ArxivNardaranXəbər lentiXəbərlər

”Nardaran işi”: Akif Çovdarova da 15 il həbs istənilib, bizə də

“Məhkəmədən jurnalistləri çıxarandan sonra bizi üç gün karsa saldılar, işgəncə verdilər”

“İstər polisin keçirdiyi əməliyyat nəticəsində, istərsə də digər protokollarda ittihamlar saxtalaşdırılıb. Bizə saxta ifadələr əsasında ittiham verilib”.

Təqsirləndirilən Elman Ağayev məhkəməsindəki son sözündə belə deyib.

Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Şahidlər bir-birini təkzib etdi

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elman Ağayev bildirib ki, o, özünü təqsirli bilmir:

“Mənə terror maddəsi ilə ittiham verilsə də, nə ibtidai istintaqda, nə də məhkəmədə əsaslı dəlil gətirilməyib. Kütləvi ixtişaşlar maddəsində də şahid ifadələrindən başqa heç bir dəlil-sübut yoxdur. Həmin şahid ifadələri də məhkəmə istintaqı zamanı bir-birini təkzib etdi.

Eləcə də 228-ci maddə, silah-sursat saxlama ilə bağlı da ittiham təsdiqini tapmadı. Mənim nə üstümdə, nə də evimdə silah olub. 281- dövlət əleyhinə çağırışlar ittihamı – heç yerdə dövlət əleyhinə çağırış etməyim aşkar olunmayıb. 283 – milli, irqi, dini ayrı-seçkiliklə bağlı da sübut yoxdur. Yalnız mənim “Youtube”-dakı çıxışlarım nəzərdə tutulub. O çıxışlarda da hər hansı dövlətçilik əleyhinə, ayrı-seçkiliklə bağlı heç nə yoxdur.
278 – dövlət çevrilişi – bu maddə üzrə də “Bandotdel”-in əməliyyatçısı Elman Bayramovun və iki lənkəranlı, təyinatlı şahidin ifadəsindən başqa heç nə yoxdur. Həmin ifadələr də məhkəmədə təsdiqini tapmadı. Onlara sual veriləndə yalan olduğu üzə çıxdı”.

Bəli, Hacı Taleh Bağırzadə Lənkərana gələndə onunla görüşmüşəm

E.Ağayev bildirib ki, evindən çıxdığı iddia olunan kitabçalarla bağlı deyilənlərin də yalan olduğu məlum olub:

” “Bandotdel”-də mənə qeyri-rəsmi bildirdilər ki, əsas səbəb Hacı Taleh Lənkərana gələndə onunla görüşməyim, orada “Allahu Əkbər” şüarı səsləndirməyimizdir. Bəli, Hacı Taleh Bağırzadə Lənkərana gələndə onunla görüşmüşəm. Xütbə zamanı “Allahu Əkbər” nidaları səsləndirilib. Bu, bütün dini mərasimlərdə səslənir. Mənim həbsimin səbəblərindən biri Lənkəranda Aşura mərasimlərinin keçirilməsi ilə bağlıdır. Hakimiyyət orqanlarını da qorxuya salan əsas amillərdən biri bu olub. “Bandotdel”-də mənə işgəncə veriləndə əsasən bu haqda suallar verilirdi ki, sən Lənkəranda təşkilatçılıq edirsən, tərəfdarlar toplayırsan və s.

“Bandotdel”-də insanlara qarşı elə hərəkətlər edirlər ki, işgəncə verən şəxslər evlərinə gedəndə, onlardan soruşan olsa, inanmıram ki, elədiklərini deyə bilsin.

Bizi 3 gün “kars”a saldılar

Elman Ağayev daha sonra deyib:

“Məhkəmədə ifadə verən şahidlərə hakim və prokuror müdaxilələr etdi. Vəkillərə təzyiqlər oldu. Məhkəmədən jurnalistləri çıxarandan sonra bizi üç gün “kars”a saldılar, işgəncə verdilər. Məhkəmədə vəkil şahidlərdən “Quran”a and içməsini istəyəndə dediniz ki, bura məscid deyil. Bura məscid olmasa da, necə olur, prezident “Quran”a and içir, onlar and içə bilməz? Mən heç istəməzdim and içsinlər. Elə insanlar var ki, onlar “Quran”a yalandan and içər, onların yalanları axirətdə üzə çıxar.

Bizə istənilən ağır cəzaya gəlincə, necə olur, Akif Çovdarova da 15 il həbs istənilib, bizə də. Kürdəxanıda onlarla adam var ki, qətlə görə onlara 15 il istənilib. Bizə heç bir günahımız olmadan, heç bir sübut ortaya qoymadan 15-16 il həbs cəzası istənilir.

Siz hakim kimi and içmisiz. Tərəf olmamalısız, ədalətli qərar çıxarmalısız. Əgər məhkəmədə sübuta yetmirsə, təqsirləndirilən şəxslərin xeyrinə həll olunmalıdır. Dünya elədir ki, hər şey dəyişə bilər. İndi biz oturduğumuz yerdə necə prokurorlar, nazirlər oturub, vaxt olar, təyinatlı hakimlər də oturar. Onda təsəvvür edin, Hacı Zülfüqar sizin əyləşdiyiniz yerdə oturub, siz isə bizim indi olduğumuz yerdəsiz. Bunu gözünüzün önünə gətirin.
Bizim haqqımızdakı cinayət işinə bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edirik”.

Xatırlatma…

Dövlət ittihamçısı Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.

Onlar özlərini təqsirli bilmirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button