ArxivNardaranXəbər lentiXəbərlər

Nardaran işi: Yəqin Taleh Bağırzadə kitabı həbsdə çap edib

”İttihamlar qondarma və saxtadır”

Qafqaz mədəniyyət mərkəzi– Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər – Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi davam edib.

Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Əmirli Əliyev və Əli Şahbazovun vəkili İradə Cavadova müdafiə nitqi ilə çıxış edib. Vəkil deyib ki, ittihamların müdafiə etdiyi şəxslərlə heç bir əlaqəsi yoxdur və icraata xitam verilməlidir:

“İttihama görə, onlar dini dövlət yaradılması üçün Taleh Bağırzadənin sədri olduğu “Müsəlman Birliyi” hərəkatında digər şəxslərlə mütəşəkkil dəstə Halında birləşiblər. Axtarış zamanı onlardan silah və Taleh Bağırzadənin müraciət kitabçası aşkar edilib. Əmirli Əliyev sərbəst ifadəsində tutulması barədə danışdı. Bildirdi ki, evə maskalı şəxslər basqın ediblər və onunla birlikdə üç oğlunu həbs ediblər. Güya evdən silah-sursat tapılıb, lakin heç bir videoçəkiliş aparılmayıb. Yalandan silahları boynuna qoyublar. Onun hüquqlarını istintaq dövründə dövlət tərəfindən təyin edilmiş vəkil Aytən Əliyeva müdafiə edib. Lakin o, keyfiyyətli hüquqi yardım göstərməyib. Həbs müddəti uzadılan zaman iclasda vəkil iştirak etməyib. Lakin protokollarda vəkilin imzası var. Sual olunur ki, bu, necə olur. Əmirli Əliyev latınca yazıb-oxuya bilmir. Vəkil ifadəni ona oxumayıb. Bütün ifadəni müstəntiq yazıb. Əli Şahbazovla da eyni hal baş verib. Təzyiq, hədə-qorxu ilə onlardan etirafedici ifadələr alınıb. “Müsəlman Birliyi” Hərəkatı qeydiyyata alınması üçün Ədliyə Nazirliyinə müraciət edib. Əgər cinayərkar qrup olsaydı, nazirliyə müraciət etməzdi və gizli şəkildə fəaliyyət göstərərdi. Müdafiə etdiyim şəxslərin heç biri birliyin üzvü olmayıb və həmin birliyin fəaliyyətindən xəbərləri olmayıb. Taleh Bağırzadənun müraciət kitabçası olduğu deyilən kitabça kustar üsulla kompüterdə hazırlanıb və əllə sancaqlanıb. Orada Nardaran hadisələrindən danışılır. Həmin vaxt Taleh Bağırzadə həbsdə idi. Yəqin həbsdə çap edib həmin kitabı. İmam Hüseynə “Hüseyn” deyə müraciət edilir. Taleh Bağırzadənin İmam Hüseynə o formada xitab etməsi inandırıcı deyil. İttihamlar qondarma və saxtadır, bəraətverici əsaslarla xitam verilməlidir”.

Vəkil sonda hakimləri ədalətli olmağa çağırıb.

Ə.Şahbazovun digər vəkili Elman Ağayev də ittihamların saxta olduğunu deyib və bəraət verilməsini istəyib. Digər vəkillər isə çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Proses dekabrın 25-də davam edəcək. (edited)

Ötən iclas prokuror çıxış edib. O, Elcin Qasimovun 16 il, Aga Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgun Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vusal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub.

Elçin Qasımov isə Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Digərləri Cinayət Məcəlləsinin terrorçuluq, kütləvi iğtişaş, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirmə, qanunvericilikdə nəzərədə tutulmayan silahlı birləşmə yaratma, dövlət əleyhinə çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, xuliqanlıq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə günahlandırırlar.

Onlar ittihamı qəbul etmir və işgəncəyə məruz qaldıqlarını deyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button