ArxivQadin və hicabXəbər lentiXəbərlər

Hicablı xanımı verlişə buraxmayan AZTV kanalı tanınmış şəxslər tərəfindən qınandı, məzəmmət olunudu

Hicaba görə AZTV-nin efirinə buraxılmayan xanımla bağlı rəsmi və ictimai şəxslər açıqlama verdilər.

Ölkə rəhbəri 2016-cı ili multikultralizm ili elan edib. Qısaca olaraq bildirək ki, Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Yəni multikulturalizm ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Bu sözün hərfi mənasından da göründüyü kimi müxtəlif dinə, məzhəbə, mədəniyyətə malik insanlar Azərbaycanda rahat şəraitdə yaşaya, işləyə və ölkənin konstitusion hüquqlarından istifadə edə bilərlər. Lakin çox təəssüflə qeyd edək ki, bəzi qurumlar dövlətin tapşırıqlarına və elan etdikləri hədəflərə biganə yanaşmağa davam edirlər. Belə ki, rəsmi dininin İslam və əhalisinin 90%-dən çoxu müsəlman olduğu bir ölkədə ölkədə, dövlət büdcəsindən xarici dini obyektlərə milyonlar xərcləndiyi zamanda hicablı gənc xanım dövlət televiziyasında maneə ilə rastlaşır və ona efir qadağası qoyulur. 

Facebook sosial şəbəkəsinin Murad Malik adlı istifadəçisi kifayət qədər böyük istedada və savada malik olan bacısının hicablı olduğuna görə AZTV efirində gənclərlə bağlı yayımlanan “MAG” (Müasir Azərbaycan Gənci) adlı verilişdə iştirakına imkan verilmədiyinə dair özünün şəxsi profilində status paylaşıb . Statusunda gənc bacısının üzləşdiyi problemi açıq şəkildə yayıb. Qısa məzmuna nəzər saldıqda görə bilərik ki, gənc hicablı xanım ictimai fəaldır və mədəni-tarixi irsimizin araşdırılmasında böyük xidmətləri var. Məhz bu xidmətlərinə görə, AZTV efirində gənclərlə bağlı yayımlanan “MAG” verilişinə dəvət alan xanım telekanala gəldikdə “sürprizlə” qarşılaşır. Ona hicablı olduğu üçün efirə buraxılmayacağını bildirirlər. Əhalisi müsəlman, dini İslam olan multikulturalist bir ölkədə gərək bu cür qadağa və maneələr olmaya axı! Məsələnin mənəvi tərəflərinə varmadan ölkə konstitusiyasının bu məsələyə necə yanaşdığını öyrənməyə çalışaq.

İslaminSesi olaraq öncə MTRŞ (Milli Televiziya və Radio Şurası) monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşova müraciət etdik. MTRŞ rəsmisi məsələ ilə bağlı bildirdi ki, ölkə qanunvericiliyində efirlərə hicabla çıxmaqla bağlı heç bir qadağa yoxdur: “Azərbaycan tolerant və multikultural dəyərlərə malik bir ölkədir. Efirlərimizdə insanlara geyimlə bağlı heç bir fərq qoyulmur. Əgər vətəndaş bu cür problemlə üzləşərsə, ona maneə yaradan qurumla bağlı məhkəməyə müraciət edə bilər”.

Sözügedən problemlə əlaqədar AzTV mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova ilə də əlaqə saxlayıb münasibət öyrəndik. Dövlət Televiziyasının sözçüsü bildirdi ki, AZTV efirində hicabla bağlı heç bir qadağa yoxdur: “Sözügedən veriliş “MZ production” məhsuludur. Ona görə də, məsələyə birbaşa olaraq onlar cavabdehlik daşıyırlar. AZTV rəhbərliyi tərəfindən hicabla bağlı heç bir göstəriş verilməyib”

Məsələyə AİP-in sədr müavini, ilahiyyatçı alim Emil Rahiloğlu da münasibət bildirib. İlahiyyatçı qeyd edib ki, bu və bu kimi hallar Azərbaycan televiziyasından gözləniləndir. Onsuz da bundan artıq gözləntimiz yoxdur: “İslam haqqında qanunlar, bizdə yalnız zahirdə inkişafı bildirsə də, əslində onu boğmağa xidmət edir. Bu barədə saatlarla danışmaq, münasibət bildirmək vənümunələr göstərmək olar.

