ArxivXəbər lentiXəbərlər

”1 ildən çoxdur qazanımızda ət qaynamır”

Neftçala sakini çarəsiz durumda olduğunu deyir

“Yay gəlib, mövsüm meyvələri çıxıb, uşaqların ürəyi istəyir, alıb yedirdə bilmirəm. Dünyanın ən yoxsul ölkəsinin ən yoxsul məhəlləsində də belə yaşamırlar. Bəlkə 1 ildən çoxdur qazanımızda ət qaynamır. Ürəyim dərddən şişib… Kimə tökəsən dərdini? Məni işlə təmin eləsinlər, əlil olanda nə olar, əlim var, ayağım var, nə iş versələr, imtina etmərəm, təki hər axşam uşaqlarıma çörək aparım”.

Neftçalanın Söyüdlü kənd sakini Vüsal Tağıyev ikinci qrup əlildir. O, Meydan TV-yə danışır ki, əmək qabiliyyətli olsa da, illərdir işsizlikdən əziyyət çəkir. Deyir, rayonda ən çox gedib-gəldiyi yer Məşğulluq Mərkəzidir. Demək olar ki, hər gün qapısından içəri keçir, hər gün eyni sualı təkrarlayır və hər gün də “uyğun iş yoxdur” cavabını alır:

Burda işsizlikdir

“Yalandan deyirlər, rayonda işsizliyin sayı azalıb. Bilirsiz nə qədər işsiz var burda? Adamlar Məşğulluq Mərkəzinə gedib-gəlməkdən yorulublar. İşsiz kimi qeydiyyata dururlar, heç işsizlik müavinəti də verilmir. Mərkəz şəxsən məni neçə yerə göndərdi, ancaq hansına getdimsə, göndərişi alıb baxıb özümə qaytardılar, dedilər, nə vaxt iş olsa, çağırarıq. Vaxtilə rayondakı Qazçıxarma İdarəsində fəhlə işləmişəm. Ancaq səhhətimə görə öz ərizəmlə çıxdım, bir az müalicə olundum, sonra təkrar gedəndə işə götürmədilər, dedilər, bizə sağlam işçilər lazımdır. İki il əvvələdək idarə mənə hər ay 200 manat yardım edirdi, iki ildir ki, o da yoxdur”.

5 nəfərlik ailə, 52 manat pensiya…

Vüsal Tağıyev ikinci qrup əlil kimi vur-tut 52 manat pensiya alır. Ailə 5 nəfərdən ibarətdir – özü, həyat yoldaşı və üç azyaşlı övladı… Aldığı pulu böləndə heç adambaşına 10 manat düşmür. O, yaxından-uzaqdan ailənin durumuna acıyan insanların yardımı ilə dolandıqlarını deyir:

“Uşaqlar məktəbə getmir. Əyin-başları yox, qarınları ac, tez-tez təzyiqləri düşür, qan aşağı, üçündə də dəmir çatışmazlığı… Onları bu vəziyyətdə məktəbə necə buraxım? Ac başla dərs oxumaq olmur. Uşaqlar yemək istəyir. Ev başımıza dağılırdı, onun-bunun köməkliyi ilə dam örtüyü düzəldi, şükür, indi başımıza yağış tökmür”.

Vüsal Tağıyev aradabir kimlərinsə həyətində fəhləlik edir, 3-5 manat qazanır. Ancaq bu, ailəyə yetərli deyil.

nur-az.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button