ArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından – 6

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin “Ələvi hökumətinin nizamnaməsi” adlı kitabından hər gün 10 səhifə paylaşılacaq.

6-cı hissə

PEYĞƏMBƏRİN (S) BESƏTİNDƏN ÖNCƏ ÜMMƏTLƏRİN VƏZİYYƏTİ[1]

Bağışlayan və mehriban Allahın adı ilə!

Bu axşam həm hər Bazar ertəsi axşamına məxsus tədbirimizə uyğun olaraq “Nəhcül-bəlağə”dən və təqvalıların mövlası Əmirəlmömindən (ə) bir dərs, həm də Peyğəmbəri-Əkrəmin (ə) vəfatı münasibətilə o Həzrətdən (s) bir hədis qeyd etməyi zəruri hesab edirəm. Biz hər iki mövzunu cəmlədik ki, möhtərəm məclis iştirakçılarına Əmirəlmöminindən (s) Peyğəmbəri-Əkrəm (s) haqqında bir cümlə tərcümə edək. Əvvəldə də qeyd etdiyimiz kimi, məqsədimiz “Nəhcül-bəlağə”nin tərcüməsidir. Biz, tədricən, bu qiymətli əsərin daha faydalı və həyatımıza, düşüncəmizə daha yaxın mətnini hissə-hissə diqqətinizə çatdıracağıq. Bu axşam da bu haqda danışacağıq.

Əmirəlmöminin Əlinin (ə) öz dövründəki insanlarının İslama ehtiyacına təkidi

Əvvəla diqqət yetirmək lazımdır ki, bu sözün sahibi Əmirəlmöminin Əlidir (ə). Sözsüz, Peyğəmbəri-Əkrəm (s) haqqında ən gözəl və dəyərli sözü təqvalıların mövlası Əmirəlmöminin (ə) deyə bilər. Burada bir məqam var, yəni bu sözlərin sahibi olan Əmirəlmöminin Əli (ə) dünyanın bekar söz sahibləri kimi, istənilən məsələ və münasibətə reaksiya verən və (həmin münasibətə xatir) bir söz deyən kəslər kimi deyildir. Əksinə, o Həzrət öz əsrində Peyğəmbəri-Əkrəmin (s) ardıcıl və tərəfdarlarından olan insanlara bəyan etdiyi bu sözlərlə müəyyən bir məqsəd və qayəni izləyir. Belə ki, Peyğəmbəri-Əkrəmin (s) besətini, peyğəmbər göndərilməsinin hədəfi, Allah-Talanın müsəlmanlar və bəşəriyyətə peyğəmbər və İslama dəvət göndərməsi, cəmiyyətdə yalnız bir bayrağın dalğalandırılmasını zəruri edən səbəblərin həqiqəti eyinlə Əmirəlmöminin Əlinin (ə) zamanına da aiddir. Besətin başlanğıcındakı azğınlıqlar, çatışmazlıqlar və ehtiyaclar o Həzrətin əsrində də mövcud idi. Besətin başlanğıc dönəmində bəşəriyyət bir susuz insan tək yaşamaq üçün bir damla suya ehtiyac duyurdu və o bir damla su Peyğəmbərin (s) besəti, risaləti və İslama dəvət idi. Əmirəlmöminin Əlinin (ə) zamanında da bəşəriyyət həmin susuz insanı xatırladırdı, əlacı isə İslam adlı şəffaf və ləzzətli su damlasından ibarət idi. İmam Əli (ə) bu kəlamında da bu mətləbi bəyan etmək istəmiş və xütbənin sonunda bu həqiqətə işarə etmişdir… Elə buna görə də buyurmuşdur:

فَاعْتَبِرُوا

“(Bu sözdən) ibrət götürün, dərs alın.

Öz dövrünün insanlarına başa salmaq istəyir ki, yenə İslama ehtiyac var və bu gün biz də bu mətləbi təkrar edirik.

