ArxivXəbər lentiXəbərlər

Rusiya iqtisadiyyatı çökürmü – inanılmaz rəqəmlər…

Ekspertlər səbəbləri açıqlayır; durum ciddidir
Həyat səviyyəsinin aramsız olaraq aşağı düşməsi Rusiya əhalisi üçün yeni normaya çevrilib. Bu sözlər Rusiya Ali İqtisadiyyat Məktəbinin apardığı araşdırmada yer alıb. Araşdırmaya əsasən, son iki il ərzində əhalinin real gəlirləri 12,7 faiz, təqaüd isə 7,7 faiz azalıb. Bu da tələbat həcminin qəfil sıxılmasına səbəb olub. Tələbat aktivliyinin aşağı düşmə tempi hətta gəlir azalmasını da qabaqlayıb. Belə ki, iki il ərzində pərakəndə satış 15,4 faiz azalıb.
İki illik böhran zamanında ərzaq 24,8 faiz, qeyri-ərzaq məhsulları 24,3 faiz bahalaşıb. Üstəlik, yemək və geyimə pulu çatmayan ailələrin sayı 41 faizə çatıb. Rusların 27 faizi hazırda kommunal xərcləri ödəmək qabiliyyətində deyil, 18 faiz şəxs isə vacib dərmanlar üçün pul tapa bilmir. Krediti ödəyə bilməyənlərin sayı isə əhalinin 13 faizini təşkil edir. (axar.az)
Ən ağır vəziyyət isə çoxuşaqlı ailələr və tək yaşayan şəxslərlə bağlıdır. Birincilərin 47, ikincilərin isə 57 faizi ərzaq və qida almaq qabiliyyətində deyillər. Hesabatda vətəndaşların artıq tələbat standartlarının aşağı düşməsinə vərdiş etdiyi bildirilir. Ali İqtisadiyyat Məktəbi 2020-ci ilə qədər belə əhalinin alıcılıq qabiliyyətinin böhrandan əvvəlki vəziyyətə qayıtmayacağını bəyan edib. Qeyd edək ki, Rusiya Statistika Komitəsinin 2016-cı ilin yanvarında yaydığı məlumata görə, ölkə ərazisində 20,3 milyon nəfər yoxsulluq həddində yaşayır. Bu isə əhalinin 13,9 faizini təşkil edir.
Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Rusiya iqtisadiyyatı çoxsaylı sanksiyalar qarşısında kifayət qədər davam gətirə bilib: “Rusiya iqtisadiyyatı hələ güclüdür ki, sanksiyalara davam gətirib. Rusiyaya qarşı olan sanksiyalar iki istiqamətli sanksiyalar idi, hədəf sanksiyalar və sektor sanksiyalar idi. Ayrı-ayrı sektorlar üzrə sanksiyalar verilirdi. Bütün bunlara baxmayaraq, bir neçə ildir ki, Rusiya iqtisadiyyatı bu vəziyyətdə hələ davam gətirir, tab gətirir. Düzdür, Rusiyada ümumdaxili məhsul 2015-ci illə müqayisədə 2016-cı ildə daha az tənəzzülə məruz qalıb. Amma digər sektorlarda ölkədən gözlənilən canlama 2016-cı ildə qeydə alınmadı. Xüsusilə də bu böhranın ən böyük zərbə vurduğu istehlakçılar oldu. Bu gün də Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşməsi, işgüzar fəallığın zəifləməsi məhz istehlakçıların yoxsullaşması səbəbindən baş verir. Yəni Rusiya əhalisi əvvəlki kimi yaşaya bilmir. Çünki Rusiyada orta sinif də zəifləyib və orta sinfə daxil olan qrupun demək olar ki, böyük bir hissəsi aşağı təbəqə ilə eyni problemlər yaşayır. Bu vəziyyətdə Rusiyanın iqtisadiyyatında həm də mövcud olan ehtiyatlar istifadə olunub. Rusiya mövcud ehtiyatları səfərbər edib. Uzunmüddətli dövrdə neftin qiymətlərindəki 40-50 dollar arasındakı tarazlaşma son nəticədə Rusiyanın ehtiyat imkanlarına olan gözləntilərini doğrultmadı”.
Ekspertin sözlərinə görə, indi Rusiyanın rublu iki il əvvəlki səviyyədə olmasa da, ötən illə müqayisədə möhkəmlənməkdədir: “Bu möhkəmlənmə həm də iqtisadiyyata neqativ təsirlər edir. Çünki vacib məsələlərdən biri ondan ibarət idi ki, ölkədə sənayeçilər, iqtisadiyyatçılar mallarını çıxarsınlar və ölkəyə valyuta gətirsinlər. Bu kapitalın qazanmasında, ixracın stimullaşmasında həmin o rus rublunun möhkəmlənməsinin neqativ təsirləri var. Digər tərəfdən, Rusiyada yenə də inzibati idarəçilik aparıcı xətt təşkil edir. Hesab edirəm ki, bu da özünü doğrultmadı. Həm valyuta siyasəti, həm inzibati tənzimləmə vasitələri, istehlakçıların yoxsullaşması, orta təbəqənin zəifləməsi bu gün Rusiyanın gələcəyi üçün təhlükələr yaradır. Bunlar əsas faktorlar kimi qeyd oluna bilər”.
Ekspert Natiq Cəfərli isə musavat.com-a bildirib ki, əslində Rusiyada baş verənlər bir neçə amillə bağlıdır: “Burada həm sanksiyaların rolu var, həm ucuzlaşan neftin rolu var. Həm Rusiyanın özünün strukturu və idarəetməsindən yaranan problemlər var. Rusiyanın çox məşhur və fikrinə hörmətlə yanaşılan mütəxəssisləri dəfələrlə bildiriblər ki, Rusiyada baş verən proseslərin əsas səbəbi struktur islahatlarının olmamasıdır. Yəni idarəetmədə islahatların olmaması Rusiyadakı vəziyyəti daha da gərginləşdirirr. Amma təbii ki, sanksiyaların da təsiri var.
Sanksiyaların təsirini hesablayıblar, təsdiq olunandan indiyə qədər Rusiya iqtisadiyyatına yüz milyard dollara yaxın zərər vurub. Bu da Rusiyada ümumdaxili məhsulun artımının bir faizə yaxın geri düşməsinə səbəb olub. Amma Rusiyanın əsas problemi neftin ucuzlaşmasından irəli gəlir. Çox böyük sürətlə gəlirlər azalmağa başladı, Rusiyanın valyuta ehtiyatları kəskin azaldı. Struktur problemləri də var, idarəetmə problemləri də var. Geosiyasi gərginliyin, sanksiyaların təsiri də var, neftin də. Amma Rusiya iqtisadiyyatı dayanıqlığını da hifz etdi bu illər ərzində. Keçən il azından Rusiya rublunun dəyərdən düşməsinin dayanması, hətta möhkəmlənməsi Rusiya iqtisadiyyatının artıq həm sanksiyalarla yaşamağa, həm də ucuz neft dövründə yaşamağa yavaş-yavaş öyrəşdiyindən də xəbər verir”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button