AktualArxivXəbər lentiXəbərlər

AXCP üzvü psixiatriya xəstəxanasından buraxılıb

azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, sosial şəbəkələrdə əhalinin sosial-iqtisadi durumuna görə, hökuməti, şəxsən Prezidenti tənqid etdikdən az sonra psixiatriya xəstəxanasına salınan Aqil Hümbətov oradan buraxılıb. Bu barədə Meydan TV-yə AXCP-dən verilən məlumatda bildirilir ki, aprelin 2-dən Maştağadakı Respublika Psixiatriya Xəstəxanasında saxlanan A.Hümbətov iyulun 1-də günorta saatlarında oradan çıxıb.

A.Hümbətov özü də Meydan TV-yə bildirib ki, iyulun 1-də gətirib ona xəstəxanadan buraxılması haqda sənədi təqdim edib, sərbəst olduğunu deyiblər.

A.Hümbətov əlavə edib ki, üç ay psixiatriya xəstəxanasında saxlanması sosial şəbəkələrdəki tənqidlərinə görə verilən cəza idi: “Özləri də yaxşı bilirdilər ki, mənim heç bir psixi problemim yoxdur”.

Küçədən tullantılar yığıb çeşidləməklə ailəsini dolandıran, sosial şəbəkələrdə hökuməti tənqid edib, uşaqpulu tələb edən A.Hümbətov martın 29-da belə çıxışlarından bir gün sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra onu bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada saxlandığı müddətdə xəstəxananın baş həkimi Ağahəsən Rəsulov onun məcburi müalicəyə cəlb olunmasına icazə almaq üçün Sabunçu rayon Məhkəməsinə ərizə verib. Lakin hakim Samir Talıbov aprelin 1-də baş həkimin ərizəsinə baxaraq, onu təmin etməyib. Həmin gün də o, evə buraxılıb. Aprelin 1-də yenidən sosial şəbəkələr vasitəsilə başına gələnləri açıqlayan A.Hümbətov ertəsi gün günorta yenidən zorla xəstəxanaya aparılıb.

Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov onun şikayətini təmin edib və dərhal da A.Hümbətov xəstəxanaya salınıb. O vaxtdan da oradan buraxılmayıb.

İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümbətovun xanımı bildirib ki, şikayətçi kimi adı keçən üç nəfərdən onların yaşadığı Zirə qəsəbəsində adamları şərləmək məqsədilə tez-tez istifadə olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button