ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Abbas Hüseyn həbsxanadan yazır: Cəmiyyətin şəhidlik və mənəviyyat müəllimləri

“Cəmiyyətin şəhidlik və mənəviyyat müəllimləri…

Şəhidlik ucalıqdır. Dünyada hörmətə, axirətdə fəxarətə layiq olan məqamdır. Şəhidlik məfhumu yalnız İslama aiddir desəm, zənnimcə, yanılmaram. Çünki başqa dinlərdə və qeyri-müsəlman millətlərdə fədakarlıq edərək, ölənlərə “qəhrəmancasına həlak oldu” deyirlər. İslamda isə dəyərlər uğrunda canından keçənlərə şəhid deyilir. Allah Qurani-Kərimdə ayələriylə, Peyğəmbər (s) hədisləriylə, məsumlar (ə) ilahi elmi biliklərindən doğan kəlamlarıyla dəyərlərə bağlılığı, əbədi diriliyi, şəhidliyin şirinliyini insanlara vəsf edirdilər. Əsrlərdir ki, şəhidlik kəliməsi öz sehri ilə insanların düşüncələrində və davranışlarında ehtirama səbəb olub. Natiqlərin dillərindən gözəl sözlərlə onlara təlqin edilib. Allahın buyurduqlarını, Əhli-beytin (ə) dili ilə şəhidliyi və Kərbəla məktəbini bu gün cəmiyyətə silsilə şəklində çatdıran dəyərli ruhanilər, ilahiyyatçılar, Allaha möhkəm imanla bağlı olan dindarlar olub. Dəyərləri qorumaq üçün hər şeyə razı olmağı, candan keçməyi, vətəni qorumağı yaşadığımız mühitdə onlar bizə öyrədiblər. Şəhidlik mərtəbəsini insanlara sevdirənlər vətən müharibəsində də həm ön cəbhədə, həm də arxa cəbhədə fəaliyyət göstəriblər. Əsgər qardaşlarımız meydanlarda düşmənlə üz-üzə dayandıqları zaman arxa cəbhədə də dəyərli ruhanilər və dindarlar şəhid ailələrinə mənəvi dəstəklərini göstərdilər, yaralı qazilərimizin səhhətləriylə maraqlandılar. İnanıram ki, fürsət düşsəydi, onlar da düşmənə zərbə vurub torpaqlarımızı azad etmək üçün bir dəqiqə tərəddüd etməzdilər. Çünki həmin dəyərli ruhanilər və dindarlar Allaha xatir ölməyi “yox olmaq” kimi görmür, şəhidliyi Allah bəndəsinə verilən ən böyük nemət kimi qəbul edirlər. Əziz ruhanilərimiz illərdir ki, Peyğəmbərimizin (s) hədisini dillərdə əzbər etdilər. “Vətəni sevmək imandandır” deyib müsəlmanların torpaqlarını qorunmasının qıldığımız namaz qədər vacib olduğunu göstərdilər. Allaha dua edib torpaqlarımızın azad edilməsi üçün Ondan yardım istədilər. İnsanların özündə daimi iman, inanclarımızda möhkəmlik yaratdılar. Azərbaycanımızın dini cameəsi əsgərin gözü arxada qalmasın deyə könüllü olaraq, hər gün ordumuzu və əsgər ailələrini diqqətdə saxladılar. Ayrılığa kədərlənlsək də, şəhid olmaqlarına sevindiyimiz bir neçə ruhani qardaşımız vətən müharibəsində şəhadət məqamını qazandılar. Onlar və digər əsgər qardaşlarımız şəhidlər sərvəri Hz.Hüseynə (ə) qovuşmaq üçün hər kəsdən önə keçdilər.

Uca Allah qazilərimizlə bizi sevindirdi. Hər azad olunan kəndlərdə, rayonlarda azan verilməsi, məscidlərdə edilən ibadətlər, “Allahu Əkbər”, “Ləbbeykə ya Hüseyn” deyib irəliləməyi görüb, eşitmək başqa bir həzdir. Bildiyim budur ki, bütün dəyərli ruhanilərimiz hər il “Məhərrəm” məclislərində Hz.Hüseyni (ə) təbliğ etməklə insanların qəlbində torpaqlarımızın azadlığı naminə toxumlar əkiblər. Ruhanilərimizin və dindarların özlərinə borc bildikləri üçün illər öncə və 44 günlük haqq savaşında da torpaqlarımızın azadlığı üçün böyük işlər görüblər. Onlar dünyada mükafatla təltif olunmasalar belə, vətən müdəfiəsindəki ilahi vəzifələrini yerinə yetirdiklərinə görə axirətdə mükafatlarını alacaqlar. Allah əməllərimizə xalislik, niyyətlərimizə təmizlik, gözəl işlərdə əzm və rəşadətə öz yanında yer versin. Amin!

Əziz ilahiyyatçılar və ruhanilər təşəkkür edirik.

Hörmətlə, Abbas Hüseyn

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button