Bugünkü bəşər sivilizasiyasının İslama ehtiyacı

Bəşəriyyyət bu gün də həmin ruhsuz və cansız bədən kimi, onu həyata qaytaran, onu canlandıran bir damla ləzzətli suya möhtacdır və həmin ləzzətli su damlası İslamdır. Bu İslam Quranda və din rəhbərlərinin kəlamlarında əks olunur və biz onu başa düşməli, susuz bəşəriyyətə dadızdırmalı, şəriəti dirçəltməliyik.

Odur ki, bəşər cəmiyyətinin Peyğəmbərin (s) besəti dönəmindəki, İslama dəvətin başlanğıcındakı nişanə və əlamətləri (əlbəttə, bu xütbədə göstərilmiş nişanə və əlamətləri) izləməliyik. Onda görəcəyik ki, tarixin və bəşərin cahillik dövrlərində həmin nişanə və əlamətlər həmişə var olmuşdur. İndi oxuyacağım xütbə “Nəhcül-bəlağə”nin 86, yaxud 87-ci xütbəsidir.[2] “Nəhcül-bəlağə”nin bəzi qədim nüsxələrində 87-ci xütbədir. Mərhum İbn Meysəm Bəhrani kimi bəzi şərhçilərin əlindəki nüsxələrdə 87-ci, bəzilərində isə 86-cı xütbədir. Həmişəki kimi, öncə xütbənin mətnini oxuyuruq. Mövlanın sözləri ərəbcə, özü də mürəkkəb ərəb sözləri ilə olduğundan, ərəbcə mətni qeyri-ərəb dillilər üçün asanlıqla başa düşüləsi olmadığıdan, hətta ərəbdillilərin və ərəb dili ilə tanış olanların özlərinin belə şərhə və izaha ehtiyac duyduqlarını, eləcə də, Əmirəlmöminin Əlinin (ə) səsi və xütbəsinin ahəngi, sözlərinin həmahəngliyindən duyulan ləzzəti nəzərə alaraq xütbənin mətnini olduğu kimi oxuyuram, inşallah, hamı qulaq assın ki, ərəbcə mətndən də istifadə edək.

و من خطبة له ( عليه ‏السلام) أَرْسَلَهُ عَلَى حِينِ فَتْرَةٍ مِنَ الرُّسُلِ وَ طُولِ هَجْعَةٍ مِنَ الْأُمَمِ وَ اعْتِزَامٍ مِنَ الْفِتَنِ وَ انْتِشَارٍ مِنَ الْأُمُورِ وَ تَلَظٍّ مِنَ الْحُرُوبِ وَ الدُّنْيَا كَاسِفَةُ النُّورِ ظَاهِرَةُ الْغُرُورِ عَلَى حِينِ اصْفِرَارٍ مِنْ وَرَقِهَا وَ إِيَاسٍ مِنْ ثَمَرِهَا وَ اغْوِرَارٍ مِنْ مَائِهَا قَدْ دَرَسَتْ مَنَارُ الْهُدَى وَ ظَهَرَتْ أَعْلَامُ الرَّدَى فَهِيَ مُتَجَهِّمَةٌ لِأَهْلِهَا عَابِسَةٌ فِي وَجْهِ طَالِبِهَا ثَمَرُهَا الْفِتْنَةُ وَ طَعَامُهَا الْجِيفَةُ وَ شِعَارُهَا الْخَوْفُ وَ دِثَارُهَا السَّيْفُ فَاعْتَبِرُوا عِبَادَ اللَّهِ وَ اذْكُرُوا تِيكَ الَّتِي آبَاؤُكُمْ وَ إِخْوَانُكُمْ بِهَا مُرْتَهَنُونَ وَ عَلَيْهَا مُحَاسَبُونَ وَ لَعَمْرِي مَا تَقَادَمَتْ بِكُمْ وَ لَا بِهِمُ الْعُهُودُ وَ لَا خَلَتْ فِيمَا بَيْنَكُمْ وَ بَيْنَهُمُ الْأَحْقَابُ وَ الْقُرُونُ وَ مَا أَنْتُمُ الْيَوْمَ مِنْ يَوْمٍ كُنْتُمْ فِي أَصْلَابِهِمْ بِبَعِيدٍ وَ اللَّهِ مَا أَسْمَعَهُمُ‏ الرَّسُولُ شَيْئاً إِلَّا وَ هَا أَنَا ذَا الْيَوْمَ مُسْمِعُكُمُوهُ وَ مَا أَسْمَاعُكُمُ الْيَوْمَ بِدُونِ أَسْمَاعِهِمْ بِالْأَمْسِ وَ لَا شُقَّتْ لَهُمُ الْأَبْصَارُ وَ لَا جُعِلَتْ لَهُمُ الْأَفْئِدَةُ فِي ذَلِكَ الْأَوَانِ إِلَّا وَ قَدْ أُعْطِيتُمْ مِثْلَهَا فِي هَذَا الزَّمَانِ

