ArxivmədəniyyatXəbər lentiXəbərlər

“Azərsu” bu küçəyə xətlə su verə bilmir və… maşınla daşıyır

…“Bəxt üzüyü” filmində yayın cırhacır istisində milis idarəsinə aparılan qonşuların susuluqdan necə yanması, yolda dayanıb su içən polisə həsrətlə baxa-baxa deyinməsi, əsas personajlardan olan Söylünün qəzəblə “nemsə köpəyoğlu…” deyə acığını sərin su içən milisə tökməsi səhnəsi yadınızdamı?!

Bakı şəhəri, Suraxanı rayonu, V mədən, Xanlar Ələkbərov küçəsinin sakinləri də indi demək olar ki, eyni vəziyyətdədir. Əllərindən suyu alan isə məlum deyil kimdir. Çünki dediklərinə görə, kimə şikayət eləsələr, hamısı məsuliyyəti boynundan atır.

Problemlə yerində maraqlanmaq üçün yollandıq adıçəkilən ünvana. Biz ora çatan kimi küçəyə toplaşan qonşular hamısı bir ağızdan şikayətlənməyə başladı:

-Bizim yaşadığımız yerin problemi bitib-tükənmir, ən çətin vaxtımız isə yaz-yay aylarında olur. Qışda heç olmasa bir az su verilir, amma aprel ayı gələn kimi su üzünə həsrət qalırıq. Məcbur qalıb əlavə pul verir, maşınla su gətirdirik. Hər dəfə də bunun üçün 20 manat ödəyirik, bir ayda da ən azı iki dəfə maşın gətirəndə ayda 40 manat xərcimiz çıxır.

Sakinlərin səs-küyü arasından kimsə qışqırır ki, bax, bu qonşu da maşınla su gətirib. Həmin qonşu da şikayətlənir: “Bizə su verilsəydi, bu maşını niyə gətirirdim?”

Nəhayət, nisbətən sakitlik bərpa olunur. Sakinlərdən biri – Elnarə Əliyeva virtualaz.org saytına bu problemlə bağlı haralara müraciət etmələrindən danışır: “Biz təxminən 2005-2006-cı illərdə öz hesabımıza su xətti çəkdirdik, onda suyumuz gəlirdi. Sonradan “Azərsu” gəlib xətləri qoşdu, bir xəttə 75 qonşu verildi. Kartla işləyən sayğaclar quraşdırıldı, ondan sonra su kəsildi. Prezident seçkisi ərəfəsində hamımız yığışıb ərizə yazdıq, Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdik. Bizə dedilər ki, əvvəlcə kanalizasiya xətləri çəkilməlidir. Ona görə də bizi Yeni Günəşli qəsəbəsindəki su idarəsinə göndərdilər. Orada ərizə yazdıq, onu bizdən aldılar dedilər ki, cavab gözləyin. Artıq 4 ildir ki, gözləyirik. Bir neçə il əvvəl isə sakinlər öz hesabına su xətti çəkdirib. Problem olanda idarəyə zəng edirik. Onda da bizə qışqırırlar ki, su boruları köhnəlib, təmir elətdirin”.

Narazı sakinlərin sözlərinə görə, hər gün su idarəsinə zəng etsələr də problemləri həll olmur: “Hər gün su idarəsinə zəng edirik, hər gün də deyirlər ki, sabah su gələcək. Amma heç nə olmur. Axırda elə yerə çatıb ki, daha telefonlarımıza ümumiyyətlə cavab vermirlər”.

Su probleminin Suraxanı rayonun bütün ərazisində olub-olmadığını dəqiqləşdirmək istəyirik. Sakinlərin hamısı bir ağızdan dərdlərini danışmağa başlayır: “Ən çox bizim yaşadığımız ərazidədir. Digər yerlərdə yola da asfalt çəkilib, ciddi problem yoxdur. Avropa Oyunlarının açılışı üçün prezident Atəşgaha açılışa getdiyinə görə yolu təmir elədilər, bizim tərəf görünməsin deyə yolun kənarına ağ lövhələr çəkdilər”.

Sakinlərin müşayiəti ilə yarımçıq təmir olunmuş yola baxmağa gedirik. Neft buruqlarının yanı, tozlu-daşlı yolla gedə-gedə küçəni başa vururuq.

Sakinlər burada evlərə gedən su borularının çıxdığı su çənini də göstərir. Bircə damcı da olsa, su görünmür…

Yaşlı qonşular üçün isə cavan uşaqlar su gətirir. Hətta onların dediyinə görə, bəzi qonşuların maşınla su gətirməyə imkanı olmadığına görə bir neçə kilometr aralıdakı parkdan su gətirməli olurlar.

Sakinlər deyir ki, bəzən beş dəqiqəliyə su gəlir, ona da su demək çətindir: “Cəmi bir neçə dəqiqəliyə su gəlir, onu da heç kim çatdırıb qabları doldura bilmir. Gələn suyun da içində borunun içindəki kif, palçıq, zir-zibil gəlib tökülür. Bu suyu necə qaynadıb içək, yeməyə necə tökək?”

Elnarə Əliyeva deyir ki, susuzluq hər işi çətinləşdirir: “Uşaqların əyninə geyindirməyə təmiz paltar tapmırıq. Baxın, uşaqların üstü nə gündədir. Yayda toz-torpaqda, qışda da palçığın içindəyik. Payız-qış aylarında bir az yağış yağan kimi burada hər yeri su basır. Ayağımızın palçığına görə utandığımızdan avtobusa minib məktəbə, işə də gedə bilmirik. Hamı bizə gülür”.

