ArxivSosialXəbər lentiXəbərlər

AXCP üzvlərinin həbsi pislənir

“Hakimiyyətin həyata keçirdiyi həbslər Azərbaycanın dövlət mənafeyinə ziddir”

Müsavat Partiyası siyasi motivli həbslərə son qoyulmasını, Qarabağ mitinqindən sonra həbs edilən AXCP üzvlərinin və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir.

Bu fikirlər partiyanın iyulun 28-də yaydığı bəyanatda öz əksini tapıb.

Müsavat Partiyası hesab edir ki, milli orduya dəstək məqsədilə keçirilən 14-15 ilul aksiyasında iştirak edən onlarla şəxsin, o cümlədən AXCP üzvlərinin həbsi ölkədə repressiyaların davamıdır:

“Həmrəyliyə böyük ehtiyac olan indiki dövrdə hakimiyyətin həyata keçirdiyi həbslər insan hüquqlarının kobud pozuntusu olmaqla bərabər, həm də Azərbaycanın dövlət mənafeyinə ziddir”.

Müsavat Partiyası siyasi motivli həbslərə son qoyulmasını, Qarabağ mitinqindən sonra həbs edilən AXCP üzvlərinin və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir.

Divanda müxalifət partiyaları və vətəndaş cəmiyyəti nümayəndələrinin repressiyalara qarşı birgə mövge sərgiləməsinə dair məsələ müzakirə olunub.

Niderlandda mühacir həyatı yaşayan Sülh və Demokratiya İnstitunun sədri Leyla Yunus da son həbslərlə əlaqədar bəyanat yayıb.

Bəyanatda müəllifi hesab edir ki, Azərbaycanın avtoritar hakimiyyəti dissidentlərin, söz azadlığı və müxalifətin susdurulması üçün COVİD-19 pandemiyasından istifadə edir. Neftin qiymətinin ucuzlaşması və pandemiya Azərbaycanda ciddi sosial-iqtisadi problemlərə səbəb olub və vətəndaşları etirazlara sövq edə bilər. Lakin hakimiyyət repressiya yolu ilə istənilən vətəndaş fəallığının qarşısını almaq qərarına gəlib.

Leyla Yunus həbslərə cari ilin martında başlanıldığını xatırladaraq vurğulayıb ki, müxalifət lideri Tofiq Yaqubluya və Xalq Cəbhəsi aparıcı müxalifət partiyasının onlarla fəalına qarşı saxta cinayət ittihamları irəli sürüb.

Hüquq müdafiəçisi xatırladıb ki, 12-16 iyulda Ermənistan-Azərbaycan dövlət sərhəddində toqquşma baş verib. Həlak olan əsgərlərlə həmrəylik əlaməti olaraq iyulun 14-də axşam Bakının mərkəzində minlərlə insan yürüş edib:

“Hakimiyyət onlarla müxalifətçini məsuliyyətə cəlb etmək üçün vətəndaşlarla polis arasında toqquşma yaradıb. Jurnalistlərin çəkdikləri videodan aydın görünür ki, qapısı gözlənilmədən açılan parlamentin binasına ilk daxil olanlardan biri DTX əməkdaşları, o cümlədən general-mayor Rauf Xələfovdur (prezidentin bibisi oğlu). Aydın görünür ki, DTX zabitləri də daxil olmaqla nümayişçilər parlamentin foyesinə daxil olur, sonra isə onu tərk edirlər. Orada heç bir şeyə ziyan dəyməyib və sındırılmayıb. Lakin iyulun 21-də İlham Əliyev müxalifəti dövlət çevrilişi hazırlamaqda ittiham edib. Onun sözlərinə görə, bu, parlamentin binasını ələ keçirməklə başlayıb. Bundan sonra bir neçə sutka ərzində təxminən 150 nəfərə yaxın adam saxlanılıb. Onları vəhşicəsinə döyüblər, işgəncə veriblər, qarşıdakı çevriliş haqqında ifadə verməyi tələb ediblər. Onlarla vətəndaş inzibati ittihamlara cəlb edilərək 15 gündən 60 günədək həbsdə saxlanılıb. İctimai asayişin pozulması, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi ittihamları ilə 29 vətəndaşa qarşı cinayət işi başlanılıb”.

Leyla Yunus hazırda ölkədə siyasi məhbusların sayının 190 nəfərə çatdığını bildirib:

“Beynəlxalq birlik müdaxilə etməsə, onların sayı bundan sonra da artacaq”.

İyulun 14-dən 15-ə keçən gecə onminlərlə insan Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində başladığı döyüşlərə etiraz əlaməti olaraq orduya dəstək aksiyası keçirib. Aksiyanın sonunda bir qrup insan parlamentin binasına daxil olub. Əraziyə cəlb edilmiş polis qüvvələri parlamentə daxil olanları oradan çıxarıb, bir neçəsini saxlayıb, parlament qarşısında yığışanları dağıdıb. Aksiyanın səhəri gün Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident İlham Əliyev bu işlərin təşkilində AXCP-ni günahlandırıb:

“Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

AXCP Rəyasət Heyətinin üzvü, keçmiş siyasi məhbus Fuad Qəhrəmanlıya qarşı isə hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər maddəsilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Pariyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə də Fuad Qəhrəmanlı kimi dörd maddə ilə ittiham irəli sürülüb. O da CM-nin 186, 233 və 315-ci maddələrilə yanaşı, həm də 278-ci maddəsilə – dövlət çevrilişinə cəhddə ittiham olunur. İyulun 28-də Nəsimi Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçilib.

“Çünki bizim tərəfimizdən nəinki təxribatlara, qarşıdurmalara bir bəhanə verilmədi, əslində, başqa ölkələr üçün də nümunə olacaq presedent yaradıldı. Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Amma əvəzində qeyri-adekvat cavab aldıq. Dedilər ki, Xalq Cəbhəsi ermənidən daha betər düşməndi, onu bir siyasi qüvvə olaraq, məhv etmək lazımdır. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button