ArxivIslamXəbər lentiXəbərlər

`Göstərməliyik ki, bu insanlar sizin düşməniniz deyil`

AİP Mövsüm Səmədov və digərilərinin həbsinin 7 ili ilə əlaqədar toplantı keçirib

Bu gün Azərbaycan İslam Partiyasının qərargahında partiya sədri Mövsüm Səmədov və digərilərinin həbsinin 7 ilinin tamam olması ilə əlaqədar toplantı keçirilib. Toplantıda ictimai-siyasi təşkilatların nümayəndələri iştirak ediblər.

İlk öncə çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev bildirdi ki, əks olan düşüncələri qəbul etməmək acizlik nümunəsidir, tərəf müqabilinin düşüncəsini eşidə bilməmək gücsüzlükdür və bir həbsin həbsi, ona olan zülm təkcə həmin şəxsə aid deyil:

“Bir şəxsin həbsi onun ailəsini, ətrafını da zülmə məruz qoymaqdır. Ən əsası da düşüncələrə, təfəkkürlərə zülmdür və bu ağrıdıcı bir haldır. Bu, haqq və ədalətdən uzaqdır ki, indiki zamanda fikir azadlığını qəbul edə bilməyəsən. Biz həm də fərəhlənirik ki, Mövsüm Səmədov 7 il bundan qabaq hansı ruhiyyədə idisə, bu gündə eyni ruhiyyədə, eyni yolda qalıb, əzab-əziyyətlər onun fikrinə təsir etməyib. Bu keçən müddətdə Mövsüm Səmədova diqqət artıb. Artıq onu daha geniş ictimaiyyət nümayəndəsi tanıyır, istər inanclı, istərsə də qeyri-inanclı. Ümid edirik ki, Səmədovun həbsi ölkəmiz üçün parlaq çırağa çevriləcək, həqiqi mənada haqqın, ədalətin, azadlığın bərpa olunması üçün tələm olacaq.”

Daha sonra İranda baş verən hadisələrə də toxunan İ.Əliyev bildirdi ki, qonşu ölkə olmaqdan əlavə İranla Azərbaycanı bir-birinə bağlayan din, əqidə və imandır: “Bu gün dünyada Əhli-beyt bayrağını göyə qaldıran İran İslam Respublikasıdır. Mömin kimi, iman əhli kimi bizi sevindirməlidir ki, dünya imperializmi qarşısında İslam bayrağı dalğalanır. Və ona hər hansı bir ləkə gəlsə, öz imanımıza ləkə kimi qiymətləndirməliyik. İrandakı bugünkü hakimiyyət də İslamın hakimiyyətidir. Söz sahibi də vəliyyi-fəqihdir. Milyonlarla xalq da onun sözünü arxasındadır. Son 2-3 gündə də keçirilən aksiyalarda da milyonlar bunu göstərdilər. Hər bir ölkədə sosial problemlər olur. Amma bununla ölkədə qarışıqlıq yaratmaq, qərəzli insanların sui-istifadəsinə yol vermək olmaz. Bir neçə min nəfərin etirazı milyonların fikrini ifadə etmir. Xalq etdiyi inqilabın, verdiyi şəhid qanının müdafiəsində durdu.”

