Müsahibə

Azərbaycan siyasətçiləri İslamın işığından bəhrələnmək istəyir

Azərbaycan İslam Partiyasının sədrinin birinci müavini Hacı İnqilab Əhədlinin müsahibəsi


-AİP-in sentyabrın 6-da keçirilən Baş Məclisinin iclasında prezident seçkilərində «Ədalət» partiyasının sədri İlyas İsmayılovu dəstəkləmək barədə qərara gəlinib. Bu qərar AİP üzvlərində və ümumiyyətlə, dindarlar arasında hansı təsiri oyatdı?
-Sentyabrın 6-da AİP-in növbəti Baş Məclisinin toplantısında önəmli bir qərar qəbul edildi- prezident seçkilərində dəstəklənəcək namizəd müəyyənləşdi.
Məsələ ilə bağlı qərar layihəsi hazırlandı və Baş Məclis üzvlərinin müzakirəsinə verildi. Qərar səs çoxluğu ilə qəbul olundu. Bizim bu qərarımız AİP-in hal-hazırki rəhbərliyinin son bir il ərzində apardığı araşdırmaların nəticəsində qəbul edilib.
Partiya rəhbərliyi məsələyə xüsusi diqqət verib. Xüsusilə də prezident seçkiləri həssas bir ictimai-siyasi proses olduğu üçün bu qərarı hazırlayanda yüz ölçüb, bir biçmişik.
AİP-in vahid namizədi kimi Mövsüm Səmədovu dəstəkləməyə qərar vermişdik. Eyni zamanda qeyd etmişdik ki, onun namizədliyi təsdiqlənməsə, digər namizədlərdən birini dəstəkləyəcəyik.
Hacı Mövsüm Səmədov şərlənərək həbs olunduğu üçün onun namizədliyi nəinki qəbul edilmədi, hətta MSK partiya sədrinin sənədlərini onlara təqdim etmədiyi kimi yalançı iddia ilə çıxış etdi.
Belə olduğu halda AİR ideyalarına, əqidəsinə uyğun gələn, şəffaf siyasət yürüdən, dürüst, millətinə və dövlətinə xidmət edən, milli və mənəvi dəyərlərin keşiyində dayanan, İslama hörmətlə yanaşan partiya rəhbərini dəstəkləməyə qərar verdik.
Bu təklif nəinki bəyənildi, hətta buna görə Baş Məclis üzvləri tərəfindən bizə təşəkkür də olundu. Dindarlar arasında və ümumiyyətlə cəmiyyətdə AİP-in bu qərarına münasibət fərqlidir. Bizim üçün AİP-in Baş Məclisinin qərarı zəruridir. Baş Məclis 24 nəfərdən ibarətdir. Qərar qəbul ediləndə Məclis üzvlərindən dördü bitərəf qaldı, yalnız biri onun əleyhinə oldu. Bu da ondan xəbər verir ki, AİP-in qərarı tamamilə İslami və demokratik prinsiplərə uyğundur.
Hər bir kəs öz mövqeyini aydın şəkildə müdafiə edə bildi. Onlar bu qərarı dəstəkləməklə İlyas İsmayılovun şəxsiyyətinə də öz münasibətlərini bildirdilər. Odur ki, bizim üçün partiyanın aparıcı şəxslərinin mövqeyi önəmlidir, nəinki ictimaiyyətdəki bəzi adamların müxtəlif fikirləri. Elin gözü tərəzi olmalıdır ki, düzü əyridən seçə bilsin. Şəxsi ambisiyaların arxasınca getməsin.
AİP bu gün demokratik qüvvələrin içərisində «Ədalət» Partiyasını və onun rəhbərini seçməsi ədalətə dayanıb. Bu partiya İslama olan simpatiyası, dinə intellektual yanaşması ilə seçilir.

