və universitetlər təhsillə bağlı işlərini virtual şəkildə davam etdirirlər.

– Bu günlərdə Məhəmməd Baqir Qalibaf 11-ci çağırış İslami Şura Məclisinin yeni sədri seçilib. Bu, çox böyük maraqla qarşılandı. Briqada komandiri, kəşfiyyatçı, vaxtilə prezidentliyə namizəd olan Qalibafın növbəti seçkilərdə İranın prezidenti seçilə biləcəyi ciddi ehtimal kimi irəli sürülür…

– Cənab Qalibaf İran daxili siyasətində tanınmış simalardan hesab olunur. Son parlament seçkilərindən sonra onun parlamentə rəhbərlik edəcəyi proqnozlaşdırılırdı. Ona Azərbaycan Milli Məclisinin hörmətli spikeri xanım Qafarovanın təbrik məktubu göndərildi. Ümid edirik ki, həm İran, həm də Azərbaycanda iki yeni parlament arasında əməkdaşlıq yaxşı irəliləyəcəkdir. Cənab Qalibaf bir neçə dəfə prezidentliyə namizəd olub və xalq onu yaxşı tanıyır.

Onun gələn il keçiriləcək seçkidə yenidən prezidentliyə namizəd olmasına isə qanunla heç bir maneə yoxdur.

– Cənab səfir, bir müddət əvvəl Azərbaycanla İran arasında böyük iqtisadi layihələr anons edilmiş, birgə müsəssisələrin yaradılacağı bildirilmişdi. Pandemiya dövründə bu kimi məsələlər arxa plana keçdi. Hazırda bu istiqamətdə nə kimi irəliləyişlər var?

– Bəli, İran-Azərbaycan münasibətlərində böyük və əhəmiyyətli layihələr həyata keçirilir. Ölkələr arasındakı sərhədlərin bağlanması və mübadilənin dayanması dünya iqtisadiyyatına ciddi zərbə vurdu və ölkələrin heç biri bu virusun dağıdıcı nəticələrindən sığortalanmış deyil. Şükürlər olsun ki, mal mübadiləsi və tranzit sahəsində Azərbaycanla sərhədlərimiz bağlanmadı və bu mübadilələr hələ də davam edir. Birlikdə işləyən rəsmilər və nazirlər arasında ünsiyyət virtual rabitə vasitəsilə davam etdirilib. Çalışdıq ki, bu vəziyyət iki ölkə arasındakı əməkdaşlıq və layihələrin icrasına ən az dərəcədə mənfi təsir göstərsin.

– Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizi ilə bağlı Bakı-Tehran əməkdaşlığı necə irəliləyir? Yeni təşəbbüslər varmı?

– Bu layihə böyük regional və beynəlxalq əhəmiyyətə malikdir. Xoşbəxtlikdən, iki ölkənin prezidentləri bunun həyata keçirilməsinə xüsusi diqqət yetirirlər. İki ölkənin müvafiq rəsmiləri arasında ikitərəfli danışıqlar aparılır. Koronavirus vəziyyətində bu dialoq və əlaqələr kəsilmədi. Bu layihənin icra prosesi irəliləməkdədir.

– Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi ilə əlaqədar İran ərazisindən Azərbaycanın işğal olunmuş Cəbrayıl, Zəngilan rayonlarına körpülər çəkilməsi cox ciddi müzakirə olundu. Hər iki ölkə bununla bağlı müvafiq izahlar verdilər. Bununla belə, Azərbaycan ictimaiyyətində yenə şübhə və tərəddüdlər qalmaqdadır ki, bu körpülər işğalçı erməni qüvvələri üçün kommunikasiya vasitəsi kimi çıxış edə bilər. Bununla bağlı rəsmi izahlardan əlavə nə deyə bilərsiniz?

– Azərbaycana məxsus ərazilərdə ermənilərlə heç bir birgə əməkdaşlığımız olmayıb və olmayacaq. Səfirliyin bəyanatında deyildiyi və Azərbaycan tərəfinin də etiraf etdiyi kimi, bu körpülər iki ölkə arasında bağlanmış müqavilələr çərçivəsində, Xudafərin və Qız Qalası SES-lə bağlı şəkildə fəaliyyət göstərəcəkdir.

– Ümumiyyətlə, Azərbaycanda çoxları İranın işağlçı erməni separatçılarına gizli dəstək verdiyinə inanır. Düzdür, İran rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir və bu, dəfələrlə vurğulanıb. Necə hesab edirsiniz, Azərbaycan cəmiyyəti niyə İrandan bu qədər şübhələnir? Bu şübhələrin aradan qaldırılması üçün İran tərəfi hansı addımlar ata bilər?

– Azərbaycan cəmiyyətinin İrana niyə bu qədər şübhə ilə yanaşdığını soruşursunuz. Amma düşünürəm yaxşı olar siz soruşasınız ki, niyə bəziləri çalışırlar Azərbaycan cəmiyyətini İrana qarşı pessimist şəkildə kökləsinlər? Azərbaycanlı qardaş və bacılara səmimi şəkildə kömək etmək məqsədilə İmişlidə qaçqınlar üçün yüz min nəfərlik bir düşərgə qurduğumuz ilk günlərdən bəri bizi ermənilərlə işləməkdə ittiham edirdilər. Bu, bir həqiqətdir ki, İranın Azərbaycanın ictimai rəyində sevimli olması bəzi qruplar və siyasi cərəyanlar üçün dözülməzdir. Bu səbəbdən də onlar hər bəhanə və yalanla İranın imicini məhv etmək niyyətindədirlər…

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button