İmam Əlinin (ə) iti gözləri dünya və ərəb xalqının İslama dəvətin başlanğıc dövründəki şəraitini görür və dərinmənalı sözləri ilə də gördüklərini bəyan edir. Hər şeyi öz gözü ilə görən Əmirəlmöminin (ə) kimi böyük bir insan besətdən qabaqkı ərəb cəmiyyətinin azğın və acınacaqlı vəziyyətini duymuş, həmin mədəniyyətin qucağında dünyaya göz açmış, müharibələr görmüş, yoxsulluqları dadmış, hər künc-bucaqda baş qaldıran bədbəxtliklər və çarəsizliklərin, o günün bədbəxt cəmiyyətinə hakim nadanlıq, azğınlıq və qardaşqırğını kimi zülmət qaranlıqların yaxından şahidi olmuşdu.

Bütün bu zülmətlərə rəğmən, qəfildən İslam nuru vəhy məntəqəsində, nübuvvət bayrağı altında parlamağa başladı. Belə böyük bir şəxsiyyət geniş məlumatı, iti və dərin nəzəri, tamamilə agahlıq və ayıqlığı ilə besət dövründəki dünyanın hansı durumda olduğunu bəyan edir.

İmam Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) besətindən öncəki əsrin on beş xüsusiyyət və əlamətini sayır. O Həzrətin bəyan etdiyi xüsusiyyətlərin hər birini biz insanlar və İslam tarixinin müsəlmanları yaşadığımız hər zaman və hər şəraitlə uzalşdırmalı və bu əlamətlərin olub-olmadığını anlamalıyıq. Əgər bu əlamətlər mövcud olarsa, həmin gün Allah-Taalanın bəşər cəmiyyəti üçün təyin etdiyi çarə və əlacın intizarını çəkməliyik. Həmin əlamətlər olmadıqda sevinməli və bilməliyik ki, çatışmazlıqlara son qoyulmuşdur. Amma bu əlamətlərin var olduğunu görsək, anlamalıyıq ki, bəşəriyyət ölü, xəstə və bədbəxtdir. Başa düşməli, nəticə çıxarmalıyıq ki, bu zaman bəşərin əlacı İslamın zühur etdiyi ilk günlərdə Allah-Taalanın onun üçün təyin etdiyi həmin əlacdır.

Əmirəlmöminin Əlinin (ə) nəzərində besətdən öncəki cəmiyyətin xüsusiyyətləri – Göndərilmiş son Peyğəmbərlə (s) həmin cəmiyyət arasındakı zaman fasiləsi

أَرْسَلَهُ عَلَى حِينِ فَتْرَةٍ مِنَ الرُّسُلِ

“Allah-Taala Peyğəmbəri (s) keçmiş peyğəmbərlərdən uzun müddət sonra peyğəmbərliyə seçdi.”

