ArxivXəbər lentiXəbərlər

Polis idarəsinə çağırılan adamı kim öldürüb?-VİDEO

Qazax Rayon Polis İdarəsinə sentyabrın 25-də, axşam saatlarında izahat üçün dəvət edilən rayon sakini Elmir Mirzə oğlu Axundovun idarədən cənazəsi çıxıb.

Bu barədə onun bacısı Ülviyyə Axundova məlumat verib.

O, bildirib ki, qardaşı Elmir Axundov polisə sadəcə izahat vermək üçün dəvət olunub. Ancaq idarədən meyiti çıxıb:

“Evdə idik. Axşam Bakıya gedəcəkdik. Qardaşım siqaret almaq üçün mağazaya getdi. Sonra xəbər gəldi ki, onu maşına mindirib, polis idarəsinə aparıblar. Eşidən kimi polis idarəsinə getdim. Məni içəri buraxmadılar. Az sonra təcili tibbi yardım maşını gəldi. Nə olduğunu soruşdum, mənə heç bir məlumat vermədilər. Elə bil Ermənistan-Azərbaycan sərhəddində idim. Dedilər, içəridə kimsə dalaşıb, həkim ona görə gəlib. Az sonra xəstəxanadan zəng etdilər ki, qardaşınızı vurub öldürüblər, gəlin aparın”.

Ü. Axundova deyir ki, meyitin üzərində zorakılıq izləri olub. Onun fikrincə, polislər onu döyüb, öldürüblər:

“45 dəqiqənin içində sapsağlam bir insanı öldürdülər. Onun hər hansı xəstəliyi, problemi yox idi. Ancaq biləyini, qolunu, əlini, ayağını qırmışdılar. Dizlərindən daş çıxarmışıq, sürüyüblər, nə ediblər, bilmirəm”.

Qardaşının indiyədək polislə hər hansı probleminin olmadığını söyləyən Ülviyyə Axundova onun Gürcüstan Respublikasından gündəlik təlabat malları gətirib, sataraq, dolandığını söyləyib:

“37 yaşı var idi. Bilmirik niyə belə etdilər, niyə öldürdülər, onunla problemləri nə idi. 102-yə, prokurorluğa məlumat vermişik. Hətta Qazax Rayon İcra Hakimiyyəti başçısının qəbulunda da olduq. Başçı “gedin işinizi görün. Mən də araşdıracağam, elə bilin mənim balamdır ölən. Arxayın olun, Bakıdan ekspert gətizdirəcəyəm” – deyib, bizi yola saldı. İndi cənazəmizi dəfn etməyə gedirik”.

Qazax Rayon Polis İdarəsindən Meydan tv-yə döyülmə halını təkzib ediblər. Qazax Rayon Prokurorluğundan isə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 124.1. (Ehtiyatsızlıqdan adam öldürmə) və 221.3. (Odlu və ya soyuq silah tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, evin bir oğlu olan 1981-ci il təvəllüdlü Elmir Axundov subay idi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button