Müsahibə

““Allahu Əkbər” deyərək günahsız insanı öldürmək İslama hörmətsizlikdir”

Qarşıdan Məhərrəmi ayı gəlir. Bu ayda nələri etmək olar? Bu ayda nələri etmək olmaz? Bu və digər məsələlərlə bağlı Hacı Şahin Həsənli müsahibə verib.  

-Təbrik edirəm sizi, səkkizinci dəfə həcc ziyarətində olmusunuz. Ziyarətlə bağlı təəssüratlarınızı bilmək istərdim…
-Həcc çox böyük bir ziyarətdir. Allahın vacib buyurduğu ziyarətdir, hər bir müsəlmana vacibdir. Növbəti dəfə Həccdə olmağımı çox yüksək dəyərləndirirəm və Allahıma şükür edirəm ki yenidən bu ziyarəti mənə nəsib edib.
Kimlərinsə haqqını tapdalayaraq, Həccə getmək düzgün deyil. Həcc ziyarətinin qəbul olunması üçün əsas şərt, bu ziyarətə halal qazanılmış pulla getməkdir. Şəxsin kiməsə borcu varsa, boynunda kiminsə haqqı varsa, haqqlar qaytarmalıdır, onunla halallaşmalıdır.

-Əgər kimsə halallıq vermirsə, bu halda şəxsin ziyarəti qəbul olmayacaq?
-Ona halallıq verməyibsə, dərhal o şəxsin haqqını qaytarmalıdır.

-Əgər bir imkansız şəxs maddi yardım üçün Hacı titulu qazanan şəxsə müraciət edib, ondan kömək istəsə, hacı ona köməklik etməkdən imtina etsə, bu halda boynuna günah yazılırmı?
-Hər bir hacı olan, söhbət yalnız hacılardan getmir, əsil müsəlman olan şəxs maddi imkanı yaxşıdırsa, kömək etmək iqtidarındadırsa, bunu etməlidir. Kimsə imkanlıdırsa, ehtiyacı olan, qapısına gələni əliboş qaytarırsa, o şəxs müsəlman deyil. İmkanın olduğu halda imkansıza əl tutmaq, hər bir müsəlmanın müsəlmanlıq borcudur. Ümumiyyətlə insan olanın insanlıq borcudur.

-Bəs “hacı” adından süni istifadə edənlər barədə fikirləriniz nələrdir?
-İstənilən adlardan istifadə edənlər olur, o cümlədən də hacı adından. Təbii ki, bu bəyənilən əməl deyil və günahdır. Ziyarət o zaman qəbuldur ki, Allahın razılığı üçün icra olunsun. İnsan Allah rizası üçün ziyarətə gedirsə, hacı sayıla bilər. Amma başqa niyyətlə gedən həcc ziyarəti düzgün sayılmır, qəbul olunmur.

-Siz ANS kanalında, “Günəbaxan” verlişində də bu haqda danışmışdız. Kimsə kiməsə bilərəkdən əziyyət veribsə, zərər verdiyi şəxsə kəfarət ödəməlidir. İstərdim bu məsələyə bir də toxunaq.
-İnsan ziyarət zamanı da diqqətli olmalıdır. Bəzi haram əməllərə yol verməməlidir. Əgər hər hansı bir səhvə yol verərsə, qoyun kəsib fəqirlərə paylamalıdır. Bilmədən də etsə, bilə-bilə də etsə, kəffarə verməlidir.

-Belə bir fikir eşitmişəm ki, əgər hər hansı bir yerdə əvvəllər qəbristanlıq olubsa, orada məscid tikmək düzğün sayılmır. Bu barədə nə deyə bilərsiz?
-Şəriət qanunlarına əsasən qəbristanlıq olmuş yerdə, məscidin inşa edilməsinə icazə verilir. Ümumiyyətlə isə qəbirlərin olduğu yerdə namaz qılmaq bəyənilmir. Amma övliyaların qəbri olan yerlərdə məscid tikilir və orada namaz da qılmaq olar.

-Namaz qılınan yerlərdə şəkillərin olması düzgündür, yoxsa yox?
-Namaz qılınan otaqda insan şəkillərinin olması bəyənilmir. Amma namazı batil etmir. Yaxşı olar ki, namaz qılınan otaqda şəkil asılmasın.

-Əgər bir insan kiminsə haqqı boynunda qalaraq rəhmətə gedibsə, bu halda məsələ necə həll olunur?
-Əgər bu məsələ, maddi məsələdirsə, mərhumun varisləri ödəməlidir. Övladları borclu qaldığı şəxsin borcu qaytarılmalıdır. Əgər mənəvi məsələdirsə, yaxşı olar ki, varisləri tərəfindən haqqı tapdanan şəxsdən halallıq alınsın. Halallıq alınmazsa vəfat edən sorğu-sual ediləcək.