İsrail övladlarının dövründə bəzən eyni zamanda dünyanın müxtəlif məntəqələrinə bir neçə peyğəmbər göndərilirdi. Həzrət Musa (ə) ilə canişinləri (ilahi peyğəmbərlər) arasında fasilə düşmədi. Əmanət ardıcıl şəkildə əldən-ələ ötürülürdü. Bəşəriyyət hələ də məntiqi, ideoloji yetkinliyə çatmamışdı. Bu da ilahi mesajın əldən-ələ ötürülərək bəşəriyyətə çatdırılmasını tələb edirdi. Lakin böyük İslam Peyğəmbəri (s) zühur etdikdə, bəşəriyyət yetkinlik və kamillik astanasında idi. Bəşər (doğru) bir yol tapmağa yaxınlaşmış, son ilahi və səmavi mesajı qəbul etməyə hazır idi. Bunun üçün peyğəmbərlərin ardıcıl olaraq göndərilməsinə zərurət yox idi. Odur ki, Həzrət İsadan (ə) sonra bizim Peyğəmbərə (s) qədər böyük peyğəmbər göndərilmədi. Tarixdə bu zaman fasiləsində bir-iki nəfərin peyğəmbər kimi adı çəkilsə də, dəqiq və sübut olunmuş məlumat deyil. Həzrət İsanın (ə) peyğəmbərliyi ilə bizim Peyğəmbərin (s) peyğəmbərliyi arasındakı fasilə, təqribən, altı yüz il olmuşdur. Buna görə də, Əmirəlmöminin (ə) buyurur:

أَرْسَلَهُ عَلَى حِينِ فَتْرَةٍ مِنَ الرُّسُلِ

“Allah-Taala (keçmiş) peyğəmbərlərdən uzun müddət və fasilə keçdikdən sonra Öz Peyğəmbərini (s) göndərdi.”

Bu, bir nişanə idi. Bu gün İslam günəşinin nur saçdığı vaxtdan on dörd əsr keçir. O zaman altı əsr fasilə var idisə, indi on əsrdir.

Ümmətlərin qəflət yuxusunda olması

وَ طُولِ هَجْعَةٍ مِنَ الْأُمَمِ

“Peyğəmbəri (s) ümmətlər dərin yuxuya getdiyi bir vaxtda göndərdi.”

Peyğəmbərlər gəlib əllərindəki agahlıq qırmancı ilə ümmətlərin anesteziya olunmuş və yuxuya getmiş bədənlərinə vururdular. Peyğəmbərlərin gəlişində müəyyən fasilələr yaranırdı. Ümmətlər dərin qəflət yuxusuna gedirdilər. Ümmətlərin dərin yuxusu nədən ibarət idi? Ümmətlərin dərin yuxusu maddi və texnoloji sivilzasiyadan uzaq düşməsində deyildi. Rum (Bizans) imperiyası bu altı yüz il müddətdə tərəqqi və inkişafın pik nöqtəsi və zirvəsində idi. Tarixi vərəqləyin, baxın. Ərəbistanın bu altı yüz il ərzində iki qonşu ölkəsinin ərazisi o qədər böyük, zəmanəsinə uyğun maddi, hərbi və siyasi inkişaf səviyyəsi o qədər yüksək və parlaq idi ki, dünyanın iki supergücü bir an belə bir-birindən qafil olmurdu. Özlərini azad, güclü və aram gördükdə, rəqibinə hücum etmək fikrinə düşürdü. Onların arasında daim müharibə gedirdi. Peyğəmbəri-Əkrəmin (s) besəti və İslamın zühurunun başlanğıcında İranın fəthi və qələbəsi, Rum imperiyasının isə məğlubiyyəti ilə nəticələnən bir müharibə baş verdi:

غُلِبَتِ الرُّومُ. فِي أَدْنَى الْأَرْضِ

“Rumlular (iranlılara) məğlub oldular. (Ərəbistana) ən yaxın bir yerdə…”[3]

Onlar arasında həmişə müharibə gedirdi; çox ağır hərbi və siyasi müharibələr, ardıcıl hücumlar, silahlanma və iqtisadi sahədə müsabiqələr o günün mütərəqqi və mədəni cəmiyyət və xalqlarının əlaməti idi. Maddi mədəniyyətə doğru dördatlı çaparaq yürüyən bu ümmətləri dövrün ilk agah insanı – Əli ibn Əbutalib (ə) belə tanıtdırır:

وَ طُولِ هَجْعَةٍ مِنَ الْأُمَمِ

“Ümmətlər dərin yuxuya getmişdilər.”

