ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Xanım Zəhranın (s.ə.) məqamı məsumların kəlamlarında

Xanım Fatimeyi-Zəhranın (s.ə.) məqam və fəzilətlərini dərk etmək üçün mütləq məsum rəhbərlərin kəlamlarına müraciət etmək lazımdır. Onların kəlamlarında o xanımın məqamı, kəramət və böyüklüyü aydın görünür:

1. Xanım Fatimeyi-Zəhra (s.ə.) Peyğəmbəri-Əkrəmin (s) kəlamında:

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Meraca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt meyvələrindən daddım. Meyvələr nütfəyə döndü. Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim və Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Behişt qoxusu arzulayanda, onu Fatimədən alıram.”

“Qızım Fatimə (s.ə.) əbədi оlaraq iki dünya qadınlarının хanımıdır. О, mənim cismimin yarısı, gözümün nuru, qəlbimin mеyvəsi və varlığımın ruhudur… Mеhrabda Allah dərgahında ibadətə başladığı vaхt nuru ulduz kimi səma mələkləri üçün parlayar. Bu zaman Allah-Taala mələklərinə buyurar: “Еy mələklər, Mənim hüzurumda ibadət üçün dayanmış kənizlərimin sərvərinə bir tamaşa еdin. Görün, dərgahımda bədəni nеcə əsir. О, bütün varlığı ilə mənə ibadət еdir…”

“Fatimə (s.ə.) İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və ona üstünlük verdi.” “Hər kəs Fatiməni sevsə, şübhəsiz, məni sevmiş və məni sevən də, şübhəsiz, Allahı sevmişdir.” “Həqiqətən, Allah Fatimənin razı olması ilə razı olar və qəzəblənməsi ilə qəzəblənər.”

2. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlinin (ə) kəlamında:

Nəql olunur ki, imam Əli (ə) ilə xanım Fatimeyi-Zəhra (s.ə.) evləndikdən bir neçə gün sonra Peyğəmbəri-Əkrəm (s) imam Əlidən (s): “Fatimə sənə necə zövcədir?” – deyə soruşduqda, imam Əli (ə) belə cavab verir: “Allaha itaət və bəndəçilikdə mənə ən gözəl yardımçıdır.” (Əl-mənaqib”, 3-cü cild, səh.355.)

3. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Həsənin (ə) kəlamında:

İmam Həsən (ə) anası Fatimə (s.ə.) haqda belə buyurmuşdur: “Bir gecə anamın mehrabda namaz qıldığını gördüm. O, gün doğana qədər rüku və səcdə etdi. Eşidirdim ki, bir-bir kişi və qadınların adlarını çəkərək onları dua edir, özünə isə bir hacət istəmirdi. Soruşdum: “Anacan! Nə üçün başqalarına dua etdin, lakin özünü dua etmədin?” Anam buyurdu: “Oğlum, birinci qonşu, sonra isə (öz) ev(in)! (“Biharul-ənvar”, 45-ci cild, səh.9.)

Həmçinin o həzrət buyrmuşdur: “Dünyada (anam) Fatimədən (s.ə.) abid bir kəs yox idi və o qədər ibadətlə məşğul olurdu ki, ayaqları belə şişirdi.” (“Biharul-ənvar”, 43-cü cild, səh.61.)

4. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Hüseynin (ə) kəlamında:

İmam Hüseyn (ə) “Aşura” gecəsi bacısı xanım Zeynəbin (s.ə.) taqətsizliyini gördükdə, ona təsəlli verərək keçmişdə nəsil-nəcabətinin başına gəlmiş ağır hadisələri, o cümlədən, anası Fatimənin (s.ə.) çətin günlərini xatırlayaraq buyurmuşdur: “Anam Fatimə məndən yaxşı idi, amma o da dünyada qalmadı.”(“Əl-kamilu fit-tarix”, 2-ci cild, səh.559.)

Digər bir rəvayətdə o həzrətin belə buyurduğu nəql olunur: “Bir gün Allahın Rəsulu (s) Ümmü-Sələmənin evində ikən, Sərsail adlı mələk o həzrətə nazil olub deyir: “Nuru nurla evləndir!” Allahın Rəsulu (s) “Kimi kimlə evləndirim?” – deyə soruşduqda, Sərsail deyir: “Qızın Fatiməni (s) Əli ibn Əbu Taliblə (ə)!” Ondan sonra Allahın Rəsulu (s) Cəbrail, Mikail və Sərsailin hüzurunda Fatiməni (s.ə.) Əli (ə) ilə evləndirir. (“Biharul-ənvar”, 43-cü cild, səh.213, hədis 31.)

5. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Səccadın (ə) kəlamında:

İmam Səccad (ə) buyurmuşdur: “Qiyamət günü xanım Fatimeyi-Zəhra (s.ə.) məhşər səhrasına daxil olduğu zaman, belə bir nida eşidilər: “Əhli-beytə (ə) məhəbbət bəsləyənlərdən başqa, hamılıqla başınızı aşağı dikin (ki, Fatimə (s.ə.) gəlir). Budur Mühəmmədin (s) qızı Fatimə!” Xanım Fatimə (s.ə.) və onunla birgə olanlar behiştə doğru hərəkət edərlər. Allah-Taala bir mələyi onun hüzuruna göndərib deyər: “Nə istəyirsənsə, Məndən istə!” Xanım Fatimə (s.ə.) ərz edər: “İlahi! Mənim istəyim odur ki, mənə və övladlarıma yardımçı olanları əfv et.” (Əvalimul-ülum”, 11-ci cild, səh.2, hədis: 1779-1780.)

6. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Baqirin (ə) kəlamında:

İmam Baqir (ə) Cabirə buyurmuşdur: “Qiyamət günü Cəbrail belə nida edər: “Xüveylidin qızı Xədicə haradadır? İmranın qızı Məryəm, Müzahimin qızı Asiyə və Musanın bacısı Ümmü-Gülsüm haradadır?” Onlar ayağa qalxarlar… Allah-Taala buyurar: “Ey əhli-məhşər! Bu gün Mühəmməd, Əli, Həsən, Hüseyn və Fatiməyə kəramət bağışladım. Başlarınızı aşağı dikin və gözlərinizi yumun ki, Fatimə behiştə daxil olmaq istəyir.” Ondan sonraCəbrail behiştdən bir dəvə gətirib xanım Fatiməni (s.ə.) behiştə aparar. Xanım behiştə yaxınlaşdıqda, behiştə daxil olmağa tələsər. Allah-Taala buyurar: “Nə üçün tələsirsən?” Fatimə (s.ə.) deyər: “Belə bir gündə məqamımın tanınmağını istəyirəm.” Allah-Taala buyurar: “Geri qayıt, səni və övladlarını sevən hər bir kəsin əlindən tut və beşhiştə apar!” İmam Baqir (ə) sözünə belə davam etdi: “Ey Cabir, Allaha and olsun! Həmin gün Fatimə (s.ə.) öz şiələri və dostlarını camaatın arasından yaxşı dəni pis dəndən ayıran quş tək ayıracaqdır.” (“Biharul-ənvar”, c.43, səh.64.)

7. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Sadiqin (ə) kəlamında:

Müfəzzəl ibn Ömər nəql edir ki, imam Sadiqdən: “Xanım Fatimeyi-Zəhra (s.ə.) necə dünyaya gəldi?” – deyə soruşduqda, o həzrət belə buyurdu: “Xədicə (s.ə.) Peyğəmbərlə (s) evləndikdən sonra Məkkə qadınları onunla əlaqəni kəsdilər. Heç kim onun yanına getmir, ona salam vermir və hətta qadınlara onunla əlaqə saxlamaq qadağan edilmişdi.

Peyğəmbərin (s) həyat yoldaşı onların bu rəftarından narahat olurdu. Nəhayət, Fatiməyə (s.ə.) hamilə olduğu zaman anasının bətnində onun qəm-qüssəsinə şərik oldu, Fatimə (anasının bətnində ikən) anası ilə danışır, onu səbir və təmkinli olmağa dəvət edirdi. O, anasının yeganə həmdəmi idi. Xədicə (s.ə.) övladı ilə danışdığını Peyğəmbərdən (s.ə.) gizlətsə də, bir gün Həzrət otağa daxil olanda Xədicənin (s.ə.) öz bətnindəki övladı ilə danışdığını gördü. Xədicə (s.ə.) Peyğəmbərin (s): “Səninlə danışan kim idi?” – sualına belə cavab verdi: “Bətnimdəki uşaq!” Peyğəmbər (s) buyurdu: “Cəbrail mənə xəbər verib ki, bu körpə, qızdır, özü də pak və mübarəkdir. Allah-Taala nəslimi onun vasitəsilə davam etdirəcək. Bu ümmətin rəhbərləri onun nəslindən vücuda gələcək və onlar vəhy kəsildikdən sonra Allahın yer üzündə xəlifələri olacaq.” (“Biharul-ənvar”, c.16, səh.79. )

İmam Sadiq (s) başqa bir hədisdə buyurmuşdur: “Fatimənin “Fatimə” adlandırlmasının səbəbi odur ki, insanlar onun həqiqətini dərk etməkdən acizdirlər.” (“Biharul-ənvar”, c.43, səh.65, hədis 580.)

8. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Kazimin (ə) kəlamında:

İmam Kazim (ə) buyurmuşdur: “Həqiqətən, Fatimə (s.ə.) düzdanışan və şəhiddir.” (“Miratul-üqul”, c.5, səh.315.)

9. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Rzanın (ə) kəlamında:

İmam Rza (ə) məsum ata-babalarından Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql etmişdir: “İmam Əli (ə) ilə xanım Fatimeyi-Zəhra (s.ə.) evləndikdən sonra Allah-Taala buyurdu: “Əgər Əlini yaratmasaydım, yer üzündə qızın Fatiməyə həyat yoldaşı tapılmayacaqdı.” (“Üsuli-kafi”, c.1, səh. 141, hədis 177.)

10. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Cavadın (ə) kəlamında:

İbn Həmzə imam Cavaddan (ə) belə nəql edir: “Allahın Rəsulu (s) Salman Farsiyə buyurdu: “Ey Salman! Allah-Taala qızım Fatimənin bütün əzalarını hədsiz iman və yəqinlə doldurmuşdur…” (“Əs-saqibu fil-mənaqib”, səh.29, hədis 248.)

11. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Hadinin (ə) kəlamında:

İmam Hadi (ə) Allahın Rəsulundan (s) belə nəql edir: “Xanım Fatimənin (s.ə.) “Fatimə” adlandırılmasının səbəbi odur ki, Allah-Taala onu və dostlarını cəhənnəm odundan uzaq saxlayacaqdır.” (“Lisanul-mizan”, c.3, səh.346.)

12. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Həsən Əskərinin (ə) kəlamında:

İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Biz imamlar Allahın sizin üzərinizdəki höccətləriyik. Bizim höccətimiz isə anamız Fatimədir (s.ə.).” (“Kafi”, c.6, səh.48.)

13. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Zamanın (ə) kəlamında:

İmam Zaman (ə) buyurmuşdur: “Rəsulullahın qızı Fatimə mənə ən gözəl nümunə və örnəkdir.” (“Əl-qeybət”, Şeyx Tusi, səh.286.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button