AktualAktualArxivXəbər lentiXəbərlər

“Erməni Qarabağda Allahın haqqına təcavüz edib” – Ərdəbildə möhtəşəm Qarabağ tədbiri – FOTOLAR

Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başa çatıb. Səfərin sonuncu günü Ərdəbil şəhərində Qarabağın işğalına, həmçinin işğal, terror və separatizmə həsr olunmuş möhtəşəm tədbir keçirilib.

Yüzlərlə iştirakçının qatıldığı, “Qarabağ islam torpağıdır”, mövzusunda keçirilən beynəlxalq konfrans Ərdəbil vilayətinin Şorabil məntəqəsində yerləşən “Kösər” hotelinin konfrans zalında təşkil olunmuşdu.

“Qurani-Kərim”in oxunmasından və himnin səslənməsindən sonra tədbirin aparıcısı Ərdəbil Universitetinin müəllimi doktor Səhranə Behnam iştirakçıları salamladı. Ardınca isə Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olmasından bəhs etdi: “Qarabağ islam torpağıdır, dini liderimiz deyib ki, Qarabağ islam torpağıdır. Orada kimsə həlak olubsa, şəhiddir. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib. 1994-cü ildən indiyədək atəşkəs sazişi imzalanıb. Amma aparılan danışıqlardan heç bir nəticə əldə olunmayıb. Minsk Qrupunun apardığı sülh danışıqları da nəticə verməyib. Bizim mövqeyimiz budur ki, Qarabağ islam torpağıdır və oranı öz sahibinə qaytarmaq bizim əsas vəzifəmizdir”.

QAT sədri Akif Nağı salonda çoxsaylı insanların bir araya gəlməsini sevindirici hadisə saydı: “Ümumi dərdimiz olan Qarabağın azadlığı uğrunda hamımız bir yerdə olmalıyıq. Əslində bizim bir-birimizə dəstək verdiyimizə görə təşəkkür etməyə də ehtiyac yoxdur, çünki biz qardaşıq. Amma mən tədbirin təşkilatçılarına, Ərdəbil Universitetinin rəhbərliyinə, Ərdəbil imam cüməsi Seyid Həsən Amuliyə təşəkkür edirəm”.

A.Nağı dedi ki, bu gün işğaldan, separatçılıqdan, terrordan danışılırsa, ilk öncə Ermənistanın adı çəkilməlidir:“Həmçinin Fələstinin işğalına görə İsrail, Ukrayna, Gürcüstan ərazilərinin işğalına görə Rusiya qınanmalıdır. Amma bəzi işğalçılara ikili standartlarla yanaşırlar. Erməni separatçılığının üstündən sükutla keçirlər”. QAT sədri dedi ki, Qarabağın işğalının aradan qaldırılması Fələstin probleminin həlli qədər mühüm əhəmiyyətə malikdir: “Biz bu məsələ ilə bağlı İran dövlətinin yardımını həmişə görmüşük. Vaxtilə İran XİN başçısı Vilayətinin rəhbərliyi ilə böyük bir missiya regiona gəldi. 1992-ci ilin mayında prezident Rəfsancaninin başçılığı ilə sülh prosesi başladıldı. Amma böyük güclər buna imkan vermədilər. Amma İran dövləti bu istiqamətdə cəhdlərini davam etdirməlidir”.

“Terror və işğalın hədəfi qorxutmaq, dünyada özünü hamıdan uca, güclü qüvvə kimi tanıtdırmaqdır. Ermənistan Qarabağı işğal edibsə, düşünək, görək onu müdafiə edən hansı qüvvədir, Qarabağ niyə işğala məruz qalıb? Əgər biz Qarabağdakı, İraqda, Suriyadakı terrorçularla savaşmaq istəsək, bilməliyik ki, onların arxasınmda qüvvələr var”.

Bunu isə doktor İbrahimi söylədi. O, iştirakçıları düşünməyə çağırdı: “Nə edək ki, Qarabağı işğaldan azad edək, bu suala cavab tapmaq lazımdır. Qarabağ təkcə Azərbaycanın deyil, bütün islam dünyasının torpağıdır. Qarabağda insanlar ev-eşiklərindən məhrum olublar. Orda uşaqlar tikə-para olublar, evlər dağılıb”. Natiq dedi ki, Qarabağa görə toparlanmaq, toplaşmaq lazımdır: “Amma ildə bir-iki dəfə yox. Tez-tez toplaşmalıyıq, anlatmalıyıq ki, terrorçular imkan tapsa, Azərbaycana da, Əfqanıstana da, Fələstinə də rəhm etməyəcək. Qarabağın işğalına nail olmaqla əsas məqsəd bu olub ki, Ermənistan özünü güclü bir qüvvə bilsin. Düşünsək, bunun da arxasında ABŞ dayanıb”.

