AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbildə Qarabağın işğalı ilə bağlı “İşğal və terrorla mübarizə” adlı konfrans keçirilib

Qarabağın işğalı ilə bağlı “İşğal və terrorla mübarizə” adlı konfrans İran və Azərbaycan ölkələrinin alim, tədqiqatçı, media təmsilçiləri və ictimai fəallarının iştirakı ilə bu gün səhər saatlarında Ərdəbilin Kövsər hotelinin toplantı salonunda baş tutub.

Qafqaz Mədəniyyət Mərkəzi – “İşğal və terrorla mübarizə” konfransında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Vətəndaş İnkişafı Partiyasının sədri Əli Əliyev, Qarabağ Azadlıq Təşkilatının sədr müavini İlqar Əliyev, şərqşünas alim Əkbər Bağırov, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Yeni Musavat qəzetinin əməkdaşı Elşad Paşasoy iştirak edirdilər.

Konfransın açılışında Ərdəbil Universitetinin müəllimi və Qafqaz məsələləri üzrə tədqiqatçı doktor Behnam Səhranəvərd qonaqları salamlayaraq, belə konfransların regionda, xüsusilə də İslamın bir parçası olan Qarabağda məşum terrorizm və işğalçılığın məhv edilməsinə pillə olmasını arzulayıb.

Doktor Səhranəvərd müsəlmanların məzlum xalqlara dəstək verməli olduğunu vurğulayaraq deyib: “Qarabağ İslam torpağıdır. Bu barədə Ali Məqamlı Rəhbər Ayətullah əl-üzma Xamenei buyurub: “Hər kəs Qarabağda düşmənlə mübarizədə həlak olsa, şəhiddir.” Bu məsələ Qarabağın biz iranlılar üçün nə qədər əziz olduğunu göstərir.”

Azərbaycan və Ermənistan ölkələri arasında 1992-ci ildə baş verən Qarabağ müharibəsinə toxunan tədqiqatçı deyib: “Təəssüflər olsun ki, o zaman Azərbaycan Respublikasının torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edildi, 1994-cü ildən sonra hərəkətə keçən beynəlxalq təşkilatların və Minsk qrupunun təlaşları da indiyə kimi səmərəli olmayıb.”

Doktor Səhranəvərdi çıxışının davamında deyib: “Bizim vəzifəmiz digər İslam ərazilərini müdafiə etdiyimiz kimi İslamın bir parçası olan Qarabağı da müdafiə etməkdir. Bu vəzifənin həyata keçməsi üçün Azərbaycan dövləti tərəfindən hərəkət olmalıdır.

Qarabağ müharibəsində İran İslam Respublikası bütün gücü ilə Azərbaycan Respublikası hökuməti və xalqına dəstək verdi. İndi də hər vaxt istəsələr, Azərbaycanın dövlət adamları Qarabağı geri almaq üçün siyasi iradə göstərsələr, yenə hər cür maddi və mənəvi dəstək verməyə hazırıq.”

Konfransın davamında QAT sədri Akif Nağı konfransın təşkilatçılarına, xüsusilə də Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amiliyə minnətdarlığını bildirərək deyib: “Biz qardaşıq və bir-birimizin yanında olmalıyıq. Bu gün terror və işğalçılıq bütün bəşəriyyət üçün bir təhlükəyə çevrilib. Keçmişdən işağala məruz qalan ərazilərdən biri də Qarabağdır. Bu haqda həll yolu tapmaq lazımdır.”

QAT sədri əlavə edib: “Ermənistan tərəfindən işğalçılıq, terror və təcavüz hərəkətlərinin şahidiyik. Dünyada işğalçılıqdan söhbət düşdükdə Qarabağdan da danışmaq, Fələstinin sionist rejim tərəfindən işğalına etiraz olunduğu kimi Ermənistana etiraz etmək lazımdır. Bu məsələ bütün dünyaya çatdırılmalı və pislənilməlidir. Biz işğalçılığı pisləməli, onunla mübarizə aparmalıyıq. Əks təqdirdə işğalçılıq davam edəcək.”

Akif Nağı deyib: “Bəzi ölkələr və beynəlxalq təşkilatlar öz rəftarları ilə İslama zərbə vurmağa, onu gözdən salmağa çalışırlar. Bu istiqamətdə İŞİD kimi terror qrupları yaradaraq öz nəhs məqsədlərini izləyirlər.

Hamımız bilirik ki, İslam dini vəhdət, sülh və ədalət dinidir. Bu din terror və işğalçılıqla mübarizə aparıb. Ona görə də İslama qarşı təxribat aparan düşmənlər sonda başıaşağı olacaqlar.”

QAT sədri əlavə edib: “Onlar (qərb dövlətləri) qəsdən İslamın simasını ləkələməyə çalışır. Bunun səbəbi dünyada İslamın nüfuzunu zəiflətməkdir. Çünki İslam dininin dünyada genişləndiyini görürlər və bunu özləri üçün çox böyük təhlükə hesab edirlər.”

Azərbaycan nümayəndə heyətinin sədri çıxışının davamında deyib: “Qarabağ məsələsi Fələstin məsələsi qədər İslam dünyasının mühüm bir mövzusu sayılmalıdır. Biz bunun həyata keçməsinə təlaş edirik.

İslam dünyasının Fələstin, Yəmən, Qarabağ, Suriya və s. kimi məsələləri yalnız müsəlmanların birliyi və əməkdaşlığı ilə həll olunmalıdır. Bu problemlərin bundan başqa çıxış yolu yoxdur.”

Akif Nağı vurğulayıb: “1992-ci ildə Qarabağ müharibəsi başlandığı vaxtdan İran daima Azərbaycanın yanında olmuşdur və bu barədə ciddi təlaş göstərmişdir. O dövrdə İranın xarici işlər naziri doktor Vilayəti də regiona gəldi və iki ölkə rəsmiləri ilə danışıqlar aparmaqla bu münaqişənin bitməsinə təlaş etdi.

1992-ci ildə Ayətullah Haşimi Rəfsəncaninin təşəbbüsü nəticəsində münaqişənin sona çatması istiqamətində sülh prosesi başladıldı, Azərbaycan və Ermənistan rəsmilərinin iştirakı ilə Tehranda görüş keçirildi. Amma bəzi güclər sülhün həyata keçməsinə mane oldular və bu gün də maneçilik prosesi davam edir.”

QAT sədri çıxışının sonunda deyib: “Qarabağ və İslam ölkələrində baş vermiş digər münaqişələrə son qoymağın yolu müsəlman ölkələrinin, əsasən də region ölkələrinin birliyidir. İnşallah bunun əlamətləri görünməkdədir və bu məsələ elə də uzaq olmayan gələcəkdə baş tutacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button