ArxivXəbər lentiXəbərlər

Dərmanların bahalaşmasının miqyası göstərilmir

“Elə dərman var ki, hətta 2-3 dəfə qiyməti artırılıb”

İyulun 14-də Tarif Şurasının qərarı ilə benzin bahalaşdı. Elə həmin gün dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı şuranın qərarı açıqlandı. Amma benzinin fonunda bu qərar kölgədə qaldı, diqqət çəkmədi. Şuranın rəsmi açıqlamasında qeyd olunurdu ki, indiyədək 10 min 385 dərmanın qiyməti tənzimlənib. Şuranın rəsmi səhifəsində yer alan cədvəldə qiyməti tənzimlənmiş dərmanların siyahısı verilib. İndiyədək verilmiş cədvəllərdə dərmanın əvvəlki qiyməti, tənzimlənmədən sonra təyin edilən məbləğ göstərilirdi. İndi isə müqayisəli cədvəl verilməyib, bahalaşmanın miqyası göstərilməyib.

Aptek sahiblərinin sözlərinə görə, bahalaşma elə sürətlə gedir ki, qiymətlərin nə qədər artdığını müəyyənləşdirməkdə çətinlik çəkirlər.

“Sonuncu dəfə mayın 24-də bahalaşma olmuşdu. Ondan əvvəl isə ötən ilin noyabrında qiymət dəyişmişdi. Budəfəki qərarın hansı dərmanlara şamil olunduğunu mərhələlərlə öyrənirik. Halbuk qiymət dəyişən kimi dərhal məlumat alırıq”,-aptek sahibi Zaman Quliyev deyir.

Başqa bir əczaçı isə deyir ki, son 1 ildə dərmanlar orta hesabla 50 faiz bahalaşıb. Amma elə dərman var ki, hətta 2-3 dəfə qiyməti artırılıb.

“Xroniki ürək çatışmazlığı olan xəstələrə təyin edilən “Yuperio” həblərinin qiyməti artıb. “Uviromed” dərmanı 122 manat 23 qəpik olub. Həmçinin Valvir 48 manat 88 qəpiyə satılır. Promedol-ZN 185 manatdan 203 manata qalxıb. “Ftorokort”, “Traneksam”ın da qiyməti dəyişib. Bütün bu dərmanların qiyməti 2-5 manatarası bahalaşıb ”, -aptek satıcısı son qərarla qiyməti dəyişmiş dərmanların adını açıqlayır.

Tibbi Klinik Xəstəxananın qarşısındakı “Zeytun” aptekindən dərman istəyən alıcı öyrənir ki, “Voltaren” mazı 3 manat bahalaşıb.

“Gündəlik saılan dərmanlardan ağrıkəsicilər cüzi bahalaşıb, amma beyin xəstəlikləri, qanartırıcı iynələr, hepatit və xərçəngin müalicəsində istifadə edilən dərmanlar 50 faizədək bahalaşıb. Xüsusilə də ginekoloji şamların qiyməti qalxıb”, -satıcılardan biri deyir.

““Karipain” mazının qiyməti 21 manat olub, əvvəl 10-12 manata alırdım”,-alıcı gileylənir.

“Zəfəran” aptekinin satıcısı isə deyir ki, son günlər “Rimanol” tozu yoxa çıxıb. Qiməti bahalaşandan sonra tapmaq müşkülə çevrilib. Əvvəl 2-3 manata satılan əvəzləyicilər indi 8-10 manata olub.

“Dərmanların bahalaşması keyfiyyətə də təsir edib. Nisbətən ucuz satılan əvəzləyicilər ya istənilən effekti vermir, ya da xəstəliyin ağırlaşmasına səbəb olur” – bunu isə Meydan TV-yə adının açıqlanmasından çəkinən həkimlərdən biri deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyir ki, son vaxtlar dərmanların keyfiyyətindən şikayətlər artıb: “Dərmanların keyfiyyətindən yenə şikayət var, əhalini ehtiyatlı olmağa çağırıram”.

Təşkilat rəhbəri bildirir ki, qida əlavələrini də dərman adıyla satırlar:

“Bir şikayətçi yazıb ki, 32.85 manat ödəyərək “Depomin effervescent” alıb. Dərmanı içəndən sonra mədəsində narahatlıqlar hiss edib. Təcili tibbi yardım çağırmağa məcbur olub, 4 gün ərzində yemək yeyə bilməyib. Dərmanın qutusuna ştrix kod yapışdırılmayıb, 997 prefiksi heç bir ölkəni əks etdirmir. Sonra dərmanın içlik vərəqi yalnız Azərbaycan dilindədir. Dərman rəsmi qeydiyyatdan keçməyib”.

Eyyub Hüseynov dərmanlardan gələn şikayətlərin Səhiyyə Nazirliyinə ünvanlandığını deyib.

Səhiyyə Nazirliyinin “qaynar xətt” xidmətindən isə bildiriblər ki, qiymət tənzimlənməsinə qarışmırlar, bu, yalnız Tarif Şurasının səlahiyyətindədir. Dərmanların keyfiyyətinə gəldikdə isə daxil olan şikayətlər nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırılır. İstənilən vətəndaş dərmanı təqdim edərək yoxlatdıra bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button