ArxivXəbər lentiXəbərlər

“Bu ölkədə 6-7 milyon nəfərə yardım edilməli idi”

 

“Dostlar, bir neçə saat olar ki, telefonumda internet bərpa olunub. Hələ bilmirəm ki, müvəqqəti gözə kül üfürməkdir, yoxsa internet blokadasının qismən ləğvi. Qismən ona görə yazıram ki, kompüterim hələ də qoşula bilmir internetə. Əvvəl işlətdiyim modemi və blokadadan sonra aldığım, ancaq bizim evdə işləməyən yeni modemi SAZZ şirkəti 17 apreldə özündə saxlamışdı ki, modemlərin nəyə görə bizim evdə işləmədiyini 3 günə araşdırıb cavab verəcək. Amma üstündən 15 gün keçib, hələ də xəbər yoxdur. DİQQƏT: telefonumdakı bütün xəbərləşmə platformaları ya məndən alınıb, ya da mənimlə paralel işlədilir. İnternetə çıxış əldə etdiyim bu saatlarda mümkün qədər çox oxumağa, məlumat toplamağa çalışdım. Son günlərin repressiyalarının bəzi təfərrüatlarını öyrəndim. Ona görə də bir sıra vacib məsələlərə qısa tezislərlə münasibət bildirirəm.

Milli Şuraya, xüsusilə də Xalq Cəbhəsinə qarşı budəfəki hücum milyonlarla haqqı tapdalanan, yoxsulluq içində qovrulan soydaşımıza yardım tələb etməyimizin qisasıdır. Ancaq tək bu deyil. Həm də uzun illər ərzində ağır repressiyalara baxmayaraq, ölkədə real, prinsipial müxalifəti ayaqda saxlamağımızın, hər kəsi öz adıyla çağırmağımızın qisasıdır; Günü-gündən pisləşən sosial vəziyyətin ölkədə etirazları artıracağının qorxusudur; İlham Əliyevin cızdığı çərçivəyə yerləşməyən, gerçək, prinsipial müxalifəti bitirmək üçün növbəti cəhddir.

Saf, cəsarətli, vətənpərvər gənc olan Niyaməddin Əhmədovun günlərlə işgəncəyə məruz qalması bütün vicdanlı adamların hiddətinə səbəb olur. Şairə, tanınmış qələm sahibi, AXCP Rəyasət Heyətinin üzvü Səadət Cahangirin Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində qeyri-ciddi iddialarla saatlarla dindirilməsi, onlarla partiyadaşımın və digər siyasi fəalların karantin rejimini pozmaq bəhanəsilə inzibati həbsini qəti şəkildə pisləyirəm.

Son illərdə hakimiyyət AXCP-ni sıradan çıxarmaq üçün nə qədər saxta və bir çox hallarda qeyri-ciddi ittihamlar irəli sürüb. Bu dəfə də AXCP-yə qarşı heç bir ağılabatan ittiham tapa bilməyən hüquq-mühafizə orqanları daha bir qeyri-ciddi ittiham irəli sürüblər. Məsuliyyətlə bəyan edirəm: AXCP-nin Qabil Məmmədov adlı yutub kanalı aparıcısı ilə heç bir əlaqəsi yoxdur. Onu şəxsən tanımıram da. Milli Şura olaraq onun təklif etdiyi efir imkanından da imtina etmişik. Həm də tək onunla yox, leksikonunda söyüş olan heç bir şəxslə əlaqəmiz olmayıb. Söyüş ritorikasını həmişə pisləmişik. Publik videomüraciətlərimdə dəfələrlə bütün söyüşcül adamları bundan imtinaya çağırmışam.

AXCP-yə, Əli Kərimliyə maliyyə dəstəyi vermək ittihamı indiyə qədər də çoxlarına qarşı səsləndirilib. Dostum Saleh Rüstəmlidən başqa bu konteksdə adı çəkilən şəxslərin heç birindən pul almamışıq (o işin də necə şişirdilib saxtalaşdırıldığını ictimaiyyət yaxşı bilir). Maliyyələşdirmə ittihamlarının hamısı böhtandır. Ümumiyyətlə, artıq AXCP-nin xərci yoxdur. Bütün işlərimizi özümüz pulsuz görürük. Partiyadan bir nəfər də maaş almır. Yeganə qayğımız həbs olunan əqidədaşlarımızın ailələrinin çətin vəziyyətdə qalmasıdır. Son illərdə bu problem də partiyanın birbaşa iştirakı olmadan həllini tapır. Kömək etmək istəyən təəssübkeş həmvətənlərimizlə ehtiyacı olan siyasi məhbus ailələri partiya fəalları tərəfindən əlaqələndirilir və kömək etmək istəyən şəxslər öz yardımlarını yardım ediləcək ailəyə şəxsən çatdırırlar.

