ArxivNardaranXəbər lentiXəbərlər

“Onun cinsiyyət üzvünə elektrik verirdilər” – Nardaran işi 4

26 noyabr 2015-ci ildə Nardaranda DİN-in əməliyyat keçirdiyi evin sahibi, özü də aldığı güllə yaralarından tamamilə iflic olmuş Əbülfəz Bünyatov aprelin 20-i yenidən xərəkdə məhkəməyə gətirilib. O və Müsəlman Birliyi Hərəkatının sonuncu həbs olunmuş idarə heyətinin üzvü Elxan İsgəndərovun məhkəmə prosesi birlikdə keçirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Rakurs TV-nin məlumatına görə, prosesdə zərərçəkmişlər və şahidlər dindirilib. İfadələrə keçməzdən əvvəl hakim Əfqan Hacıyev Sabunçu Rayon Polis İdarəsinə Əbülfəz Bünyatovla bağlı məktub və faks göndərdiyini bildirib. Belə ki, aprelin 6-ı keçirilən prosesdə Əbülfəz Bünyatov hakimə evinin qapısında dayanan polislərin martın 18-dən sonra onun yanına bacılarını, həkimini belə buraxmadıqlarını deyib. Bünyatovun vəkili Nərdanə Fərzəliyevaya isə vəziyyətin dəyişmədiyini, polislərin hələ də heç kimi evə buraxmadığını söyləyib.

Zərərçəkmiş qismində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməliyyatçıları İslam Ağabəyov və Vüqar İsgəndərov ifadə verib. Onların ifadəsinə görə, özləri heç bir xəsarət almasalar da, iş yoldaşlarından ikisi dünyasını dəyişib. Bununla da onlara mənəvi zərər dəyib.

Vəkil Fariz Namazlı İ. Ağabəyovdan Nardaran əməliyyatı zamanı partlayan qumbaranın qəlpələrini görüb-görmədiyini soruşub.

İslam Ağabəyov: “Yox, səsini eşitdim”. 

İ. Ağabəyov əməliyyat bitdikdən sonra yaralı və ölüləri həyətdən apardıqlarını deyib. Təqsirləndirilən Əbülfəz Bünyatov isə onun yalan danışdığını, Sarvan Səfərovun (əməliyyatda öldürülən) meyitinin həyətdə qaldığını, bunu təsdiqləyən fotoların olduğunu bildirib.

Vüqar İsgəndərov da Nardaran əməliyyatında iştirak etdiyini, lakin əməliyyatın təfərrüatı ilə yadında qalmadığını söyləyib.

Şahid qismində ifadə verən Samir Babayev 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verənlər haqqında sualları cavablandırıb. Şahid bildirib ki, Tale Bağırzadə Nardaranda moizə deyərkən onlara Elçin Qasımovun polis tərəfindən saxlanılması xəbəri çatıb, bundan sonra polis idarəsinin qarşısına gediblər. Onun sözlərinə görə polis idarəsinin qarşısında gözləyərkən polislər onlara hücum ediblər. Samir Babayev bu zaman döyüldüyünü və idarəyə aparıldığını deyib:

“Mənim ayaqqabım, şalvarım, köynəyim cırıldı. Bizi idarəyə yığdılar. İdarədə işgəncə verirdilər, Ağa-Əli Yəhyayevin çığırtı səsi gəlirdi, onun cinsiyyət üzvünə elektrik verirdilər”.

Dövlət ittihamçısı ondan idarənin qarşısına nə üçün toplaşdıqlarını soruşub.

Samir Babayev: “Bundan əvvəl Tale Bağırzadəni polisə çağırmışdılar. Onda ardınca getməmişdik. Polislər vurub ağızını partlatmışdılar. Bu dəfə Elçin Qasımovu tək qoymadıq. İlahiyyatçımızı niyə tutmalıdırlar axı? Dinc şəkildə idarənin qarşısında gözləyirdik. Polislər qəfildən hücum etdi”.

O, suallara cavab olaraq bildirib ki, Tale Bağırzadənin çıxışlarında dövlətçilik əleyhinə, ölkədə iğtişaş salmaq kimi fikirlər eşitməyib.

Növbəti məhkəmə prosesi aprelin 27-ə təyin olunub.

Nardaran əməliyyatında həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 16 nəfərin məhkəməsi 2017-ci il yanvarın 25-də başa çatıb. Onlara 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib. Ə.Bünyadovun vəziyyəti ağır olduğundan o, 1 il 1 ay həbsdə saxlandıqdan sonra buraxılaraq polis nəzarətinə verilib. Onun və Nardaran hadisələrindən sonra axtarışa verilib, bir il əvvəl həbs olunan Elxan İsgəndərovun məhkəməsi 2017-ci ilin avqustunda başlayıb. Lakin vəziyyəti ilə əlaqədar onu məhkəməyə gətirmək mümkün olmurdu. O, Təcili Tibbi Yardımla məhkəməyə gətirilib-aparılır.

Ə.Bünyadov CM-nin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluğa cəhd), 228 (qanunsuz silah-sursat saxlama), 274 (dövlət çevrilişinə cəhd) və s. maddələri ilə ittiham olunur. E.İsgəndərova da qəsdən adam öldürmədən başqa digər ittihamlar verilib. Lakin onların heç biri özünü təqsirli bilmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button