ArxivNardaranXəbər lentiXəbərlər

Əhsən Nuruzadəyə hökm oxundu: “Həbsimin səbəbi Tale Bağırzadəni müdafiə etməyimdir”

Martın 6-ı Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının fəalı Əhsən Nuruzadənin işi üzrə məhkəmə iclası keçirilib. Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Qafqaz.ir-Rakurs Tv-nin məlumatına istinadən, məhkəmə prosesində hökm elan olunub. Hökmdən əvvəl təqsirləndirilən tərəfin vəkili Fariz Namazlı müdafiə nitqi ilə çıxış edib. O, Əhsən Nuruzadəyə bəraət istəyib:

“Əhsən Nuruzadəni Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi həbs edib. Rəsmi məlumata görə, Əhsən Nuruzadənin üzərindən narkotik aşkar edilib. Adətən bu qurum daha irimiqyaslı cinayət işlərinin istintaqını aparır. Əhsən Nuruzadənin işini bu qurumun aparması cinayət işindəki qanunsuzluğa işarə edir. Əhsən bundan qabaq iki dəfə həmin idarə tərəfindən saxlanılıb. Orada ondan ictimai-siyasi fəaliyyətlə məşğul olmaması tələb olunub. Görəndəki bu hərəkətlər nəticəsiz qalır 6 oktyabr 2017-ci ildə məhkəməyə gedərkən onu və sürücü Elşən Sadıqovu saxlayıb idarəyə aparıblar. İstintaq işində Əhsənin üzərindən aşkar edilən narkotikin çəkisinin müəyyənləşdirilməsi öz əksini tapmayıb. Narkotiki nə vaxt çəkdilər? – bu sual açıq qalır. Hətta hesab etsək ki, Əhsənin üzərində narkotik tapılıb, bu, onun narkotiki satmaq istədiyini sübut etmək üçün kifayət etmir. Bunun üçün onun evində axtarış aparılmalıydı, bəlkə evdə elektron tərəzi, başqa narkotik vasitələr də var”.

Vəkildən sonra Əhsən Nuruzadə son sözlə çıxış edib. O, bildirib ki, həbsinin əsl səbəbi ilahiyyatçı Tale Bağırzadəni və Nardaran məhbuslarını dəstəkləməsi, ictimai-siyasəti fəaliyyətidir:

“Mən inanclı şəxsəm. Mənim ətrafımda həmişə inanclı insanlar olub. Narkotik elə şeydir ki, onu satmaq üçün də, almaq üçün də, istifadə etmək üçün də narkomanları tanımalısan. Mən əgər narkotik istifadəçisi olsaydım, bunu ətrafımdakılar bilərdilər. Həbsimin əsl səbəbi Müsəlman Birliyi Hərəkatının üzvü olmağım, Tale Bağırzadəni və digər Nardaran məhbsularını müdafiə etməyimdir. İlk dəfə 2017-ci ilin yanvarın ayında “Bandotdel”də təhdidlərə məruz qalmışam. Orada mənə deyirdilər ki, sənin siyasətlə, AXCP ilə nə işin var. Mənə sual verdilər ki, sən özün kasıb adamsan, Nardaran məhbuslarının ailələrinə necə yardım edirsən bəs. Dedim, qəpik-qəpik, manat-manat ianələr yığmaqla. Dedilər, onlara yardımın qabağın alarıq. Soruşdum ki, niyə. Dedilər, çünki onlar terrorist balalarıdır. Sonuncu dəfə oktyabrın 6-ı saxlanılanda “Bandotdel”də döyüldüm. Səbəbsiz yerə məni döyürdülər, yəni heç bir sual soruşmadan. 1 saat döyüləndən sonra Rüstəm Cəfərov əlini saldı cibimə və cibimdən heç vaxt üzünü görmədiyim narkotik bükülünü çıxartdı. Azərbaycanda yüzlərlə mənim kimi şərlənərək həbs olunan insan var. Bunların çoxu inanclı insanlardır. Onlar azad olunmaldır”.

Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən qayıtdıqdan sonra hakim Səbuhi Hüseynov hökmü elan edib. Məhkəmənin qərarı ilə Əhsən Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə iştirakçıları hakimin hökmü zəif səslə oxumasına etiraz olaraq, hökmü ayaq üstə dinləməkdən imtina ediblər.

Fevralın 27-i keçirilən prosesdə prokuror Əhsən Nuruzadəyə 8 il həbs cəzası istəmişdi.

Həbsdə olan ilahiyyatçı Tale Bağırzadənin tərəfdarı və Müsəlman Birliyi Hərəkatının üzvü olan Əhsən Nuruzadə həm də Nardaran hadisələri ilə bağlı həbs olunan şəxslərin məhkəmələrinin fəal iştirakçısı idi. O, ötən ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

İttihama görə, oktyabrın 6-da onun üzərindən 14.775 qram heroin çıxıb. Amma Əhsən Nuruzadə ittihamı rədd edir, həmin narkotikin onun cibinə elə idarədə polislərin özləri tərəfindən atıldığını bildirir.

Əhsən Nuruzadə bundan əvvəl də iki dəfə həbs olunub – 19 yanvar və 24 sentyabrda. Hər ikisində o, evlərinin yaxınlığından mülki geyimli şəxslər tərəfindən saxlanılaraq, zorla maşına mindirilib və günlərlə onun harada saxlanması bilinməyib. Təxminən bir həftədən sonra məlum olub ki, onu aparanlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olub. Günlərlə onu bu idarədə təzyiq altında saxlayandan sonra məhkəmə qarşısına çıxarıb, 10 gün inzibati həbsi haqda qərar alınıb. Hər iki qərarda yazılıb ki, Əhsən Nuruzadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söyüb, həmin vaxt onu intizama dəvət edən polislərə tabe olmayıb.

Əhsən isə bildirir ki, hər iki həbsi zamanı MCMİ-də ona xəbərdarlıq edilib ki, Tale Bağırzadənin müdafiəsindən çəkilməsə, Milli Şuranın mitinqlərində iştirakını davam etdirsə, növbəti dəfə daha uzunmüddətli həbsə göndəriləcək.

Əhsən Nuruzadə onu da bildirir ki, sonuncu həbsində MCMİ-də işgəncələrə məruz qalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button