ArxivXəbər lentiXəbərlər

Nurçuların Azərbaycan şəbəkəsinin gizlinləri – KEÇMİŞ NURÇU DANIŞIR.

“Sonuncu nurçu həbslərindən və Fətullahçı icmaya məxsus “Araz” kursları bağlandıqdan sonra bölgələrdəki abituriyent hazırlıq mərkəzləri yeni adlarla fəaliyyət göstərməyə başladı. Həmin hazırlıq kurslarna Gəncədə “Nizami”, Mingəçevirdə “Kür”, Ağdaşda “Aran” adı verildi. Yəni, hər bölgənin simvolik toponim və ya şəxs adları ilə fəaliyyətlərini davam etdirirlər. Üstəlik, ayrı–ayrı bölgələrimizdəki bu icmaya məxsus müəllim kontingenti də “Araz” kursları bağlandıqdan sonra hazırlıq mərkəzlərində repititorluq fəaliyyətlərinə cəlb olundu”.

Bunu hafta.az-a müsahibəsində bir müddət əvvəl nurçu düşərgəsində yaşamış, Qafqaz Universitetinin keçmiş məzunu bildirib.
Əvvəlcə onu deyək ki, müsahibimiz bizimlə söhbətə şərtlə razılaşdı: Adı açıqlanmayacaq, fotosu yayımlanmayacaq. Müsahibimiz bunun üçün bir neçə arqument də gətirdi. Bildirdi ki, münasib kirayə ev tapa bilmədiyi üçün tələbə yoldaşları tərəfindən dəvət edilib. Cəmi dörd ay onlarla yaşayıb. Hazırda, özəl müəssisələrin birində satış meneceri kimi fəaliyyət göstərir. Nurçularla heç bir bağlılığı yoxdur. O, həmçinin bu mövzu ilə bağlı mediada görünməsinin, çevrəsi tərəfindən normal qarşılanmayacağını əsas gətirdi. Ona görə də, anonim qalmasını istədi. Biz də onun bu arqumentlərinə hörmətlə yanaşdıq.

– Necə oldu ki, son kursda nurçu evlərində qalmağa razılıq verdin?

– Mən bakalavr pilləsini Sumqayıt Dövlət Universitetində oxumuşam. Magistr təhsilimi isə Qafqaz Universitetində davam etdirməyə qərar verdim. İkinci ilin birinci semestri onlarla qalmışam. Kasıb bir ailənin övladıyam. Yay tətilində qohumlarımın yanına, Rusiyanın Yeles şəhərinə getmişdim. İşləyib pul qazanmaq, təhsil haqqımı ödəyib, gündəlik məsrəflərimi çıxarmaq üçün. Elə oldu ki, sentyabrın 11–i vətənə dönəsi oldum. Özüm Qazax rayonundanam, Bakıda evimiz yoxdur. Ailəmiz də rayonda yaşayır. Mən Bakıya dönəndə artıq kirayə ev tapmaq həm çətin idi, həm də qiymətlər qalxmışdı. Uşaqlara, tələbə yoldaşlarıma dedim ki, ev tapmaqda çətinlik çəkirəm, münasib ev olsa, xəbər edin. Artıq dərslərin başlamasına 2-3 gün qalmışdı. Biri dedi, qiymətlər sənə görə deyil, o biri söylədi ki, bizim ev iki nəfərlikdir, iki nəfər qalırıq. Əlacsız halda idim. Sentyabrın 14-ü səhər qrup yoldaşım zəng vurdu ki, gəl, bizdə yer var. Birinci ay da pul vermə, özümüz vermişik. Dedim, nə yaxşı oldu, sevindim. Çantalarım çox, yüküm ağır idi. Lazım olan kitabları götürmüşdüm özümlə. İki–üç nəfər də gəldi kömək üçün. Gedib “Gənclik” metrosunun yanında onların kirayələdiyi evə yerləşdim. Çox səliqəli ev idi. Aylıq qiyməti də 700-800 manat olardı. Öz–özümə dedim ki, çox yaxşı evdir. 5 otağı var, 5 nəfər qalır. Adama bir otaq düşür. Soyuducu da ağzına qədər ərzaqla doludur. Bir sözlə, lüks bir həyat… Çox sevincli idim, bu göydən düşmə olmuşdu. Özü də cəmi 80 manat verəcəkdim. Razılaşdım.

– Sonra nə baş verdi?

– Üç-dörd gün heç nə… Dəyib-dolaşmadılar. Sonra dedilər ki, gəl bir videoya baxaq. Onlar bunun adına “Bam teli” deyirlər. Gördüm bir keçəlbaş, başına bir təsərək (təkkə-T.T) qoymuş kişi danışır. Gah əsəbləşir, gah ağlayır. Məni də gülmək tutub. Gördüm, tərs-tərs mənə baxırlar. O, evdə qalana qədər də sadəcə nurçuların adını eşitmişdim. İndi isə onların içində olmağımdan xəbərsizdim. Videonu yarıda saxlayıb dedilər ki, bu “hoca əfəndidir”. Fətullah Gülən camaatı onu bu cür çağırır. Telefonda danışarkən, onun haqqında bəhs edərkən kod adı olaraq “hoca əfəndi” işlədirlər. “Mömünlərin ən mübarəklərindəndir. İslamın yaşadığımız zamanda ağırlığını bu şəxs çəkir” dedilər. Sonrakı günlər evimizə başqa-başqa adamlar, cavan şəxslər gəlməyə başladı.

