ArxivNardaranXəbər lentiXəbərlər

Tale Bağırzadə, Seymur Həzi, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı- Əfv siyahısı

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. İlkin məlumatlara görə, Komissiyaya 1000-ə yaxın müraciət daxil olub. Müraciətlərə 2 ay ərzində baxılacaq. Komissiyanın iclasları yekunlaşandan sonra siyahı prezidentə təqdim olunacaq. Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, təmsil olunduğu qrupda olan hüquq müdafiəçilərilə Monitorinq Qrupu mütəmadi işləyir:

“Monitorinq Qrupunun hazırladığı siyahı var. Adətən İşçi Qrupuna müraciət edəndə razılaşdırılmış variantda siyahı təqdim edilir. Bu siyahıda cəmiyyəti maraqlandıran bütün insanların adları var. Biz hüquq müdafiəçiləri olaraq QHT-lərin xahişi və demokratik Qərb ölkələrinin vasitəçiliyi ilə humanistlik göstərib bu şəxslərin azadlığa buraxılmasına çalışırıq”.

Səadət Bənənyarlı siyahıda olan şəxslərin konkret sayını açıqlamaq istəməyib:

“Say açıqlanandan sonra müəyyən suallar yaranır. Bu sualların yaranmaması üçün say bildirmək istəmirəm. Amma deyə bilərəm ki, siyahıda bu gün cəmiyyətdə siyasi və ictimai populyarlığı ilə seçilən şəxslərin adları var.

Belə ki, sabiq səhiyyə naziri Əli İnsanov, REAL sədri İlqar Məmmədov, jurnalist Əfqan Muxtarlı, Seymur Həzi, Fikrət Fərəməzoğlu, eləcə də siyasi fəallar Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, blogger Mehman Hüseynov, həmçinin ilahiyyatçı Hacı Taleh, Nida hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov, o cümlədən hüquqşünas Asif Yusifli və başqalarının adları təqdim etdiyimiz siyahıda öz əksini tapıb.

Adı çəkilən şəxslərin özləri bizə müraciət etməyib. İşçi Qrupu öz münasibəti və məhbusların ailə üzvlərinin, vəkillərinin, eləcə də cəmiyyətdəki rəyi əlaqələndirib siyahını tərtib edib. Barələrində məhkəmə qərarı qüvvəyə minmiş şəxslərin əfv olunması barədə müraciətlər edilib”.

Hüquq müdafiəçisi əfv sərəncamı verilərkən təqdim etdikləri siyahıda olan şəxslərin əksəriyyətinin azadlığa çıxmasını istədiyini də deyib:

“Ötən il Əfv Məsələləri Komissiyasına təqdim etdiyimiz siyahıdakı bəzi məhbuslar azadlığa çıxdı. İnsan həmişə arzulayır ki, istədiyi nə varsa, hamısı birdən alınsın. Amma çox təəssüf ki, bu, bizim əlimizdə deyil. Əfv prezidentə Konstitusiya ilə verilən müstəsna səlahiyyətdir. Ailələr ümid edir ki, əfv fərmanı imzalananda onların yaxınlarının adları siyahıda olsun. Çox istərdim ki, budəfəki əfv fərmanı 190 şəxsə yox, bundan dəfələrlə artıq məhbusa şamil olunsun”.

Hüquq müdafiəçilərinin əfv üçün təqdim etdikləri siyahıda 12 tanınmış ad var; İlahiyyatçılar azad ediləcəkmi? (cebhe.info)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button