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev çıxışında bildirdi ki, ölkədə elə bil nə isə səhv düşüb: ” Azərbaycanda dininə, əqidəsinə, azad sözə görə heç kəsi həbs etmirlər. Amma baxırsan ki, siyasi məhbus siyahımız get-gedə artır. 5-10 gün qabaq Mövsüm Səmədovla görüşmüşəm. Onunla görüşmək üçün aylarla çalışdım. Bütün hüquqi prosedurları keçərək görüş ala bildim. Təxminən 3 saata qədər söhbət elədim. Onun ruhu möhkəmdir, amma fiziki cəhətdən çox zəif düşüb. Bir dəri, bir sümük olub. Bəlkə də onun eləcə ruhu qalıb. 7 ildir yatır, hələ 5 il də yatmalıdır. 7 ilin hər saniyəsi əzabdır. Bunu başa düşməliyik. Mövsüm Səmədov diri şəhiddir, onun azadlığı üçün hər yerdə çalışmalıyıq.”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı söylədi ki, ölkədə hüquq-müdafiəçisi deyilən kəsimin hansı xətt tutduğu göz önündədir: “Onlar din xadimi, ruhani ilə bağlı olan məsələlərə barmaqarası baxırlar. Bir az məsafə saxlamağa çalışırlar. Amma biz bu gün Azərbaycan dövlətini, onun gələcəyini düşünürüksə, ümumi bir xətt, ümumi bir prinsip olmalıdır və hamı da buna əməl eləməlidir. Bizim məşğul olduğumuz sahə – Qarabağla bağlı da onun fikirlərini hər zaman yüksək qiymətləndirmişəm. Qarabağı hər zaman ümummili bir problem kimi görüb və eləcə də digər problemlərə münasibətdən kənarda qalmayıb. Bu gün onun azadlığa çıxması üçün praktik tərəfləri fikirləşmək lazımdır. Biz hesab edirik ki, dünyada İslam ölkələri arasında bir yaxınlaşmanın olduğu indiki zamanlarda, eyni zamanda ölkə daxilidə də din xadimlərinə qarşı münasibətin dəyişməsinə çalışmalıyıq. Göstərməliyik ki, bu insanların sizin, ölkənin, dövlətin düşmənləri deyil, dövlət üçün çalışan insanlardır, bir üzünüzü çevirin bu məsələlərə, bu insanların taleyinə.”

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova da öncə çıxış edənlərin fikirlərinə qatılaraq bildirdi ki, bu problemlərdən çıxış yolu tapılması üçün addımlar atılmalıdır: “Biz nə cür edək ki, bu insanları həbsə atanlar 10 faiz də olsa səhv etdiklərini başa düşsünlər? Əsl cinayətkarları müxtəlif yollarla azad şəkildə yaşadırlar, amma dövlətin özü üçün xeyrli olan insanları məhbəslərdə çürüdürlər.”

Qarabağ Uğrundan İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli də çıxışında qeyd etdi ki, Qüds günü və Aşura məsələsi kimi həbsdə olan ruhanilər və inanclılar da daim gündəmdə olmalıdır: “Biz bu yolun düzlüyünü bilib yola çıxmışıq. Nə coğrafiyaya, nə fərdə məhəbbətimiz yoxdur. Allahın insanların üçün bəyənib göstərdiyi düz yolu tapmışıq. Mövsüm Səmədov adi bir ruhani olsaydı, təbii ki, bu hadisələr olmazdı. O, insan olaraq həsəd aparılacaq dəyərləri özündə birləşdirən ziyalı, ictimai, siyasi xadim idi. Əgər fərd olaraq ondan qisas almaq istəsələr, onun yaxınlarına bu qədər əziyyət verməzdilər. Yənu bu, fərd davası deyil. Mövsüm Səmədov 2011-ci ildə çıxış edəndə yaxşı bilirdi ki, ondan sonra nə baş verəcək. Eləcə də bu yolu davam etdirənlər.”

Son olaraq çıxış edən Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova toplantı iştirakçılarına təşəkkürünü bildirdi və 7 il əvvəl hadisələrin baş verdiyi günlərə nəzər salaraq üzləşdikləri çətinliklərdən danışdı: “Hacı həbs ediləndən sonra ölkədə və dünyada baş verən hadisələr göstədi ki, liberalizm dəyəri də çöküb və yeganə dəyər İslamdır. O da bu yolu özü üçün seçib. Övladları, ailəsi, dostları da onunladır. Bizdə çatışmayan sadəcə vəhdətdir. Bütün dünyada müsəlmanların buna ehtiyacı var. Bir gün xalqımız da bunu başa düşəcək.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button