Məsələn 2008-ci ildə Bakı İslam Mədəniyyəti paytaxtı elan ediləndə azan qadağası, məscidlərin sökülməsi qərarı verildi və bir neçə məscidin sökülməsinə də nail oldular.

İndi də multukulturalizim ölkəsi deyilməsinə baxmayaraq hicablı xanımı televiziyaya buraxmırlar. Birincisi hicabdan utanan Allahdan utanır, hicabdan qaçan Allahdan qaçır. İkincisi Azərbaycan prezidentinin əl basdığı kitabın ümdə qanunlarından biridir hicab. Əgər biz bu münasibəti digər müstəqil telekanallardan görsəydik az da olsa başa düşərdik. Amma AZTV-dən bu münasibətin bəslənməsi bir başa dövlətin və hakimiyyətin hicaba və dinə olan münasibətini sərgiləyir. Budur ki, aidiyyatı qurumlardan məsələ ilə bağlı tez bir zamanda münasibət bildirmələri və dərhal qanunauyğun əməl etmələrini tələb edirik. Ola bilsin “tələb” sözü sərt səslənsin. Amma bunu da yaddan çıxarmayaq ki, yuxarı səviyyədə baş verən qanunsuzluğun və özbaşnalığın aradan qalxması üçün xahiş olunmur. Və ya kiminsə vəzifəsini yerinə düzgün şəkildə yetirməsi üçün təşəkkür gözləməsin. Ümidvarıq ki, QMİ və Dini qurumlar bu məsələyə layiqincə diqqət yetirəcəklər”.


İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu isə açıqlaması zamanı bildirdi ki, hicab – dinin vacib buyuruşudur. Onun sərbəst istifadəsi – dini etiqad və vicdan azadlığının tərkib hissəsidir:

“Bu, istər daxili qanunvericilikdə, istərsə də beynəlxalq konvensiyalarda birmənalı şəkildə bəyan olunub. İstənilən formada hicaba qadağa qoymaq cəhdi, qanunların kobud şəkildə pozulması deməkdir.”

“Yeni Nəsil Azərbaycan Jurnalistlər İttifaqının” sədri, media sahəsi üzrə ekspert Arif Əliyev də efirlərdə hicabla bağlı  heç bir qadağanın olmadığını vurğulayıb: “Nə Azərbaycan, nə də ki, dünyanın media qanunvericiliyində geyimlə bağlı hər hansı bir norma yoxdur. Hicabla efirə çıxmağın heç bir qadağası yoxdur. Bu cür addım yalnız ümumi şəxslərin düşüncəsizliyidir. Vətəndaş bu cür halla rastlaşarsa Milli Televiziya və Radio Şurasına, ya da məhkəməyə müraciət edə bilər. Çünki bu addım insanın hüququnun və ifadə azadlığının məhdudlaşdırılmasıdır. Hicab qanunla məhdudlaşmayan özünü ifadə formasıdır. Ona görə də hicabın qadağan edilməsi insan hüquqlarının məhdudlaşdırılması kimi dəyərləndirilir. Vətəndaş isə bu halda məhkəmə vasitəsi ilə öz hüquqlarını bərpa edə bilər”. 

Qalmaqallı məsələnin yaranmasında birbaşa günahkar olan və “MAG” verlişini ərsəyə gətirən “MZ production” ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs veriliş əməkdaşlarının işdə olmadığını və az sonra əlaqə saxlamağımızı bildirdi. Üstündən bir neçə saat keçdikdən sonra təkrar dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq zənglərimizə cavab verən olmadı. Məsələ ilə bağlı “MZ production” mövqeyini dərc etməyə hazırıq.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button