ArxivXəbər lentiXəbərlər

Məhəmməd Cavad Zərif: `İran Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir`

“İran İslam Respublikası Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Hazırda ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir”.

Bu sözləri İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə deyib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikaya səfər etdiyinə görə Məhəmməd Cavad Zərifə təşəkkür edib. Ali Məclisin sədri ötən il İran İslam Respublikasına səfəri zamanı göstərilən qonaqpərvərliyə, eləcə də səfərdən ötən qısa zaman ərzində əlaqələrin inkişafı sahəsində görülən işlərə görə İranın xarici işlər nazirinə bir daha təşəkkürünü bildirib.

Qeyd olunub ki, hökumətlərarası komissiyanın növbəti iclasında əlaqələrin inkişafı sahəsində digər məsələlərin də həlli nəzərdə tutulub. Ali Məclisin sədri deyib: “Bu gün hər iki ölkə prezidentlərinin səyi ilə Azərbaycan-İran əlaqələri uğurla inkişaf edir. Qısa müddət ərzində Azərbaycan və İran prezidentlərinin 11 dəfə görüşməsi, həyata keçirilən qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin daha da inkişafına səbəb olub. Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əməkdaşlıq getdikcə genişlənir. İran İslam Respublikasının xarici işlər nazirinin muxtar respublikaya səfəri də əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələr əməkdaşlığın genişlənməsinə böyük təkan verəcək.

Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əlaqələr müxtəlif sahələr üzrə inkişaf etdirilir. Nəqliyyat, təhsil, iqtisadi ticarət, energetika, gömrük, dəmir yolu və digər sahələrdə uğurlu əməkdaşlıq var. Naxçıvan-Təbriz-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarının və avtobus marşrutlarının fəaliyyət göstərməsi, İrandan olan tələbələrin Naxçıvanda təhsil alması, qarşılıqlı gediş-gəlişin artması bunu bir daha təsdiq edir”.

V.Talıbov xalqlarımız arasında mehriban münasibətlərin olduğunu diqqətə çatdırıb, bunu qarşılıqlı əlaqələrin göstəricisi kimi dəyərləndirib, münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.

Məhəmməd Cavad Zərif Naxçıvanda olmaqdan məmnunluğunu bildirib, göstərilən səmimi münasibətə görə minnətdarlıq edərək deyib: “Naxçıvan Muxtar Respublikasının inkişafı göz qabağındadır. Bu da əlaqələrin inkişafı üçün geniş imkanlar açır”.

İran İslam Respublikasının xarici işlər naziri hazırda ölkələrimiz arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu qeyd edib: “Son illər dövlət başçıları arasında keçirilən görüşlər və qəbul olunan qərarlar bunu bir daha təsdiq edir. İranın Şərqi və Qərbi Azərbaycan Vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əlaqələrin daha da genişləndirilməsi və əməkdaşlığın müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensial var. Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı, Təbriz şəhəri isə İslam Dünyasının Turizm paytaxtı seçilib. Bu da imkan verir ki, turizm və mədəniyyət sahəsində əlaqələr daha da inkişaf etsin”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə və Naxçıvandakı Baş konsulu Mənsur Ayrom,Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov və Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov görüşdə iştirak ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button