ArxivXəbərlər

İnqilabın meyvəsi Bakı bazarlarında…

“Ərəb baharı”nın yeganə uğur qazandığı ölkə olan Tunis artıq inkişaf mərhələsini yaşayır

Ötən gün marketdə xurma almaq üçün məhsullara baxanda gözümə yeni quru və formalı xurmalar dəydi. Satıcı yeni gəldiyini dedi, baxdım üzərində Tunisdə istehsal olunduğu yazılırdı. İnqilabın meyvəsi Azərbaycana da gəlir artıq. Uzun illər Azərbaycan bazarında İran və İsrail xurmaları üstünlük təşkil edib. Tunis məhsulları bazarda təzədir.
Tunis xurmaları yadıma bir məsələni saldı. Bir neçə gün əvvəl xəbərlərdə rastıma çıxdı ki, Tunisdə turizm sürətlə inkişaf edir. Artıq avropalıların əsas seçimi Tunisdir. Ərazinin həm Avropaya yaxınlığı, həm də qiymətlərin həddən artıq ucuz və sərfəli olması, nəhayət ən mühümü ölkədə sabitliyin əldə olunması Avropa turistlərini Tunisə cəlb edir. 2010-cu ilin dekabrında baş verən üsyan və hakimiyyət dəyişikliyindən sonra Aralıq dənizinin sahilində yerləşən bu gözəl ölkədən turistlərin ayağı kəsildi. Səbəb real idi, çünki inqilab və başlayan xaosun bürüdüyü ölkəyə bir qayda olaraq turist gəlmir.
Ancaq indi artıq inqilabdan 3 ildən artıq vaxt keçib və ölkədə iqtisadi vəziyyət getdikcə stabilləşir. Doğrudur, işsizlik, siyasi böhranlar hələ tam aradan qaldırılmayıb, ancaq bütün bunlara rəğmən Tunisdə xarici turistlərə qarşı hələlik heç bir hücum qeydə alınmayıb. Ölkə hökuməti radikal islamçı qruplaşmaları ifşa edərək, ləğv edib. Bu günlərdə Avropa mediasına verdiyi müsahibədə Tunisin yeni baş naziri Mehdi Cümə avropalıları Tunisə dəvət edirdi. “Bu gün Tunis küçələrində həyatın keçmişdə olduğu kimi davam etdiyinə sizi inandıra bilərəm. Havalar çox gözəldir və biz də bu gözəl zamanın, sakit Tunisin həyatın zövqünü yaşayırıq” – deyə Cümə bildirib.
“Ərəb baharı” ilk dəfə Tunisdə başladı. 1988-ci ildən etibarən ölkəni “dəmir yumruqla” idarə edən Zeynalabidin bin Əlinin hökuməti başdan ayağa korrupsiyaya bulaşmışdı, ölkədə kasıblıq, işsizlik geniş yayılmışdı, əsas gəlirli sahələr hakim ailənin, o cümlədən prezidentin həyat yoldaşı Leyla Trablisinin şirkətlərinin nəzarətində idi. böyük turizm imkanlarına, Aralıq dənizinin sahillərindəki gözəl iqliminə, o cümlədən cənub-şərqdə enerji ehtiyatlarına rəğmən Tunis regionun ən kasıb ölkələrindən idi. 10 milyonluq əhalisi olan ölkədə işsizlik, yoxsulluq, ən əsası sosial ədalətsizlik və korrupsiya hökm sürürdü. Sidi Buəzid şəhərində küçə ticarətçisi Məhəmməd Buəzizinin bələdiyyə işçilərinin küçədə ticarət etdiyi arabasını almasına etiraz edərək özünü yandırması ilə alovlanan inqilab Tunisdə bir ay ərzində hakimiyyətin devrilməsi ilə nəticələndi. Və eyni zamanda ərəb regionunda böyük bir inqilab hərəkatının başlanmasına səbəb oldu.
Tunisdə başlayan inqilab bütövlükdə Yaxın Şərq və Şimali Afrika regionunda 4 ölkədə hakimiyyət dəyişikliyinə, yerdə qalan dövlətlərdə isə etiraz aksiyaları, hökumətlərin (İordaniya, Mərakeş, qismən Küveyt) istefaya getməsi, bir neçə ildir davam edən etirazlara və toqquşmalara (Suriya, Bəhreyn) səbəb oldu. Ancaq təəssüf ki, bu ölkələrdən yalnız Tunis inqilab sınağından uğurla çıxdı. Tunisdən dərhal sonra inqilabın baş verdiyi Misirdə artıq ötən il əks-inqilab baş verdi və hərbçilər hakimiyyəti ələ aldılar. Tunislə Misirin qonşusu olan Liviyada isə Qəzzafi artıq dünyada olmasa da, ölkədə radikal islamçı silahlı qruplarla ordu qüvvələri arasında qızğın döyüşlər gedir, bir çoxlarına görə xaos davam edəcək və Liviya hətta bölünə bilər. Yəmən inqilabı isə Əli Abdullah Salehin devrilməsi ilə nəticələnsə də, bu ölkədə hələ də normal siyasi sistem formalaşmayıb. Ölkədə radikal islamçılarla bağlı təhlükə günü gündən böyüyür.
Tunisdə inqilabın tez və uğurlu nəticələnməsi isə bir sıra səbəblərlə bağlıdır. Birincisi, ölkədə güclü siyasi institutlar vardı. Mülayim islamçı “ən-Nahda” hərəkatı Tunisdə böyük nüfuza malik olsa da, hərəkat ölkədə radikal islamın yayılmasına qarşı çıxdı, eyni zamanda milli birlik hökumətinin qurulmasına dəstək verdi. Məhz inqilabdan dərhal sonra Tunisdə yaranan 150-dək siyasi partiya ölkədə müxtəlif siyasi cinahların, o cümlədən solların ciddi təşkilatlarının olması Tunisdə zəngin siyasi palitranın olması ilə yanaşı, bu ölkədə normal siyasi sistemin qurulacağına ümidləri artırıb. Tunis “ərəb baharı” dalğasında hələlik özünü doğruldan yeganə ölkə olaraq qalmaqdadır.

Kənan
musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button