ArxivTarixXəbər lentiXəbərlər

1992-ci il 17 fevral: Qaradağlı soyqırımı

Qaradağlı soyqırımı — 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırım. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırılıb. Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki, dinc əhali öz döğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son nəfəsə qədər döyüşmüşlər.

Düşmənin hərbi qüvələri ilə qeyri – bərabər döyüşlərdə mərdlik, şücaət göstərmiş yerli əhali, təklənməsinə, köməksiz qalmasına baxmayaraq vətən uğrunda 5 ildən artıq düşmənə qəhrəmanlıqla müavimət göstərmişdir. Təxribatların 1988 – ci ilin fevralından başladığını, Tuğ, Saləkətin kəndlərinin 30 oktyabr 1991, Xocavəndin özünün 19 noyabr 1991,Naxullunun 10 yanvar 1992, Qaradağlının 17 fevral 1992, Muğanlı, Əmirallar, Kuropatkinonun 2 oktyabr 1992, Xətainin 20 avqust 1993, Günəşlinin 23 avqust 1993-cü ildə işğal olunması deyilənləri sübut edir.

Faciədən əvvəl kəndin vəziyyəti

Qaradağlı kəndi Xankəndi və Xocavənd (Martuni) şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük bir azərbaycanlı kəndi idi. Sovet hakimmiyyyəti dövründə kəndin qonşuluğundakı Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı azərbaycan kəndlərinin əhalisi köçməyə məcbur edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi.

Çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində ermənilər Dağlıq Qarabağın azərbaycanlı əhalisinə, o cümlədən Qaradağlı sakinlərinə qarşı müxtəlif təxribatlar törətmişdilər.

Belə bir təxribat 1967-ci ildə olmuşdur. Həmin ildə milli münaqişə yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan olan şəxslərə böhtan ataraq onları həbs etdirmişdilər. Onlar məhkəmədə bəraət almalarına baxmayaraq erməni quldurları günün günorta çağı Xankəndində, sovet əsgərlərinin gözü qarşısında həmin günahsız insanların üstlərinə benzin töküb yandırmışlar.

Sovet dövründə Qaradağlı kəndi bir müddət ermənilər yaşayan Qağarza və Baravat kəndləri ilə eyni bir kolxozda birləşdirilmişdi. Kolxozun bütün rəhbər işçiləri ermənilərdən təyin edilirdi. Ermənilər daima Qaradağlıların hüquğunu tapdalayır, kəndin rəhbərliyinə yaxın buraxmır, əmək haqlarını mənimsəyirdilər. 1971-ci ildə Qaradağlılar hökumət qarşısında erməni kəndlərindən ayrılmaq, müstəqil kolxoz yaratmaq məsələsini qoyaraq məqsədlərinə nail olmuşdular. Həmin ildən Qaradağlı camaatı ayrılaraq Nərimanov adına kolxoz təsərrüfatında birləşmişlər.

Ayrılma zamanı Xocavənd rayonunun erməni rəhbərləri əvvəlki kolxozun ümumi əmlakından Qaradağlıya heç bir pay verməmişlər. Hətta Qaradağlılara dədə-baba torpaq sahələrindən istifadəyə belə imkan verilmirdi.

Nəhayət gərgin mübarizə nəticəsində onlar müəyyən qədər əmlak payı, o cümlədən Nərgiztəpə deyilən yerdən 100 hektar əkinə yararlı torpaq sahəsi ala bildilər. Bu sahə kənddən 30 kilometr aralı olsa da kolxozun inkişafında mühüm rol oynamışdı. Müstəqil fəaliyyətinin beşinci ilində Nərimanov adına kolxoz Xocavənd (Martuni) rayonunda ən qabaqcıl təsərrüfatlardan birinə çevrilmişdi.

