ArxivXəbər lentiXəbərlər

Azərbaycanın milli bayramı – 28 May Respublika Günü

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.

Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.

AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunmuşdur. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.

İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın ümumiyyətlə incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunu artması ilə əlamətdardır.

Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin sonunda yenidən bərpa olundu. 1918–ci ilin May aynının 28–də Azərbaycan milli şurası istiqlal bəyannaməsi ilə Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.

ADR Türk və İslam dünyasında ilk Parlamentli Respublika ve ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyuk naaliyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın – kişi bərabərliyini təmin edən cümhuriyyet o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək, bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti bir əsrə yaxın müddət bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.

Azərbaycan Demokratik Respublikası gərgin ve mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki Müstəqil Azərbycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

FaktXəbər olaraq bütün Azərbaycan xalqını 28 May – Respublika günü münasibəti ile təbrik edirik.

Uğur, yüksəliş, sülh, əmin – amanlıq başımızdan əksik olmasın!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button