Gündüz yuxusuna deyil, dərin yuxuya “həc`ə” (هَجْعَة) deyirlər. İnsan gündüzlər dərin yuxuya gedə bilmir. Gecələr ölü kimi yatmış insanın yuxusuna “həc`ə” deyirlər. Həzrət buyurur ki, ümmətlər ölü kimi yuxuya getmişdilər, heç nəyə diqqət yetirmir, heç nə anlamırdılar. Onları bir ümməti xöşəbəxt edən məsələlər – ayıqlıq və düşüncə maraqlandırmırdı. Tarixə nəzər saldıqda, bu iki böyük qüdrət sahibinin mədəni məsələlərdə vəziyyətinin sıfırdan da aşağı olmasını görərik. Keçmiş millətlərə nisbət verilən mədəniyyət və sivilizasiya əfsanədən başqa, bir şey deyildi. Əgər onlarda mədəniyyət olmuşsa da, mənəvi və insanlıq sahəsinə deyil, maddi sahəyə aid olmuşdur.

Bir xalqın ideoloji baxımdan mürgüləməsinin əlaməti nədir? Bu əlamət həyatın sonu və həqiqi taleyə bağlı olmamaqdır. Məsələləri düzgün dəyərləndirməyən, öz ətrafını tanımayan, düşmən hücumlarını görməyən, həmlələr müqabilində münasib reaksiya verə bilməyən, düşməndən qafil olan və onun təcavüzündən öncə qabaqlayıcı tədbirlər görə bilməyən insana “mürgüləyən” insan deyirlər. Ağıllı və ayıq insan bunları anlayır, əksinə, anlamayan, öz düşmənini tanımayaraq onu özünə dost, dostunu isə düşmən bilən xalq yuxudadır. İslamdan əvvəlki ümmətlər belə idi. İslamdan əvvəlki ümmətlərin maddi baxımdan tərəqqisinə fikir verməyin. Bu, onların ayıqlığını göstərmir, əksinə onlar böyük qüdrətlərə əsir olan kölələr idilər. Bu qüdrətlər öz xeyir və mənafelərinə uyğun zəruri şeyləri onlara verir və onlardan lazımi xidmət tələb edirdilər. Tarixi sivilizasiyaların tərəqqi əlaməti memarlıq idi. Memarlıq da saraylara, qılınc döyüşlərinə məxsus idi. Onların mədəniyyət əlaməti ev və əl işlərində özünü göstərən bekarçılıqlardan ibarət idi. Axı, nə üçün insan bir saxsı kuzə düzəltmək üçün saatlar, günlər və həftələr sərf etməlidir? İnsan öz hünərini, öz zövqünü və məharətini hansısa bir əl sənətinə, hansısa bir faydasız işə, bir səhəngə, bir qəndqabına, bir tabloya həsr etməlidir? Görəsən, buna səbəb nədir? Səbəb yolunun bağlı olmasını, ondan böyük işlər görə və cəmiyyətin xeyrinə addımlar ata bilməyəcəyini bilməyindir. Çünki cəmiyyətin geniş əhatə dairəsi və üfüqündə bu zövqdən, bu məharətdən və bu incəsənətdən istifadə edə bilməyəcəksən. Buna görə də özünə qapanırsan. Bu, bir xalqın ayıqlığı deyil, yuxuda olması deməkdir.

وَ طُولِ هَجْعَةٍ مِنَ الْأُمَمِ

“Ümmətlər dərin yuxuya getmişdilər.”