– Bunlar kim idi?

– Nurçu sisteminin füqurları. Bir-birindən vəzifəcə böyük adamlar. Toplanıb, müzakirələr aparırlar.

– Nə sistem? Sistemləri haqqında geniş bilginiz varmı?

– Bir az… çox deyil. Cəmi dörd ay qalmışam, yeni olduğum üçün çox sirlərini mənə açmırdılar. Güvən məsələsinə görə. Sistemləri belə idi: ev camaatı, onun rəhbəri “abi”dir. O, özündən yuxarıda dayananların tapşırıqlarını yerinə yetirir, hesabat verir və ev əhlinə əmrlər verir. Ondan bir pillə böyük şəxsi “səmtçi” adlandırırlar. “Səmtçi” bir neçə evin və həmin evlərin “abi”sinin böyüyüdür. Səmtçidən də böyük “bölgəçi” var. O, “səmtçilər”i toplayıb müzakirə keçirir. “Səmtçilər” də ev məsullarının həftəlik və ya aylıq hesabatalrına baxırlar. Bir də “ölkəçi” adlanan birisi olur. Həmin adam ya şirkət, ya da ki, bir mərkəzin rəhbəri olmalıdır. Yəni, Türkiyədən buraya gəlmiş şirkətin müdirindən təyin olunur. Bütün bu qol-budaqlar öz aralarındakı müzakirələri “istişarə” adlandırırlar.

– Bayaq dediniz ki, Fətullah Gülənin adını nurçu camaat “hoca əfəndi” deyə çəkirlər. Daha hansı şəxslərin və yaxud əşyaların “kod” adları var?

– Bunu nurçu camaatı etmir. Nurçular bunların ümumi adıdır. Mən fətullahçılarla qalmışam. Yəni, Fətullah Gülən camaatı ilə. Bunlar da öz aralarında bir neçə qola bölünür. Sunqur camaatı, Süleymaniyyə camaatı, Fətullahçılar, oxuyucular və s. Məsələn, Səid Nursi bunların ideoloqudur. Onun kod adı “ustad”dır. Səid Nursinin kitabını gətirin deyəndə? “Ustadın balını gətirin” deyirlər. Dini, qadağan olunmuş kitabın kod adına “bal” deyirlər. İndi çoxlarını unutmuşam. Yanımda çox az danışırdılar deyə çox şeydən xəbərsiz idim. Hətta bu kod adı ilə bağlı gülməli xatirə də yadıma düşdü.


– Danışın…

– Zərdabdan bir oğlan var idi. Saf uşaqdı. Amma öz dünyasında “avtoritet” idi. Kriminal aləminə meyilli idi. 200 balla gəlib Qafqaza düşmüşdü. Xeyli kəsiri də vardı. O, da təzə idi, namaz öyrətmişdilər, sözlərini bilməsə də, onlarla bərabər camaat namazlarında oturub-qalxırdı. Bir dəfə deyiblər ki, evdə siyirmədə təzə kitablar gəlib, onları başqa “qardaş ev”ə aparmaq lazımdır. “Qardaş ev” də eyni səmtdə yerləşən nurçu evinə deyirlər. Sonra da bu oğlana tapşırıblar, ki, çatdıran kimi bizə üstüörtülü şəkildə məlumat ver. O, da kitabları verəndən sonra “abi”yə zəng edib ki, bəs üç ədəd “limonka”nı və bir ədəd “beşbarmağı”, nəbilim, tutaq ki, iki ədəd də “qumbaranı” aparıb filan adama verdim. Hamı dəli olub. “Abi” telefonu tez söndürüb. Axşam gəlib uşağı təngeh etdilər. Guya bizim bu avtoritet oğlan öz aləmində parolla danışıb (gülür). Abi dedi ki, ayə, sən bizi deyəsən əlli-ayaqlı içəri basdırmaq istəyirsən. Qumbara nədi, limonka nədir?.. Həmin uşağı başqa bölgəyə, başqa evə köçürdülər. Telefon nömrəsini qırıb tulladılar. “Abi” də öz nömrəsini sındırıb tulladı…

– Bəs bu “səmtçilər”, “bölgəçi”lər arasında Azərbaycan vətəndaşları varmı?

