Xəbərlər

Hansı siyasi məhbuslara Əliyevə dəstək ərizəsi yazmaq təklif olunub?

Əvəz Zeynallı təklif edənlərə özünəməxsus cavab verib

Həbsdə olan bir sıra tanınmış şəxslərdən son vaxtlar dövlət başçısı Ilham Əliyevi dəstəkləyən bəyanatlar gəlir. Məsələn, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Tolışi-Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, hüquq müdafiəçisi Ilham Əmiraslanov…

Azərbaycanda adətən, əfv fərmanı imzalanan ərəfədə belə bəyanatlar verilir, siyasi sifarişlə həbs olunan şəxslərə hakimiyyətin lehinə müraciətlər etmək təklif olunurdu. Lakin indi başqa bir situasiyadır və cəmiyyət sifarişlə həbsdə yatan şəxslərin belə bir addımda bulunmasının birbaşa seçkiyə hesablandığı qənaətindədir.

Görəsən, oxşar bəyanatlarla çıxış etmək həbsdə olan digər siyasi məhbuslara da təklif olunubmu?

Milli Azadlıq Hərəkatının öncüllərindən olan Nemət Pənahlının xanımı Həcər Pənahlı həyat yoldaşına belə bir təklifin olmadığını deyir: “Avqustun 29-da Nemət bəylə telefonla danışmışıq. Nemət bütün yenilikləri mənə deyir, ona görə də bu məsələylə bağlı hansısa bir yenilik, təklif olmayıb”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı isə belə bir təklifin bir neçə dəfə olduğunu söyləyir. Məlahət xanım qeyd edir ki, Əvəz Zeynallı həbsdə olduğu iki il ərzində ona belə bir müraciət etməyin mümkünlüyü dəfələrlə məsləhət görülüb: “Əvəz bəy də bu təklifi edənlərə açıq şəkildə deyib ki, ona əfv ərizəsini necə yazmağı öyrətsinlər. O deyib ki, sizin deputatınızın məni necə şərlədib tutdurduğunu yazım? Bu cür olacaqsa, yazım, çünki mənim həmin ərizəni başqa cür yazmağım mümkün deyil. Əvəz bəy söyləyib ki, həqiqət budur, başqa necə yazmaq olar? Ondan sonra heç bir söhbət olmayıb. Əvəz ərizə yazmayıb, buna heç cəhd də etməyib”.

Məlahət xanım əlavə edir ki, əslində, Əvəz bəyin məsələsi siyasi məsələ kimi yalnız dövlət başçısının sərəncamındadır və onun iradəsindən asıılıdır. Onun sözlərinə görə, bu mənada, əfv ərizəsinin yazılıb-yazılmaması ikinci dərəcəli məsələdir: “Prezident hansı qərarı versə, hansı siyasi məhbusun azadlığa buraxılmasını istəsə, o da olacaq. Bu mənim şəxsi fikrimdir ki, ərizə məsələsi oyundan başqa bir şey deyil. Siyasi məhbuslardan kiminsə azadlığa buraxılması prezidentin özünün razılıq verdiyi adamlara şamil olunacaq”.

Azadlıq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button