Elnarə xanımın dediklərini təsdiqləyən uşaqlardan biri də deyir ki, “Nərimanov” metrosunun yaxınlığında liseydə təhsil alır, amma utandığından palçıqlı ayaqla avtobusa minə bilmir. Məcbur olub üstündə əlavə ayaqqabı gəzdirir: “Arada elə olur ki, uşaqları ayaqları palçıq olduğuna görə məktəbə buraxmırlar. Başa düşmürlər ki, yaşadığımız yer bu gündədir”.

Mərfuzə Qafarova adlı digər sakin isə ondan sayğac üçün əlavə 100 manat alındığını iddia elədi: “Su idarəsindən bizim evə gəldilər, sayğaca baxdılar, dedilər ki, borcunuz yoxdur. Sonra oğlum işçiləri yola salanda ondan 100 manat aldılar ki, su verilsin. Sonra da heç nə eləmədilər. Bizim 100 manatımızı rəsmən oğurladılar”.

Kommunal xidmət yoxdursa, bəs kommunal xərclər necə olur?

Rac Əlizadə adlı sakin deyir ki, nə kanalizasiya sistemi, nə su, nə də zibildaşıma xidməti olmadığı halda sakinlərdən bunların hamısı üçün hər ay pul alınır: “Bizim su sayğaclarımız kart sistemi ilə işləyir, suyun ödənişi üçün karta pul ödəyəndə oradan kanalizasiyanın da pulu çıxılır. Zibil pulu üçün hər ay 3 manat alırlar, amma zibili gəlib daşıyan yoxdur”.

“Potyomkin lövhələri” arxasında yaşayan Suraxanı sakinlərinin dərdi bir deyil, iki deyil. Susuzluq, kanalizasiyanın olmaması, təmirsiz yollar və daşınmayan zibillər…

Sakin Ülkər İsmayılova deyir ki, kanalizasiya sistemi işləmədiyinə görə hamı həyətində quyu qazıb: “Quyu da qışda yağış yağanda daşır, küçəni kanalizasiya suyu basır. Gəlib xüsusi maşınlarla kanalizasiyanı təmizləyirlər, ona da hər dəfə 30 manat pul istəyirlər. Biz hansı dövrdə yaşayırıq ki, kanalizasiya belə olsun? Bizi burada adam yerinə qoyan yoxdur. Problemimiz bitmir, hələ burada neft buruğu var, bəzən o da daşır. O biri buruğun da yanı zibilliyə çevrilib, neftlə zibilin iyi qarışıb bir-birinə, nəfəs almaq olmur. Bu şəraitdə böyüyən uşaqları sabah əsgərliyə aparmaq istəyəcəklər”.

Suraxanı Rayon İcra Hakimiyyəti nə deyir?

Bir neçə sakinlə birlikdə Suraxanı Rayon İcra Hakimiyyətinə (RİH) yollanırıq.

İcra hakimiyyətinin binası yerləşən həyətə çatan kimi yaşıllıq və gül-çiçəyi, sulanmış yaş torpağı görən sakinlərdən biri deyir: “Bu torpağı isladan sudan bir az da bizə versələr, nə olar?!”

İçəri daxil olub səlahiyyətli şəxslə görüşmək üçün gözləyirik. Bir neçə dəqiqə sonra sakinləri icra hakimiyyətinin nümayəndəsi Xanoğlan Allahverdiyev qarşılayır.

X.Allahverdiyevin ilk reaksiyası isə sakinlərin problemləri ilə maraqlanmaq əvəzinə onların niyə jurnalistlərə müraciət etməsi haqda olur: “Siz özünüz danışa bilmirsiniz? Jurnalistlərlə niyə gəlmisiniz?”

Söhbət isə sakinlərin “Azərsu” ASC-yə yönləndirilməsi ilə bitdi. Başqa sözlə desək, heç bir dəyişiklik olmadı.

Bəs “Azərsu”?

“Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da virtualaz.org saytına açıqlamasında hər il yay aylarında adıçəkilən ərazidə su problemi yaşandığını təsdiqlədi.

A.Cəbrayıllı bunun səbəbini isə belə izah etdi: “Xanlar Ələkbərov küçəsində yay aylarında, istilər düşəndə su problemi yaranır. Suraxanı Sukanal İdarəsi məcbur olub o ərazilərə maşınlarla su verir. Səbəb də odur ki, o ərazidə, eləcə də Samir Əliyev küçəsi və digər ərazilərdə insanların çəkdiyi fərdi şəbəkə normal su təchizatının aparılmasına imkan vermir. Kimlər ki magistral xəttə yaxındır, onların suyu gəlir, nisbətən uzaqda olanlar isə su ala bilmir. Küçə daxili və məhəllədaxili xətlərin diametri azdır. Həyət evlərində yay aylarında içməli sudan suvarma üçün də istifadə edilir deyə tələbat kəskin artır və digərləri susuz qalır. Dediyim kimi, çalışırıq sakinlərin tələbatını maşınlarla ödəyək”.

“Azərsu” sözçüsü investisiya layihəsi hesabına gələcəkdə normal su təchizatının olacağını bildirdi: “Mədən ərazisinin su şəbəkəsinin yaradılması ilə bağlı layihəmiz var. Layihə dövlət investisiyaları hesabına gələcəkdə həyata keçiriləcək və yalnız bundan sonra həmin ərazinin normal su təchizatı olacaq”.

Bu layihənin icrasının dəqiq vaxtına gəlincə isə A.Cəbrayıllı dedi ki, artıq layihə hazırdır və onun mərhələlərlə icrasına başlanıb: “Dəqiq tarix demək çətindir. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində o ərazidə iş görüləcək”.

Virtualaz.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button