Qarabağ Naminə İslami Müqavimət Hərəkatının rəhbəri Hacı Rövşən Əhmədli iştirakçıları Şəhriyar dili ilə salamladı: “Azərbaycandan, Bakıdan hamınıza salam gətirmişik”. R.Əhmədli Qarabağın işğalının uzanmasına diqqət çəkərək bu ərazilərin ermənilərə aidiyyatının olmadığını vurğuladı: “Orda yaşamaq haqqını Allah bizə verib, erməniyə verməyib. Erməni Qarabağda Allahın haqqına təcavüz edib. Analardan ricam var: körpələrə süd verən zaman, Qarabağla bağlı da körpələrə layla deyin, o uşaqların qan yaddaşına yazılsın bu təcavüz! Biz ilk gündən demişik ki, Qarabağənm işğalı Qüdsün davamıdır. İnşallah bunlar öz azadlığına qovuşacaq, müsəlmanların birliyi ilə”.

R.Əhmədli hər kəsi konkret danışmağa çağırdı: “Heç nədən çəkinmək lazım deyil.Qarabağ islam torpağı olsa da, Azərbaycan adlı müstəqil dövlətin bir hissəsidir. İsrail rejimini məhkum etdiyimiz kimi, Ermənistan rejimini də məhkum etməliyik, işğala son qoymasını tələb etməlidir. Seyid Mübarizi şəhid edənlərə etiraz etdiyinə görə burada kiminsə məhkum olduğunu eşitməmişik. Biz dövlət bayağı ilə yanaşı, islam bayrağı da qaldırıb girmişik və girəcəyik də. Qarabağ savaşının ilk illərində ermənilər bir yaşayış məntəqəsindən rədd olub qaçmışdılar ki, “buraya islam qoşunu gəlir”, deyə. Bizim də gözləntilərimiz var. Qardaş qardaşdan nə gözləyərsə, onu gözləyirik. Verilən dəstəyi də heç kim unutmur”.

Natiq İran dövləti və cəmiyyətindən gözləntilərini də bölüşdü: “İstəyirik hər zaman deyilsin ki, Qarabağ Azərbaycanın müqəddəs torpaqlarıdır, Ermənistan ordusu ordan rədd olub getsin! Bu gün orda nə qədər əsirlikdə olan şəhidlərimiz var. Onlar təkcə Azərbaycanın əsirləri deyil. Azərbaycanın müqəddəs savaşında ilk növbədə iranlı qardaş-bacılarımıza güvənirik, Allahdan sonra”.

Aparıcı “Rövşən Əhmədli çox gözəl çıxş etdi, biz gərək ondan dərs götürək, ibrət alaq”,- deyə, əlavə etdi.

QAT sədri Akif Nağı bu məqamda söz alaraq ağır xəbəri iştirakçılara çatdırdı, dedi ki, Qarabağ müharibəsi veteranı, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov ağır xəstəlikdən dünyasını dəyişib. “Son günlərdə o, ağır xəstəlikdən müalicə olunmaqdan ötrü Təbrizə pənah gətirmişdi, amma Allahın məsləhəti beləymiş, burada dünyasını dəyişdi. Allahdan Etimad bəyə rəhmət diləyirik” – QAT sədri dedi. Bütün zal E.Əsədova və şəhidlərimizə rəhmət dilədi və ruhuna dualar oxudu.