-İ.İsmaylovun başqa siyasətçilərdən fərqləndirən hansı keyfiyyətləri göstərə bilərsiniz?
-İlyas İsmaylov həqiqi bir ziyalı, intellektual və mədəni insandır. Onun davranışları artıq bunu deyir. İ.İsmaylov vaxtilə Azərbaycan Respublikasının Ədliyyə Naziri, Baş Prokuroru kimi məsul vəzifələrdə çalışıb. Hal-hazırda isə o, Milli Məclisin üzvüdür.
Bütün həyatı boyu ictimai-siyasi fəaliyyəti ilə cəmiyyətdə tanınıb. Yüksək vəzifələrdə işlədiyi dövrdə korrupsiyaya bulaşmayıb.
İlyas müəllimin hələ Sovet illərində hüquq haqqında yazdığı kitab bu gün də Rusiyanın ali məktəblərində dərslik kimi istifadə olunur. Bu, bizim dəstəklədiyimiz namizədin xalqının hüquqi maariflənməsi üçün çalışdığını nümayiş etdirir.
İ. İsmaylovun digər müxalifətçilərdən fərqi odur ki, o, Qarabağ münaqişəsinin həllinə biganə qalmayıb və həmişə problemin Azərbaycanın özünün həll etməsində israrlı olub.
O, münaqişənin həllini nə Avropaya intqerasiyada, nə də ATƏT-in Minsk qrupunda axtarıb. Siyasətçi başqa partiyalar kimi ABŞ, İsrail və Avropanın qapısında baş əyməyib. O, yaxın qonşularla yaxın əlaqələr qurmağın, milli maraqları önə çəkməyin tərəfdarıdır. İlyas müəllim gözünü okeanın o tayına dikməyib.
Azərbaycan müstəqillik qazanandan sonra digər siyasi partiyalarla yanaşı, Azərbaycan İslam Partiyası da Ədliyyə Nazirliyində qeydə alındı. AİP-in rəsmi qeydiyyata alınmasında İlyas bəyin çox böyük xidmətləri olub. O, partiyanı qeydiyyata almamaq üçün bəhanə axtarmadı. Həmin dövrün Milli Məclisinin deputatları AİP-i qeydiyyata alınmamasını ona irad tutmazdılar, bəlkə də əksinə, təşəkkür edərdilər. Lakin İlyas bəyin İslama intelektual və eyni zamanda ictimai və siyasi prinsipdən yanaşması partiyanı dövlət qeydiyyata alınmasına zəmin yaratdı.
İ. İsmaylov İslam partiyasına daha geniş çərçivədən baxdı və İslamı siyasət aləmində görə bildi. AİP-in 1992 – 1995-ci illər ərzində qazandığı nailyyətlərdə İlyas bəyin böyük xidmətləri var.
O, vəzifəsindən gedəndən sonra AİP rəhbərləri hacı Əlikram Əliyev, Hacı Vaqif, hacı Hacıağa Nuriyev vətənə xəyanət maddəsi ilə ittiham edildilər. AİP-ə hər tərəfdən təzyiqlər olduğu həmin dövrdə İlyas bəy yenə də bizim yanımızda oldu. 6 illik fasilədən sonra 1998-ci ildə partiyanın növbəti qurultayını keçirmək üçün bizə bütün qapılar bağlandığı zaman o, partiyasının ofisinin qapılarını üzümünə açdı. Bizimlə birgə qurultayda iştirak etdi və İslama olan münasibətini bildirdi. Bütün bu qeyd etdiklərimizi nəzərə alaraq AİP-in Baş Məclisinin üzvləri İlyas İmayılovun namizədliyini dəstəkləmək qərarına gəldi.

-AİP-in İlyas İsmaylovu dəstəkləməsindən sonra mətbuatda onun haqqında ziddiyyətli fikirlər səslənməyə başladı. Bu haqda nə deyə bilərsiz?
– Yuxarıda dediyim kimi AİP-in seçiminin əsasları var. AİP-in bu seçimini qınaq obyektinə çevrənlər və «Ədalət» Partiyasının üstünə çirkab atmağa çalışanlar dindarları öz yanlarında görmək istəyərdilər. Çünki İslamın işığı yanında olduğu hər kəsi işıqlandıracaq. Bizim qərarımıza ləkə vuranlar AİP-i digər siyasətçilərin yanında görmək istəyənlərdir.
İslam Partiyasının dəstəyini almaq istəyi ondan irəli gəlir ki, bununla onlar öz çirkablarını ört-basdır etməyə çalışırlar.
Lakin biz İslam Partiyası olaraq Allahın Quranda buyurduğu: “Hər kəsin zərrə qədər yaxşılığı varsa, onu özünə qaytaracağıq” ayəsini əsas götürdük. Bir halda ki, Allah özünə müxalif olan bəndəsinin zərrə qədər etdiyi yaxşılığını ona qaytarmaqla öz ədalət prinsipini nümayiş etdirir, bizləri ədalətli olmağa təşfiq edirsə, bəs onda niyə biz öz içimizdən olan müsəlman bir şəxsin İslama və İslamçılara qarşı müsbət münasibətinə ədalətsiz yanaşaq.
Təkrar etməyə məcburam ki, biz Allahın söylədiyi kimi «hər kəsin zərrə qədər yaxşılığını onun özünə qaytarırıq». Bunu Allah bizdən tələb edir.

islaminsesi.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button