-Son illərdə müsəlmanların kütləvi qırılmasını, həm televiziyada və sosial şəbəkələrdə çox görürük. Xüsusilə müsəlman şiələrə qarşı çox təxribatlar törədilir. Bu barədə nələr düşünürsüz?
-Tək islamda deyil, bütün dinlərdə də belədir. Günahsız insanın öldürülməsi çox böyük və ağır günahdır. Bir günahsız şəxsi öldürən sanki bütün bəşəriyyəti öldürür. İnsan öldürmək dinimizdə böyük günahdır. Xüsusilə bu terror aktlarının din adı ilə həyata keçirilməsi çox böyük faciədir. “Allahu Əkbər” deyərək günahsız insanı öldürmək, kiminsə başını kəsmək, insan qanı axıtmaq, bu islam dininə qarşı olan böyük hörmətsizlikdir. Bu islam dininin təhqir olunmasıdır. Bu kimlərəsə sərf edir ki, müsəlmanları terrorçu obrazında təqdim etsin. Təbii ki, zorakılığın dinlə heç bir əlaqəsi ola bilməz. Elə bir din yoxdur ki, insanları zorakılığa dəvət etsin. İlahi din necə buna yol verə bilər?! Adam öldürmək, yalnız təcavüzə cavab vermək zəruri olduğu halda ola bilər. Əgər bir xalqın əraziləri işğal olunubsa, öz torpağını ala bilmək üçün ayağa qalxırsa, yalnız bu halda din öldürməyə icazə verir. Hər hansı bir millətin öz torpağını azad etməsi üçün, təcavüzə cavab verməsi üçün din müharibəyə icazə verir. Dinimizdə insan öldürmək böyük günahdırsa, “Allahu Əkbər” adı ilə öldürmək daha böyük günahdır.

-Noyabr ayının 5-dən Məhərrəm ayı başlayacaq. Bu ayda toy, şənlik keçirilməsinə din adamı oaraq münasibətiniz necədir?
-Məhərrəmlik ayında Peyğəmbərimizin nəvəsi İmam Hüseyn qətlə yetirilib və şəhidlik zirvəsinə ucalıb. Bu İslam tarixində həm böyük bir qəhrəmanlıqdır, həm də çox böyük bir faciədir. Böyük faciədir o səbəbdən ki, İslam cəmiyyəti öz peyğəmbərinin nəvəsini qətlə yetirib. Məzhəbindən asılı olmayaraq, bu hadisə bütün müsəlmanlar üçün qəbul olunan hadisədir və bu hadisədən öyrəniləsi şeylər də çoxdur. İmam Hüseynə hörmət olaraq millətimizin neçə əsrlərdir ki, Məhərrəm ayında toy-düyün, nişan mərasimləri keçirilmir. Mən düşünürəm ki millətimiz bu ənənəyə sadiq qalsaq yaxşıdır. Bu ayın hörmətini saxlamaq üçün, azərbaycanlılar bu ayda, şənliklərin, toyların təşkilindən çəkinməlidir.

-Məhərrəm ayında başqa nələrə riayət olunmalıdır?
– Bu ayda Kərbəla şəhidlərnin ruhunu şad etmək üçün təziyyələr, məclislər təşkil edilməlidir. Şəhidlərin ruhuna dualar oxunmalıdır.

-Bəzən düşünürlər ki, Məhərrəm ayında digər aylardan fərqli olaraq, edilən günahın kəffarəsi daha ağır olur. Bu belədirmi?
-Xeyr. Kəffarə digər aylardakı kimidir.

– Bu ayda edilən ziyarətlər daha savabdır?
-Bu ayda edilən ziyarətlər müstəhəbdir. Peygəmbərin qırxı günü Kərbəlanın ziyarəti və İmam Hüseynin şəhid olduğu Aşura günü Kərbəlanın ziyarət etmək daha yaxşıdır.

-Qətl günündə özünü döymək, incitmək nə qədər doğrudur?
-Bu gündə əzadarlıq etmək yaxşıdır. Amma ifrata yol verilməməlidir. İnsanın alnını yarması, bədənindən qan çıxarması düzgün deyil. Mərsiyyə oxumaq, sinə vurmaq qəbulediləndir, yaxşı sayılır. Amma insanın bədəninə xəsarət yetirməyi, qılıncla alnına vurub qan çıxarmağı qəbuledilməzdir.

-Əgər müsəlman, günah görübsə, bu barədə deməyibsə, o şəxs də bu günaha şərikdirmi?
-Müsəlman hər hansı bir günaha mövqe bildirməsə, bu da günahdır. İnsan bir günah barədə bilib, o günahı deməsə, o günaha şərikdir. Günahın qarşısını almağa çalışmaq, mövqe bildirmək, müsəlmanın vəzifəsidir. İnsanın ədalətsizliyə biganə qalması, o günaha şərik olaması deməkdir. Cəmiyyətimizdə hamı bir-birinə kömək eləməlidir. “Nəyimə lazımdır?”, – deyib heç kim haqsızlığa biganə qalmamalıdır. Saleh insanlar yaxşı nümunə olmaqla, haqsızlığa yaxud, əxlaqsızlığa qarşı mübarizə aparmalıdırlar.

Anspress

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button