ArxivXəbər lentiXəbərlər

“Tariximizin Dönüş Nöqtəsi 20 Yanvar” adlı konfrans keçirilib – FOTO

Qələm Yazarlar Birliyinin təşkilatçılığı ilə “Tariximizin Dönüş Nöqtəsi 20 Yanvar” adlı konfrans keçirilib.

Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, ruhani alimləri, təşkilat rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdə öncə Qurani Kərim tilavət olunub. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş nitqi ilə Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl açıb. O dəvəti qəbul edib tədbirə təşrif buyuran bütün qonaqlara öz təşəkkürünü bildirib. Qurban Cəbrayıl qeyd edib ki, 28 il öncə baş verən bu qanlı faciə Azərbaycan xalqının tarixində dərin iz buraxdı. Xalqın azadlıq salnaməsi oldu.

 

Daha sonra çıxış üçün söz Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyevə verilib. O, bildirib ki, müqəddəs İslam dinində iki ən əsas həqiqət bəyan olunub. Bu həqiqətlərdən birincisi vətən sevgisidir: “Vətən sevgisi bizim İlahi təlimatımızda, dinimizdə çox yüksək səviyyədə bəyan edilib. Dinimizdəki “Vətəni sevmək imandandır” hədisi də bu təlimatın bariz nümunəsidir. Vətən sevgisinin ucalığı və məqamı ana sevgisi ilə müqayisə olunub. Allah vətən sevgisinə bu qədər yüksək məqam verib”.

 

AİP –in sədr əvəzi bildirib ki, insan Allahı dərk etmək istəsə, bunun ən qısa yolu insanın özünün-özünü tanımasından keçir: “ İnsan özünü tanısa, Allahını da tanıya biləcək. Vətən sevgisi və insan varlığı dinimizin iki ən əsas həqiqətlərindəndir. Əgər insanın bunlardan birini qurban verməsi lazım gələrsə, insanın vətən uğrunda canını fəda etməsi tövsiyyə olunur. Yəni biz öz canımızdan keçmək bahasına olsa belə, vətənimizi düşmənə təslim etməməliyik. Allah buyurur ki, vətən məhəbbəti insanın özünün-özünü sevməsindən daha əhəmiyyətlidir. Əgər bir xalqda “vətən uğrunda öz canını qurban vermək” əqidəsi formalaşarsa, o zaman həmin xalqın gələcəyi parlaq olar. Çünki vətən uğrunda canından keçən insanların mükafatını Allah verir. Bu insanları ən yüksək məqama ucaldır. Allah bütün əməlləri şəhidin qanı ilə müqayisə edir və qiymətləndirir. Bu vətən uğrunda canından keçən və şəhidlik zirvəsinə ucalan insana verilən ən böyük dəyərdir. Əgər cəmiyyət bunu dərk etsə, insan canını vətən uğrunda fəda edərkən unudulmayacağını anlasa, o zaman heç bir torpağa düşmən tapdağı dəyməz”. Ardınca tədbirdə söz alan

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 20 Yanvar faciəsinin tariximizin qan yaddaşında saxlanılmasının vacibliyini vurğulayıb. O, bildirib ki, 20 Yanvar Azərbaycan xalqının və dövlətinin tarixində baş verən böyük hadisələrdən biridir: “Biz imperiya qoşunlarının Bakıya daxil olmasını istəmədiyimiz üçün barrikadalar qurmuşduq. Bunun düz yaxud səhv olduğu müzakirə mövzusu olmamalıdır. Biz öz haqqımızı qorumaq hüququndan istifadə etmişik və düz mövqedə olmuşuq. Azərbaycan və digər MDB ölkələrində belə hərəkatlar olmasa idi, imperiya bəlkə də yaşayacaqdı. Millətçilər və imanlı insanlar imperiyaya qarşı çıxdılar. Məhz həmin insanlar da birləşərək Qarabağı işğaldan azad edə bilərlər”.

 

Konfransda çıxış edən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, 20 Yanvarın Xocalı faciəsi kimi heç zaman unudulmayacağını və bu yaranın qaysaq bağlamayacağını dilə gətirib. O, bildirib ki, 20 Yanvar faciəsi ilə qürur duymalıyıq. Çünki bu hadisə tariximizin dönüş nöqtəsidir. Eldəniz Quliyev əlavə edib ki, öz mənəviyyatımızı, dinimizi, əxlaqımızı qorumasaq, bu cür faciələr qaçılmaz olacaq.

 

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli də mövzu ətrafında önəmli fikirlər səsləndirib. O, bildirib ki, 28 ildir içimizdə düşmən axtararaq, məsələnin mahiyyətini kənara çəkmək istəyirik: “ əhidliyi öyrədən məktəbi əvvəldən tanısaydıq şəhid sözünü dərk edərdik. Gözümüzü açandan şəhadətin nə olduğunu və bu məktəbin hardan gəldiyini bizə izah etdilər. 20 Yanvar millətindən, dinindən asılı olmayaraq bütün xalqların şərəf imtahanı idi. Azərbaycan xalqı bu şərəf imtahanından üzüağ çıxdı. Çünki o zaman, xalq hələ özündən zərbə yeyib, namaz qıldığı üçün, ziyalını müdafiə etdiyi üçün təzyiqə məruz qalmamışdı. Haqq sözünü deyən kifayət qədər insan var idi. Bu gün isə tam əksini müşahidə edirik. Millət bir ideya ətrafında birləşərək azad olmalıdır”.

 

Konfransda söz alan AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimova çıxışına Peyğəmbərdən (s.ə) olan hədislə başlayıb: “Hər kəs özünü tanıyarsa, şübhəsiz ki Rəbbini də tanıyacaq. Yəni ilk növbədə insan kim olduğunu, hardan gəldiyini və son dönəcəyi yerin hara olacağını dərk etməlidir. Biz müsəlman Azərbaycan xalqı olaraq daima Allaha ibadət edib, vətənpərvər olub, namərdə baş əyməmişik. 20 Yanvar hadisələri bunun bariz nümunəsidir. “

 

Ağ partiyanın sədri Tural Abbaslı çıxışında bildirib ki, heç bir millət azadlığı qansız, itkisiz əldə etmir. 20 Yanvar matəm və ağlaşma günü kimi yadda qalmamalıdır. Hakimiyyət buna çalışır. Çünki hakimiyyətə əzmkar, əliyalın tankın qarşısına çıxa bilən xalq lazım deyil. Lakin biz bu günü matəm yox, qəhrəmanlıq günü kimi yad etməliyik.

 

AİP funksioneri Akif Heydərli də çıxışında 1990-cı ildə baş verən hadisələrə toxunub. O, bildirib ki, 70 il hökmranlıq edən imperiya ordusu, 20 Yanvar hadisələrində məğlub oldu. Təəssüflər olsun ki, xalq bundan sonra beynəlxalq sionizmin, ABŞ və Qərbin istilasına məruz qaldı. Bu prosesin başlanğıcı Qarabağın işğalından start götürdü və mənəviyyatımızın istilası hələ də davam edir.

 

Tədbirdə söz alan digər natiqlər də 20 Yanvar hadisələrindən, bu faciənin xalqımızın həyatında oynadığı roldan danışıblar. Konfrans maraqlı diskusiyalarla davam edib.

a

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button