Xocavənddə 1988-ci ilin fevral ayının 12-də keçirilən iclasda həmişə olduğundan fərqli olaraq iclasın ancaq erməni dilində aparılması, azərbaycan dilində danışmağa imkan verilməməsi, iclasdan sonra ermənilərin azərbaycanlılara qarşı təhqiramiz fikirlər səsləndirməsi, əllərində Azərbaycan dövləti əleyhinə şüarlar tutmaları, səhəri günü Xankəndində keçirilmiş fəallar yığıncağında da ermənilərin eyni hərəkətlər etməsi Qarabağın bütün azərbaycanlı əhalisini, o cümlədən Qaradağlıları da narahat etməyə başlamışdı. Bundan sonra Xankəndində və Qarabağın ermənilər yaşayan bütün şəhər və kəndlərində millətçi nümayişlər və mitinqlər başlandı.

Bundan dərhal sonra bir qrup Qaradağlı kəndinin sakini Ağdama gedərək rayon rəhbəriyinə erməni təxribatları haqqında Bakıya məlumat verilməsini və ciddi tədbir görülməsini tələb etmişdilər. Onlar həmçinin erməni təxribatları haqqında Respublika və SSRİ rəhbərlərinin ünvanına yazılı müraciətlər də göndərmişdilər.

Rəhbərlik təxribatların qarşısını almaq əvəzinə Qaradağlıların şıkayət məktublarını tədbir görmək üçün vilayətin erməni rəhbərlərinə göndərirdilər ki, bu da onların vəziyyətini daha da ağırlaşdırırdı. Respublika rəhbərliyi tərəfindən Qarabağın digər azərbaycanlı əhalisi kimi taleyin hökmünə buraxılan Qaradağlılar özləri acınacaqlı vəziyyətdən çıxış yolunu axtarmağa məcbur olmuşdular. Kəndin nüfuzlu şəxslərindən, rayonun Tədarük İdarəsinin rəisi Məzahir Ağalarov, Xocavənd (Martuni) rayonu İcra hakimiyyətində işləyən yeganə azərbaycanlı Nüsrət Əzizov, kənd məktəbinin direktoru Nobil Zeynalov, Cahid Məmmədov, Soltan Bayramov Qaradağlını erməni təxribatlarından qorumaq üçün bəzi tədbirlər görməyə başlamışlar.

Özünümüdafiə dəstələrinin yaradılması

Kəndin belə ağır vəziyyətində əslən Qaradağlı, Rusiya ordusunda zabit kimi xidmət edən, baş leytenant Ədalət Məmmədov 1988-ci il mart ayında həmkəndlilərinin müracətinə cavab olaraq öz doğma kəndinə qayıtdı. Kəndin müdafəsinin təşkilində Ədalət Məmmədova kənd məktəbində hərbi hazırlıq müəllimi, ehtiyatda olan zabit Telman Tağıyev, Məmməd Məmmədov, Məhəmmədəli Bayramov və digər vətənpərvər insanlar yaxından kömək etmişdilər.

Qaradağlıda AXC özəyinin sədri Ağalar Məmmədovun könüllü müdafiə dəstəsinin yaradılmasında mühüm rolu olmuşdur. Onun təşkil etdiyi özünümüdafiə dəstəsinin Ədalət Məmmədovun sərəncamına keçməsi kənddə müdafiə batalyonunun yaradılmasına yaxından kömək etdi. Kəndin könüllüləri hərbi hazırlıqlara başlasalar da, kəndi müdafiə etmək üçün silahın olmaması ciddi çətinliklər yaradırdı. Dağlıq Qarabağda erməni təxribatları başladıqdan sonra 1988–1989-cu illərdə rəsmi strukturlar Qaradağlı kəndində üç dəfə silahyığma əməliyyatı keçirmiş, əhalidə olan adi ov silahlarını belə tamamilə müsadirə edilmişdir.

Vəziyyətdən çixmaq üçün Qaradağlılar ətraf rayonlarda yaşayan dostlarına, tanışlarına müracət etmiş, onlar da müəyyən qədər ov tüfəngi taparaq Qaradağlının müdafiəçilərinə göndərmişlər.

