ArxivXəbər lentiXəbərlər

Avropa İttifaqı: Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət narahatlıq doğurur

  • Qurumun hesabatında Azərbaycanla bağlı tənqidi fikirlər var
Avropa İttifaqı dünyada insan hüquqları və demokratiya ilə bağlı illik hesabat yayıb.
Birliyin saytında yayılan hesabatın Azərbaycan bölməsində qeyd olunur ki, ölkədəki insan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur:
“Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı, hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir. Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılmışdır; məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanması halları baş verib”. Hesabatda Vəkillər Kollegiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxışını qadağan edən qaydalar tənqid olunub, hesab edilir ki, bu, ədalət mühakiməsinə çatımlığa ciddi şəkildə maneə yaradır. Eyni zamanda Vəkillər Kollegiyasının fəal vəkillərin lisenziyasını ləğv etməsi də tənqid edilib. Hesabatda bildirilib ki, Aİ-nın Azərbaycanla əməkdaşlığı son vaxtlar, xüsusilə də 2018-ci ilin sentyabr ayında Tərəfdaşlıq Prioritetlərinin imzalanması ilə intensivləşib ki, bu da növbəti illərdə əməkdaşlığı istiqamətləndirəcək və genişləndirəcək:
“Bu prioritetlər 2020-ci ilədək maliyyə əməkdaşlığımızı siyasi çərçivə ilə təmin edəcək. Aİ-Azərbaycan arasında yeni Saziş ətrafında aparılan danışıqlar davam edir. Demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sazişin əsasında duran məsələlərdir”.
Hesabatda xatırlanıb ki, Azərbaycanda İH və demokratiya ilə bağlı vəziyyətə dair 2018-ci ildə üç bəyanat verilib:
“Jurnalist Əfqan Muxtarlı barəsində məhkəmə qərarının verilməsinə dair Mətbuat Katibinin verdiyi bəyanat (14 yanvar 2018); Azərbaycan Respublikasında prezident seçkilərinə dair Aİ bəyanatı (12 aprel 2018); və İlqar Məmmədlinin şərti azadlığa buraxarılması ilə bağlı Mətbuat Katibininin Bəyanatı (14 avqust 2018). 2018-ci ilin mart ayında keçirilən İnsanlar Arasında Əlaqələr üzrə alt-komitənin iclası zamanı Aİ və Azərbaycan sosial hüquqlar və sosial inteqrasiya, yoxsulluğun azaldılması və sosial müdafiə ilə bağlı vəziyyəti nəzərdən keçirib və bu sahədə mümkün əməkdaşlıq formalarını müzakirə ediblər. İttifaqın Bakıdakı Nümayəndəliyi insan hüquqları ilə bağlı təcili məsələlərin ünvanlanması üçün Ədliyyə və Daxili İşlər nazirlikləri ilə işçi səviyyəsində münasibətlər qurub, humanitar mahiyyətli bir sıra müraciətlər təqdim edib. Üzv dövlətlərlə yaxın əməkdaşlıqda Aİ Nümayəndəliyi siyasi məhbuslar, müxalifətdən olan fəalların inzibati qaydada saxlanması kimi cari halları yaxından yoxlayıb, müxalifətdən olan tərəflərin vəkilləri və qohumları, nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, eləcə də dövlət qurumları ilə görüşlər keçiriblər”.
Sənəddə qeyd olunub ki, Aİ-nın Azərbaycana yardımı indikativ olaraq yeddi ili əhatə edən (2014-2020) 139 milyon avro və 169 milyon avro arasında proqramlaşdırılıb. Avropa Qonşuluq Alətinin ilk beş ilində Azərbaycana yardım paketi 79 milyon avroya bərabər olub. 2019-cu il üçün Aİ-nın nəzərdə tutulan yardımı (15 milyon Avro) ŞT-nın dörd prioritet sahəsində Aİ-Azərbaycan arasında Tərəfdaşlıq Prioritetlərinin həyata keçirilməsini dəstəkləyəcək, vəsaitlərin bir hissəsi vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönələcəkdir.
Sonda bildirilib ki, Avropa Şurasının üzvü olaraq Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunlaşmaq və onları tam şəkildə həyata keçirmək öhdəliyi var. AŞ-ın Azərbaycanda əməkdaşlıq proqramları (çox zaman AŞ-Aİ birgə proqramlarıdır) konstruktiv əlaqə vasitəsidir. 2018-ci ilin oktyabr ayında qəbul edilmiş Fəaliyyət Planına əsasən Avropa Şurası və Azərbaycanın qurumları məhkəmə və prokurorluq xidmətinin səmərəliliyini, hesabatvermə və şəffaflığını daha da artırmağa, Avropa insan hüquqları standartlarının tətbiqini genişləndirməyə, penitensiar sistemin islahatını təkmilləşdirməyə yönələn əməkdaşlıq proqramları vasitəsilə islahatları birgə aparmağa və korrupsiya və çirkli pulların yuyulması əleyhinə mübarizəni gücləndirməyi davam etməyə razılaşıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button