Ümmətlər qış yuxusundan ayıla bilmir, başlarına gələnləri anlamırdılar. Onları məcbur edən hər kəsə qul, kölə olurdular. Bu gecə onlara Rum imperatoru ağalıq edirdisə, sabahkı gün imperatorun qardaşı imperatorun boynunu vurub özü imperator olurdu, nəticədə yenə hamı köləlik edirdi. Xarici düşmənlər onlara hakim olduqda da vəziyyət eynilə belə idi. İran xalqı qüdrət sahiblərinin hakimiyyəti altında inləyirdi. Makedoniyalı İskəndər gəldi. Qüdrət sahiblərini aradan qaldırdı və özü çılğın qüdrətin sahibi oldu. Hamı onun ətrafında köləyə çevrildi. Rum cəmiyyəti də belə idi. Misir, Hind və digər yaxın və uzaq cəmiyyətlərdə də bu (acınacaqlı) vəziyyət hökm sürürdü. Bunun adı isə anlamazlıq, nadanlıq, qanmazlıq, öz vəziyyət və mövqeyindən xəbərsizlikdir. Bu uzun əsrlər boyunca bəşərin gözünə sevinc bəxş edə bilən bir insani mədəniyyət nümunəsi görünmədi.

Cəmiyyətin əsaslı şəkildə fitnələrlə mühasirəyə alınması

وَ اعْتِزَامٍ مِنَ الْفِتَنِ

“Fitnələr hər tərəfdən (hakim dairələrin əzmi və iradəsi ilə ciddi şəkildə) bütün cəmiyyəti, xalqları və ümmətləri mühasirə etmişdi.”

Bu da başqa bir əlamət, yəni üçüncü əlamət. Fitnə nədir? İnsanı məftun edən, düşüncədən saxlayan, doğru yoldan azğınlığa sürükləyən, bəşəriyyəti insanlığın əsas əlamətlərindən, yəni ağıl, iradə, məharət və məsuliyyətdən yayındıran hər bir şey fitnə adlanır. Əgər övlad insanı anlamaqdan, qərara gəlməkdən, iradəli olmaqdan daşındırırsa, insan üçün fitnədir. Əgər mal-dövlət insanı insanlıqdan uzaqlaşdırırsa, fitnədir. Əgər insanın həyatı onu ən böyük məsələlərdən və ali hədəflərdən çəkindirirsə, fitnədir. İnsanı özünə məftun edən və onu haqq yoldan uzaqlaşdıran hər bir şey fitnədir. Qeyd etdiyimiz kimi, Hüseyn ibn Əli (ə) Müaviyəyə yazdı ki, mən səndən böyük fitnə görmür və tanımıram.[4] Ən böyük fitnə sənsən. Çünki Müaviyə bütün insanları haqq yoldan, doğru işlərdən, doğru yolda addımlamaqdan saxlamışdı. Demək, fitnə idi. Fitnələr, fəsadlar ümmətləri qeyri-adi mühasirəyə almışdı Bəzən insan bir səhralıqda yolunu azıb qalır, digər tərəfdən də Allahın yağışı yağmağa və sel yaranmağa başlayır. Təbii ki, insan su arasında qalır. Bu, bir növ fəsaddır. Elə fəsad da var ki, bir insanı şəlalə altında, hər tərəfdən sular axan bir məkanda saxlayırlar (ki, su altında qalsın). Bu növ fəsad qəsdən törədilən fəsaddır. Fitnə-fəsad dalğaları bir insanı və yaxud bir ümməti hər tərəfdən mühasirəyə alır.

Əmirəlmöminin Əli (ə) buyurur ki, besətdən əvvəlki dövrlərdə insanlar əsaslı və şüurlu şəkildə fitnə-fəsadlara məruz qalırdı. Fitnə-fəsad yaradırdılar ki, insanlar anlamaq qabiliyyətini itirsinlər, (məsələn,) insanların başlarını şeir və musiqilərlə qatırdılar, spirtli içkilər və cinsi istəklərin təmini ilə məşğul edirdilər. İnsanları üzərində düşünülməsi lazım olan işlərdən yayındırırdılar.