Ərdəbil Universitetinin müəllimi doktor Rənayi Umidəli də İran-Azərbaycan qardaşlığından danışdı: “Bizim azərbaycanlı qardaşlar bilirlər ki, İran ilk gündən Qarabağ savaşında onların yanında olub, yaralıların müalicəsinə dəstək verib. Elə ki, ABŞ bu prosesə qoşuldu, islam ölkəsinin Qarabağ məsələsinə dəstək verməsinə imkan vermədi. Biz özümüz də terrorizmin hədəfindəyik. İslam ölkələri gərək Qarabağın azadlığına çalışsın. 1994-cü ildənbu günə qədər vəziyyət dəyişməyib. Bu məsələ həllini tapmasa, işğal yarası vaxtında sağalmasa, daha ağır fəsad verəcək. Azərbaycan torpaqlarının azadlıq yolu cihaddır”. Natiq ABŞ-ın bir sıra müsəlman ölkələrində, həmçinin Azərbaycanda möhkəmlənmək istədiyini dedi: “Arxada Ermənistanı müdafiə edirlər, amma bu tərfədə deyirlər Qarabağ Azərbaycanındır. Necə olur ki, 4 BMT qətnaməsi yerinə yetrilimi? Hansı ki, o qərtnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb, amma Ermənistan tələblərə əməl etməyib. ABŞ və digərlərinin Azərbaycandan gərək əli çəkilsin.

Qarabağ illərdir ki, işğaldadır, gərək azad ola! Vaxtilə bütün dünya bizim əleyhimizə idi, qalib gəldik. Siz bir Ermənsistan nəkarədir ki? Bütün islam dünyası bir olsa, Qarabağ Azərbaycana qayıdacaq. Gün o gün olsun ki, Qarabağ azad olsun və Azərbaycana birləşsin!”

VİP sədri Əli Əliyev dedi ki, şimalda yaşayan azərbaycanlıların əksəriyyətinin cənubdakılarla qohumluq əlaqələri var və bu əlaqələri daha da dərinləşdirmək lazımdır: “Peyğəmbərimiz də buyurub ki, qohumlarınızı ziyarət edin. Biz həm də hesab edirik ki, dövlət başçılarının yaxınlaşması ilə yanaşı, cəmiyyətlər də yaxınlaşmalıdır. Biz bir-birimizi tanımadıqca, problemlərimiz həllini tapmayacaq. İran yeganə ölkədir ki, burada bizə tərcüməçiyə ehtiyac yoxdur. Türkiyə ilə də çox yaxın dövlətik. Amma Yardımlı-Cəlilabad ləhcəsi ilə danışanlar Ərdəbldə, Təbrizdədirlər. Bizi düz başa düşün, biz 200 il müstəmləkədə olmuşuq, bizim din adamlarımızı qətlə yetiriblər, kitablıarımızı yandırıblar. Müstəqillik qazandıqdan sonra çatışmayan məsələlər də tədricən həllini tapacaq. Mənim adım Əli, soyadım Əliyevdir. Vaxtilə bizim adımızı qoymağa da mane olublar. Kimin evində Quran tapılırdısa, onları Sibirə sürgün ediblər”.

Ə.Əliyev Azərbaycan dövlətində yaşayan insanların düşmənə sarsıdıcı zərbə vurmağa hazır olduğunu söylədi: “Əgər bu gün Mübariz “Allahu-Əkbər” deyib 150 kafiri məhv edirsə, deməli, bu, Azərbaycan cəmiyyətinin nümunəsidir. Qarabağ müharibəsinin ilk illərində bizim ordumuz, iqtisadiyyatımız yox idi. Erməni heç vaxt Azərbaycana güc gələ bilməzdi, əgər arxasında güc olmasaydı. Biz bu gün təkcə Ermənistanla yox, onun arxasında duran Rusiya, Fransa, ABŞ-la mübarizədəyik. Bu gün dədə-baba qəbirlərini ziyarətə getmiş iki qardaşımız ermənilərin əlində girovdur, Biz onları azad edə bilmirik. Şahbaz Quliyev, Dilqəm Əsgərov bu gün erməni girovluğundadır. Rusiya da bu məslədə bizə dəstək vermir, baxmayaraq ki, onlar Rusiya vətəndaşıdır. Azərbaycanmı tək buraxmayın! İran bizim də dövlətdir. Həmçinin Azərbaycan sizin də dövlətdir”. VİP sədri bütün islam dünyasını birləşməyə çağırdı: “İran və Türkiyə Qətəri birmənalı dəstəklədi və Qətər məhv olmaqdan xilas oldu. Ona görə də bu gün Türkiyə, İran, Azərbaycanın bir yerdə olması lazımdır. Qarabağ məsələsi Azərbaycan və İran dövlətlərinin, müsəlman dünyasının birləşməsi üçün bir nümunə olar. Bəlkə də Azərbaycan-İran münasibətləri bizim birliyimizin başlanğıcı ola bilər”.

