ArxivXəbər lentiXəbərlər

Əsl cümhuriyyətçilər kimlərdir? – İqtidar, müxalifət yoxsa…

Vüsal Hətəmov: “Öz kimliyimizə qayıdırıqsa, mütləq dini koloritlərə yer verməliyik”

 

2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Cəmi iki ilə yaxın yaşayan Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Cümhuriyyətin qurucuları bu gün Azərbaycan xalqının yaddaşında və qəlbində yaşayır.

 

Bəs görəsən həqiqətdə əsl cümhuriyyətçilər və bu dəyərin daşıyıcıları kimlərdir?

 

İslaminSesi mövzunu  şərqşünas-politoloq Vüsal Hətəmovla müzakirə edib. Ekspert bildirib ki, cümhuriyyətçiliyin əsasını dini inanclı şəxslər təşkil edirlər: “Sadəcə Sovet (ateizm) dönəmində bu şəxsiyyətlər tədqiq olunmadıqları üçün, ruhani alimlər və ilahiyyatçılar pərdə arxasında qaldılar. Cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin əsərlərinə baxdıqda, milli kimliyimiz, bu kimliyin qatında yatan qədim dövr məfkurəmiz  gözümüzün önündə canlanır. Həmin qədim dövr məfkurəmiz də, dini bazaya əsaslanıb.  Rəsulzadənin əsərlərində biz bunu tam sezirik”. 

 

Vüsal Hətəmovun sözlərinə görə, Rəsulzadənin İmam Hüseyn(ə) haqqında  əlyazması mövcuddur: “ Onun ən çox qəhrəman hesab etdiyi şəxslərdən biri də İmam Hüseyn (ə) idi. Bu onu göstərir ki, cümhuriyyətçilik dedikdə təkcə məfkurə və müstəqil dövlətlərdən biri olmaq ağıla gəlmir. Burada əsasən milli kimliyimizə qayıtmaq ideologiyası nəzərdə tutulur. Milli kimlik isə bizim dilimiz və məfkurəmizdir. Məfkurəmiz isə dini  dünyagörüşümüzə əsaslanır. Ona görə də hesab edirəm ki, cümhuriyyətçilik dedikdə ilk növbədə bizim ideya (fikir) cəhətdən müstəqilliyimiz başa düşülməlidir”.

 

Şərqşünas qeyd edib ki, cümhuriyyətçiliklə bağlı təbliğatla təkcə dövlət yox, ictimai təbəqə də məşğul olmalıdır: “ Dövlət xalqdan təşkil olunduğu üçün insanların da bu yöndə təbliğatı olmalıdır. Respublikaçılıq dedikdə əsasən siyasi cəhətdən müxalifətçilərin dediklərini görürük. Müxalifətçilər isə cümhuriyyətçilik sözünü ABŞ-dakı Respublikaçılar partiyasına bağlayırlar. Bu onu göstərir ki, biz Qərbin Respublikaçılıq ideyasından asılı oluruq. Əslində isə həqiqət tam fərqlidir. Bizim dövlətçilik ənənələrimiz ABŞ-dan da öncələrə gedib çıxır. Azərbaycan iqtidarı isə qeyd edir ki, biz 1918-ci il Respublikasının davamıyıq. Lakin biz xalqın nümayəndəsi olaraq istərdik ki, cümhuriyyətçilik mövzusunda  dini kimliyimiz də qabardılsın. Biz 1918-ci ilə qədər müsəlman xalqı olmuşuq. 1991-ci ilə qədər Sovet təfəkkürü ilə yoğrulsaq da öz əqidə və dəyərlərimizdən dönmədik. İndi yenidən öz kimliyimizə qayıdırıqsa, mütləq dini koloritlərə yer verməliyik”. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button