ArxivXəbər lentiXəbərlər

Azərbaycanın konsulu Hollandiyadan siyasi sığınacaq istədi

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Niderlanddakı səfirliyində konsulluq işləri üzrə əməkdaşın ölkəyə gəlməkdən imtina etməsi və Niderlanddan siyasi sığınacaq istəməsi məsələsinə aydınlıq gətirib.

XİN mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, Xarici İşlər Nazirliyi sistemində belə bir adam işləmir.

“Xarici işlər naziri Elmar Məmmədyarovun KİV-ə 9 sentyabr, 2015-ci il tarixli açıqlamasında bütün bu kimi məsələlərə münasibət bildirilib” – deyə açıqlamada qeyd olunur.

Xatırladaq ki, E.Məmmədyarov sözügedən açıqlamasında bütün dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirlərin görülduyunu və bundan sonra da görüləcəyini bildirib.

“Prezidentin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidir ki, xarici işlər nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə cənab prezidentimizin bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edir” – deyə E.Məmmədyarov əlavə edib.

Qeyd edək ki, aznews.az saytı Azərbaycanın Niderlanddakı səfirliyinin konsulluq əməkdaşı Nahid Cəfərovun Azərbaycana qayıtmaqdan imtina etməsi və Niderlanddan siyasi sığınacaq istəməsi barədə məlumat yayıb. Məlumata əsasən o, vəzifədən uzaqlaşdırılıb və Azərbaycana çağırılıb. Lakin o, Niderlandda qalmağa qərar verib.

Sonda XİN mətbuat xidmətinin “Xarici İşlər Nazirliyi sistemində belə bir adam işləmir” məzmunlu açıqlaması ilə bağlı onu deyək ki, Nahid Cəfərovun adı XİN-in rəsmi saytında (http://www.mfa.gov.az/files/file/The_Diplomatic_Missions_of_the_Republic_of_Azerbaijan_abroad..pdf) Niderlanddakı səfirliyimizin attaşesi kimi qeyd olunur. Bu da fakt:

*   *   *15:15

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov tutduğu vəzifədən azad edilib.

Konsul vəzifəsindən (Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında isə Nahid Cəfərovun attaşe vəzifəsində çalışdığı qeyd olunur-virtualaz.org) kənarlaşdırılandan sonra Bakıya – Xarici İşlər Nazirliyinə dəvət olunub. O isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.

Məlumata görə, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri, “üsyankar diplomat” Arif Məmmədovla çox yaxın münasibətlərinin olmasıyla bağlıdır.

Belə ki, işdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostu ilə əlaqədar sorğu-suala tutulacağını, ona açılmış cinayət işiylə əlaqədar dindiriləcəyini, hətta həbs edilmək ehtimalının olduğunu bilib. Buna görə də ölkəsinə qayıtmaqdan imtina edib və sığınacaq üçün aidiyyəti yerlərə üz tutub.

Aznews.az saytının əldə etdiyi məlumata görə, Nahid Cəfərovla Arif Məmmədov həqiqətən də vaxtilə yaxın dost olublar və hətta bir yerdə çalışıblar.

Sayt məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə isə açıqlamasında faktı nə təkzib, nə də təsdiq edib. Yalnız onu bildirib ki, məsələdən xəbərsizdir: “Bununla bağlı suala dəqiq cavabı bazar ertəsi verə bilərəm”.

Saytın səfirliklə əlaqə saxlamaq cəhdləri isə boşa çıxdı. Şənbə günü olduğundan telefonlara cavab verən tapılmadı.

Xatırladaq ki, Arif Məmmədov iyun ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırılıb. Onun vəzifədən çıxarılmasına səbəb kimi facebook sosial şəbəkəsində mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı üsyankar statusla çıxış etməsi göstərilir. Səfir postundan geri çağırılan Arif Məmmədov Norveçdən sığınacaq istəyib. Onun haqqında cinayət işi açılıb.

Bundan əlavə, A.Məmmədov məsələsindən sonra bir neçə azərbaycanlı diplomat işdən çıxarılıb. Onlar arasında Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da var. A.Həsənov da bir neçə gün əvvəl Avstraliyadan sığınacaq istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button