ArxivXəbər lentiXəbərlər

Məhəmməd Cavad Zərif: Azərbaycan ilə İran arasında dərin mədəni və tarixi bağlılıq var

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ortaq tarixi, mədəni və dini dəyərlərə söykənən Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, dövlət başçıları arasında səfər mübadiləsi, iki ölkənin yüksək rəsmilərinin görüşləri, həmçinin regional və beynəlxalq forumlarda nümayiş etdirilən qarşılıqlı dəstəyin əlaqələrimizi əsaslı şəkildə gücləndirdiyini bildirib.

Nazir Elmar Məmmədyarov İran İslam Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən mövqeyinə görə təşəkkürünü ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəhbərliyi altında iki ölkə arasında uğurlu əməkdaşlıq və səmimi qonşuluq, qarşılıqlı etimad və anlaşmaya söykənən Azərbaycan-İran qardaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində hər iki ölkə hökumətlərinin səyləri nəticəsində Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə nəzərəçarpacaq dərəcədə genişləndiyini qeyd edib.

Məhəmməd Cavad Zərif son illərdə iki ölkə prezidentləri arasında həyata keçirilən 7 səfər mübadiləsinin Azərbaycan və İranın ikitərəfli əlaqələri daha da genişləndirmək üzrə nümayiş etdirdikləri möhkəm iradənin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan və İran arasında dərin mədəni və tarixi bağlılığın mövcud olduğunu qeyd edən iranlı nazir ikitərəfli əlaqələrimizin hər iki xalqın maraqları və regionda davamlı sülhün yaradılması baxımından bundan sonra da genişlənməkdə davam edəcəyinə əminliyini ifadə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button