– Ev məhsulları və “səmtçilər” arasında bizimkilər üstünlük təşkil edir. Hamısı Qafqaz Universitetinin tələbəsi deyil. Aralarında başqa yerlərdə oxuyanları da var. Türkiyədən gələnlərin əksəriyyətini kürdlər və boşnak-albanlar təşkil edirlər. Türklər olduqca azdır. “Bölgəçilər” isə əqidəsi daha möhkəm, min bir sınaqdan çıxarılmış adamlardır. Türkiyəlilərdən təyin olunur. Tək-tük hallarda bizimkilər ola bilər.

– Adlarını bildiyiniz ev “abi”ləri varmı heç?

– Adlarını bilsəm də, soyadlarını bilmirəm. Eldar, Musa, Abdurrahman, Aftandil və s.

– Bakının hansı tərəfində çoxdur bu camaatın üzvləri?

– Daha çox mərkəz, pristij və sakit yerlərə üstünlük verirlər. Metrolara yaxın yerdə qalmağı çox xoşlayırlar. Məsələn, “Memar Əcəmi”, “Gənclik” və “Nərimanov” da bunların evləri daha çoxdur. Hamısı da bahalı evlər idi. Hətta aylıq kirayə haqqı 1000 manat olan evlərdə də qalırdılar.

– Bəs “Araz” kursları, liseylər bağlanandan sonra nə baş verdi icma arasında? Siz həmin müddətdə orada qalırdınız yəqin ki?

– Bəli, orada idim. İlk günlərdə çaşqın vəziyyətdə idilər. Gəncə, Şəki və Mingəçevirdə xeyli adam həbs etmişdilər. Çıxış yolunu isə “istişarə” edib tapdılar. “Sonuncu nurçu həbslərindən və Fətullahçı icmaya məxsus “Araz” kursları bağlandıqdan sonra bölgələrdəki abituriyent hazırlıq mərkəzləri yeni adlarla fəaliyyət göstərməyə başladı. Həmin hazırlıq kurslarına Gəncədə “Nizami, Mingəçevirdə “Kür”, Ağdaşda “Aran” adı verildi. Yəni, hər bölgənin simvolik toponim və ya şəxs adları ilə fəaliyyətlərini davam etdirirlər. Üstəlik, ayrı–ayrı bölgələrimizdəki bu icmaya məxsus müəllim kontingenti də “Araz” kursları bağlandıqdan sonra bu hazırlıq mərkəzlərində repititorluq fəaliyyətlərinə cəlb olundu”.

– Bəs siz necə oldu ki, oradan uzaqlaşdınız? Evdən çıxmağınıza səbəb nə idi?

– Mən orada onsuz da təsadüfən düşmüşdüm. Yanvarın 11–i günü, imtahanlar ərəfəsi idi. Zəif nəticə göstərmişdim. Getdim pivə aldım, içdim. Əhvalım dəyişdi. Necə deyərlər sərxoş oldum. Ümumiyyətlə, Allaha inanan adamam, namaz qılmasam da. Ürəyimi düz saxlamağa çalışıram. İfadəyə görə üzr istəyirəm, əclaflıq etmirəm, kiminsə ana-bacısına sataşmıram. Sadəcə, içki içirəm arada. Beşinci sinifdə oxuyandan içmişəm. Atam yoxdur, rəhmətə gedib, əmim saxlayıb məni. Onunla içib öyrənmişəm. Bilirəm ki, yaxşı şey deyil. Amma nəsə… İçib getdim evə…
Orada yaşadığım vaxtlarda ciddi tələbləri olmamışdı. Namaz da qılmırdım. Sərxoş halda evə girəndə hiss etdim ki, “gözləri kəllələrinə çıxdı”. Məni danladılar. Təbii ki, mən də cavablarını verdim. Söz götürən deyiləm. Dedilər ki, səninlə sabah danışacağıq. Yatdım, səhər qalxanda dedilər ki, kirayə haqqı maddi çətinliklərə görə 140 manata qalxıb. İndi sən bizə yardım et. Dedim gücüm çatmır o qədər pula. Kasıb adamam. Dedilər tap. Dedim ki, üç gün vaxt verin. Ona kimi başqa bir tanışımı razı salıb, onlarda qalmağı qərara aldım. Sonra da, gizlincə “veş”imi yığıb çıxdım ordan. Çox dedilər, geri qayıtmadım. Axırda da qarğış etdilər. Çox hörmət etmişdilər, amma sondakı yola salmaqları ilə bütün iç üzləri açıb töküldü. İndi baş-beynim rahatdır. Şəklimin çəkilməməsini ona görə istəyirəm ki, birdən nəsə etməyə çalışarlar mənə. Onlardan hər şeyi gözləmək olar.

– Bəs universitetdə magistr diplomunu ala bildinmi, problem olmadı ki?

– Xeyr. O sarıdan problem yaşamadım. Nə olsa da, çalışan, oxuyan tələbənin layiq olduğu qiymətini verirlər. Müəllimlərimin də çoxu azərbaycanlı idi. Saf adamlardılar, rüşvət bilmirlər. Ona görə də, “Qafqaz”ın təhsili yaxşıdır. Amma nurçuluq məsələsi işi korlayır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button