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev əvvəlcə İranda baş vermiş terror aktı nəticəsində həyatını itirmiş insanlara görə başsağlığı verdi. “Terror harda törədilməsindən asılı olmayaraq, bütün bəşəriyyətə zərbə vurur və ağrılıdır. Bu gün “dərzi” rolunu oynayan dövlətlər meydana gəlib. Onları elə bilirlər ki, istədikləri ölkələrin ərazisini kəsib başqa yerə tikə bilərlər”.

E.Quliyev İsrailin dünyada terror istehsal etdiyini söylədi: “Günahsız uşaqların ölümünə bais olan hər bir dövlətə ölüm olsun! Bizim Qarabağda 25 min şəhidimiz var, əsir və itkin düşənlərlə bir yerdəO şəhidləri yanbayan qoysaq, 25 min km-lik məsafə edir. Bu, Dağlıq Qarabağın yarısıdır”.

E.Quliyev işğal, terror və separatçılığın qaranlığı özündə simvolizə etdiyi dedi. “Gəlin işıqlı olaq, zülmət işıqdan qorxur. Bu, təkcə Qarabağın xilası deyil, həm də bəşəriyyətin xilasıdır”-deyə, bildirdi.

AMEA-nın əməkdaşı Əkrəm Bağırov dedi ki, təkcə 19-cu əsrdə Qarabağda 100 azərbaycanlı şair olub. O şairlərin hər biri də öz şeirlərini həm azərbaycanca, həm də farsca yazıb. Bu fakt “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra da Azərbaycan şairlərinin İranla, fars dili ilə nə qədər bağlı olduğunu göstərdi.

QAT-ın sədr müavini İlqar Əli Azərbaycan Respublikasından iştirakçılara salam söyləməklə söz başladı: “Qarabağ Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən işğal olunub. Heç kim düşünməsin ki, Azərbaycan əsgəri erməni qarşısında acizdir. Qarabağın işğalının yeganə səbəbkarı Rusiyadır ki, Ermənistanın arxasında dayanıb. Mən Arazboyu getdikcə bizim işğal altında qalmasını görüb çox narahat oluram. Həmçinin sizin də bu işğala görə narahat olduğunuzu hiss edirəm. İnşallah biz özümüz Qarabağın işğaldan azad etmək üçün qərarımızı verəcəyik və sizin kimi qardaşlarımızın da dəstəyini gözləyirik”.

Təbriz Universitetinin müəllimi doktor Məhəmmədra Kəftaş Minsk Qrupunun fəaliyyətini tənqid etdi: “Heç şübhəsiz ki, Minsk Qrupu xristian Ermənistanı müdafiə edəcək, gərək Azərbaycan dövləti bu dövlətlərin tələsinə düşməsin. ABŞ-ın rəhbərliyinə gələn Tramp bütün dünyanı bir-birinə vurub. Ermənistanın başına gələn Paşinyan ABŞ-ın adamıdır. ABŞ öz hərbi qüvvələrini Qarabağda yerləşdirmək istəyir. Bununla da İran, Rusiya sərhədinə yaxınlaşmaq istəhyir. Orda yerləşib öz işləerini görsünlər. Çox silah almaqla iş qabağa getməz. Gərək islam ölkələrinin əhalisi qərarını versin”.

QAT sədri A.Nağı konfransı yekunlaşdırarkən bəzi fikirləri çatdırdı: “Həqiqətən də gərək biz atəşkəsi bağlamayaydıq və Qarabağ məsələsinin taleyini 3 xristian dövlətlərinə həvalə etməyəydik. Həmçinin belə yanaşma var ki, gərək aprel döyüşlərində dayanmayaydıq, irəli gedəydik. Amma bu gün hər kəs bilsin ki, Azərbaycanın islam ölkələrinin yanında olması vacibdir. Bu gün İran və Türkiyənin Azərbaycana dəstəyi var, əlaqələerimiz çox yaxşıdır. Amma etiraf edək ki, Rusiyanın Ermənistana göstərdiyi dəstək yoxdur hələlik”.

“Qarabağın azadlığı bizim arzumuzdur” fikirləri ilə aparıcı izdihamlı tədbiri yekunlaşdırdı.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin İran səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button