Baxın, İslamdan öncəki ümmətlərin keçmiş tarixində necə qəribə hadisələr baş verirdi? Hal-hazırda danışa-danışa, zehnimdə, gözümün önündə bir neçə bariz və məşhur nümunə canlanır. Romada baş vermiş güləş müsabiqələri haqqında eşidibsinizmi? O hadisələr adi deyil. Hər neçə gündən və yaxud hər neçə həftədən bir yarış keçirilir və pəhləvanlıq nümayiş etdirmək məqsədilə iki nəfəri bir-birinin canına salaraq dalaşdırır, minlərlə bədbəxt və biçarə insanı da tamaşa üçün meydana toplayırdılar. Yaxud bir pəhləvan öküzlə döyüşə girirdi ki, həmin öküzü öldürsün, ya da qarnını yırtsın. Camaat da ona tamaşa eədərək ləzzət alırdı ki, bəh-bəh, nə güclü pəhləvandır! Bəzən də həmin pəhləvan öküzün ayaqları altında qalaraq xurd-xəşil olurdu. Bu yarışların camaata faydası yox idi. Axı, camaat öküz yarışı ilə nə əldə etmək istəyirdi? Pəhləvanların tamaşasına gələn camaat nə əldə etmək istəyirdi? Onların qarınları ac idi. Bu işlə camaat arasında əxlaqi pozğunluqları yayırdılar ki, onlar anlama qabiliyyətini itirsinlər, başları elə qatışsın ki, mövqelərini dərk etməsinlər. Bütün bunlar hesab-kitab əsasında və düşünülmüş şəkildə həyata keçirilirdi. Ərəbistanda da işlər planlı şəkildə yerinə yetirilirdi. Bəli, böyük ölkələr və müstəmləkəçilərin müəyyən mərasim və əyləncələr təşkil edib camaatın başını həmin şeylərə qatmaqda məqsədi bu idi ki, camaat anlamasın, pozulsun, azğınlıqda qalsın.

وَ اعْتِزَامٍ مِنَ الْفِتَنِ

“Fitnələr bütün cəmiyyəti mühasirəyə almışdı”, özü də əsaslı və təsirli, əzm və iradələri süstləşdirən, məftun insanları fəsad mərkəzlərinə çəkib nəfsi istək alovunu şölələndirən və onu əldə etməyi asanlaşdıran fitnələr.

Fitnə-fəsad belədir! Bir gəncin qulağına şəhvəti təhrik edən şeyləri daim pıçıldasan, hey ona təlqin etsən, daim təkrarlasan, ehtiras içində məst olan bu gənci daha da məst-xumar etsən, sonra da onun qabağına bir ehtiras yemi atasan, nə nəticə verər? Siz deyin. Ona ehtiras hisslərini oyadan sözlər danışsan, cinsi istəklərini təhrik etsən, hətta “Bax, bu yaxşıdır, bunları mütləq sənə deməliyəm, cinsi məsələlər və sirlərlə tanış olmalısan, əgər tanış olmasan, geridə qalacaqsan, bu məsələdə məlumatsız olmaq aldanmaq deməkdir!” – kimi sözlərlə yanına fəlsəfə və dəlil-sübut da qoşsan, nəticə belə olacaq. Bu haqda kitablar yazsan, ona uyğun ideya versən, özünəməxsus düşüncə tərzi ilə qadın və kişi, gənc və qeyri-gənclər arasında cinsi istəklərin təhriki məqsədilə kütləvi informasiya vasitələrini onların ixtiyarında qoysan, bu zaman kim ciddi bir iş dalınca getmək istəyər? Kim vaxt tapar? Boynu şəhvət kəndiri ilə möhkəm bağlanmış və düyünlənmiş hansı bir şəxs özünü (bu durumdan) xilas edə bilər? Onun yolu həm enişdir, həm sürüşkən, həm bir nəfər onun boynuna kəndir ataraq üzüaşağı çəkir, həm də arxadan başqa bir nəfər əli ilə möhkəm itələyir. Əgər həmin adam başı üstə kəllə-mayallaq aşsa və aşağıya yuvarlansa, təəccüb edilməməlidir.

وَ اعْتِزَامٍ مِنَ الْفِتَنِ

“Əsaslı və məqsədli şəkildə hazırlanmış və şölələnmiş fitnələrə bürünən bir cəmiyyət.” Dünya belə bir vəziyyətdə yaşayırdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button