AktualAktualArxivXəbər lentiXəbərlər

Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına yardımları doktor Cavad Heyətin xatirələrində

Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına yardımlarının bir hissəsi doktor Cavad Heyətin yeni çapdan çıxmış “Mənim və atamın xatirələri” kitabında yer almışdır. Bu xatirələr onun öz dilindən söylənilmişdir.

Qafqaz mədəniyyət mərkəzi-Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin üzvü, Paris Cərrahlar Akademiyasının üzvü və məşhur iranlı türkoloq doktor Cavad Heyətin “Mənim və atamın xatirələri” kitabında Təbriz, İstanbul və Parisdə təhsil illərinə aid xatirələrindən əlavə, Qarabağ müharibəsinə aid xatirələri də yer almışdır. Bu xatirələr mötəbər sənəd kimi diqqəti cəlb edir.

Doktor Cavad Heyət kitabın 326-cı səhifəsində Qarabağ müharibəsində yaralananların Tehranda müalicəsindən söz açaraq yazır:

“1993-cü ildə bir gün bacım oğlu doktor Ağabəy Bakıdan mənə zəng edərək dedi: “48 saatdan sonra Qarabağ müharibəsində yaralanmış 11 nəfər polis və zabit Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin rəisi doktor Səfərəliyev və mənlə birlikdə Tehrana gələcək.”

O məndən yaralıların Tehranın dövlət xəstəxanasında müalicə alması üçün lazım olan şəraiti yaratmağımı istədi. Mən dərhal İranın Səhiyyə Nazirliyinə getdim və o dövrdəki nazir Məlikzadə ilə görüş vaxtı aldım. Nazir həmin gün məni qəbul etdi. Vəziyyəti ona danışdım və xahiş etdim ki, Azərbaycan Respublikasından gələn yaralı döyüşçülərin xəstəxanada təmənnasız müalicə olunması və onların hava limanından xəstəxanaya köçürülməsi üçün lazım olan vasitələrin hazırlanması barədə göstəriş versin.

Nazir dedi: “Bununla bağlı səhiyyə nazirinə müraciət yaz.”

Mən dərhal məktub yazdım. Nazir də məktubun altında yazdı ki, Azərbaycan Respublikasından gələn yaralılar təmənnasız qəbul və müalicə edilsin.

Məktubu götürüb müalicə işləri üzrə müavinin və baş direktorun yanın getdim. Nazirin məktubu tapşırıq kimi Tehran, Təbriz və Urmiyanın bütün xəstəxanalarına çatdırıldı.

Səhəri gün yaralılar doktor Ağabəy və həkim Bəhruz Səfərəliyevlə birlikdə gəldilər və yaralılar “15 Xordad” xəstəxanasına yerləşdirildi. Beləliklə, 155 nəfər Qarabağ (müharibəsi) yaralısı bizim xəstəxanalarda müalicə aldı və cərrahiyyə əməliyyatı olundu. Onlardan birindən başqa hamısı sağalıb, öz vətənlərinə qayıtdılar.

Yaralıların çoxunu xəstəxananın rəisi doktor Həzaveyi əməliyyat edirdi. Onlardan ağciyər və ürək kisəsindən güllə və mərmi yarası almış iki nəfərini mən əməliyyat etdim. Axırıncı xəstə mayor Maarif idir. O qayıtdıqdan sonra Bakı televiziyasında söhbət etdi, bizə və 15 Xordad xəstəxanasına minnətdarlığını bildirdi.

Bir neçə ildən sonra İran İslam Respublikasının prezidenti cənab Haşimi Rəfsəncani Bakıya səfər etdikdə DİN-nin hospitalında bir qrup yaralı toplaşaraq bizim xidmətlərimizə görə İran İslam Respublikasının prezidentinə təşəkkür etdi.”

Kitabın 368-ci səhifəsində yazılır: “Bir gün axşamüstü Azərbaycan Respublikasının İrandakı o vaxtkı səfiri Nəsib Nəsibzadə narahat halda mənim evimə gələrək dedi: “Türkiyə dövləti Qarabağ müharibəsində bizə hərbi kömək etməyə hazır olduğunu bildirib. Bunun üçün İrandan keçməlidir. Amma İran icazə vermir. Bu məqsədlə xarici işlər naziri doktor Vilayəti ilə söhbət etmək istəyirəm, amma görüş üçün vaxt vermirlər. Bilmirəm, nə edim.”

Dedim: “Səhər get Quma, Ayətullah Meşkini ilə görüş. O, azərbaycanlıdır və sənin üçün görüş vaxtı alar.”

O (Nəsib Nəsibzadə), həmin gecə Quma gedir, sübh saat 4-də Ayətullah Meşkininin evinə çatır və onu yuxudan oyadıb vəziyyəti danışır. Ayətullah zəng edib onun üçün vaxt alır. Nəsib Nəsibzadə həmin gün Tehrana qayıdır, doktor Vilayəti ilə görüşərək ondan kömək istəyir. Doktor Vilayəti deyir: “Biz türklərə yol verməyə hazırıq. Siz Türkiyə səfirinə deyin ki, biz hazırıq.”

Doktor Nəsib çox sevinir və dərhal Türkiyə səfirinin yanına gedərək məsələni ona çatdırır. Bakıya da xəbər verir.”

Doktor Cavad Heyət bununla bağlı xatirəsinin davamında yazır: “Təəssüflər olsun ki, iki həftə ötməsinə baxmayaraq Türkiyə tərəfindən heç bir xəbər olmadı. Nəhayət, Nəsib Nəsibzadə məyus halda mənim yanıma gəldi və vəziyyəti mənə danışdı.”

Qeyd edək ki, 405 səhifədən ibarət – “Mənim və atamın xatirələri” kitabı məşhur iranlı ürək həkimi mərhum doktor Cavad Heyətin əli ilə qələmə alınmışdır, Əkbər Azad və Həsən Raşidinin səyləri nəticəsində 2017-cildə (1396 hicri şəmsi) Qum şəhərinin “Avayi-Munci” Nəşriyyatında çap edilmişdir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button