Münaqişə başlanandan bir neçə ay sonra Azərbaycan rəhbərliyi gec də olsa Qaradağlının problemləri ilə maraqlanmağa başladı. O zaman Qaradağlının ətraf erməni kəndləri və rayon mərkəzi ilə əlaqəsi kəsilmiş, işləyənlər işdən qovulmuşdular. Problemi həll etmək üçün kənddə çörək sexi, maqazalar, yeməkxanalar fəaliyyətə başladı. Qaradağlıda Bakı şəhəri 1 saylı tikiş fabrikinin və Gəncə Xalça Zavodunun sexləri, Bakı soyuducular zavodunun filialı açıldı.

Bundan başqa məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi və xəstəxana binalarının inşasına başlanıldı. Gənc ailələrə ayrılmış həyətyanı torpaq sahələrində 60-a qədər yeni evlər tikildi. Bundan başqa Qaradağlının müdafiəsi ilə bağlı da müəyyən işlər görüldü. Azərbaycan SSR Daxili İşlər Nazirliyi 30 nəfər Qaradağlı gəncini milis işçisi kimi işə qəbul edərək kəndin müdafiəsinə göndərməsi, Ağdamdan polis işçilərinin növbə ilə Qaradağlıya ezam edilməsi kəndin müdafiə güçünü bir qədər artırmışdı.

Erməni hücumlarının başlanması

1989-cu ilin ortalarından başlayaraq ermənilərin Qaradağlı kəndinə qarşı təxribatları getdkcə daha da gücləndi. Həmin il oktyabr ayının 12-də bir dəstə erməni qulduru kəndin yaxınlığındakı mal fermasına basqın edərək mal-qaranı ələ keçirmiş, ferma binasına və ot tayalarını yandırmışlar. Kəndin müdafiəçilərindən Ədalət Məmmədov, Faiq Tağıyev, Qərib Mustafayev, Nazim Vəliyev özünü hadisə yerinə yetirərək çətinliklə də olsa quldurları geri oturda bilmişlər.

1989 – cu ilin dekabrında kənd əhalisini vahiməyə salmaq və onları qaçmağa məcbur etmək üçün ermənilər hər axşam yanacaqla dolu alovlanan çəlləkləri ətraf dağlardan aşağı buraxmağa başlamışdılar. Müdafiəçilərin gördükləri tədbirlər nəticəsində ermənilərin bu vəhşiliklərinin də qarşısı alındı.

1990 – cı il yanvarın 15-də 20 nəfərə qədər silahlı erməni Qaradağlıya yaxınlaşıb kəndin kənarındakı evləri atəşə tutmuşlar. Özünü hadisə yerinə çatdıran müdafiəçnlər ilk açıq silahlı döyüşə girirərək düşməni geri oturtmuşdular. Erməni quldurları 10 aprel 1990 – cı il tarixdə yenidən kənddə hücüm etmişdilər. Atışma zamanı kənd sakini İlqar Əliyev ağır yaralanmışdı.

1990-cı il noyabr ayının 24-də saat 17- 00 radələrində Qaradağlıdan Ağdama gəlin aparan maşın karvanı, kəndin 5 kilometrliyində rus hərbi paltarı geymiş erməni quldurlarının təcavüzünə məruz qalmış, həmin hadisədə 3 nəfər qaradağlı həlak olmuşdu. Quldurlar hadisə yerini mühasirəyə alaraq meyidləri aparmağa gələnləri irəli buraxmır, prezident Ayaz Mütəllibovun gəlməsini tələb edirdilər. İki saatdan sonra, çətinliklə də olsa camaat meyidləri erməni quldurlarının əlindən ala bilmişdi.

Bu hadisədən sonra Qaradağlı müdafiəçiləri kəndin ətrafında güclü müdafiə postları, istehkamlar və səngərlər qurmaq qərarına gəldilər. Kəndin ətrafında 5 post yaradılıb etibarlı müdafiə qurğuları ilə təchiz olundu. Xankəndindən gələn yolu üstündə üç post qurulmuşdu. Xocavənd rayonu istiqamətində, kəndin girişində yaradılmış post əhəmiyyətinə görə birinci post hesab olunurdu. Bu postun keşikçilərlə təmin olunmasını məktəb direktoru Nobil Zeynalov öz üzərinə götürmüşdü. Orada əsasən Nobil Zeynalovun şagirdləri olmuş gənclər və məktəblilər keşik çəkirdilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button