Dostlar, bizim mübarizəmiz pul-mal davası deyil. Bizim dərdimiz sərvət sahibi olmaq olsaydı, pulu hamıdan çox olanlara qarşı prinsipial müxalifətçiliyi yox, onlarla işbirliyini seçərdik. Bizə təklif edilən hakimiyyətlə işbirliyində olmaq və milyonlar əldə etmək imkanından biz özümüz və dəfələrlə imtina etmişik. Bizim mübarizəmiz xalqımızın hər bir nümayəndəsinin azadlığa və ədalətə yetişməsi uğrunda mübarizədir. Ləyaqətli həyat uğrunda, bəşəri dəyərlərin Azərbaycanda da hakim olması uğrunda mübarizədir.

Karantin dövründə bir daha aydın oldu ki, indiki hakimiyyət sosial-iqtisadi böhranı həll etmək iqtidarında deyil. 190 manatlıq yardımı belə verməmək üçün hansı oyunlardan çıxdıqlarını siz məndən də yaxşı bilirsiz. Biz haqlı çıxdıq – bu ölkədə uşaqlı, böyüklü azı 6-7 milyon nəfərə yardım edilməli idi və dövlətin bunu etməyə imkanı çatardı. Neftin qiymətinin uzunmüddətli düşüşü ilə təəssüf ki, ölkədə sosial-iqtisadi gərginlik daha da artacaq. Repressiya və həbslər çıxış yolu deyil. Xalqın narazılığı gedərək artacaq. Çıxış yolu təcili və ciddi islahatlara başlamaqdır.

Yeri gəlmişkən, dəqiqləşdirim: bir çoxlarının iddia etdiyi kimi, Milli Şura və AXCP islahat və iqtidar-müxalifət dialoquna qarşı deyil. Tam əksinə, biz dərin islahatlar tələb edirik. Dəfələrlə səsləndirdiyimiz ümummili problemlərimizin müzakirə və həlli üçün dialoqa da hər zaman açığıq. Lakin biz islahat demoqogiyasi ilə əsl islahatların gözdən salınmasına, dialoq adı altında dialoq imitasiyasına qarşıyıq.

Sərt avtoritarizmi şəraitində gerçək müxalifətçi olmağın məhrumiyyət və məsuliyyətini qürurla daşıyan Milli Şura və AXCP rəhbərliyinə, saysız-hesabsız həbslərə baxmayaraq öz prinsipial mövqeyindən bir addım da geri çəkilməmiş minlərlə partiyadaşıma, cəmiyyətimizin növbəti sınağa çəkildiyi bu günlərdə cəsarətlə bizə dəstək ifadə etmiş müxalif partiya və hərəkatlara, müstəqil siyasətçilərə, vətəndaş cəmiyyətınin öz haqq səsini ucaltmış çoxsaylı təmsilçilərinə, hər zaman ədalətdən yana olan xalqımıza kütləvi və birmənalı dəstəyinə görə təşəkkür edirəm.

Qəti əminəm ki, bu ölkədə real müxalifətçiliyi sarsıtmaq, sıradan çıxarmaq xalqımızın dəstəyi sayəsində mümkün olmayacaq. Avtoritar və repressiv idarəetmə tükənib, artıq yamaq da qəbul etmir, ölkənin köklü problemlərini həll etmək iqtidarında deyil. Ölkədə siyasi, iqtisadi islahatlar isə qaçılmaz, olmazsa olmazdır. Bu yolda çoxsaylı itkilərimiz olsa da, məhrumiyyətlər yaşasaq da, sonda xalqımız bütün maneələri dəf edib haqq etdiyi azadlıq və ədalətə qovuşacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button