ArxivXəbər lentiXəbərlər

100 ton Azərbaycan fındığı Avropadan geri qaytarıldı

qafqaz.ir rakur.az -a istinad xebere gore.Son iki ay ərzində Azərbaycandan Avropa Bilriyinə ixrac olunan 100 ton fındıq ləpəsi geri qaytarılıb. Azərbaycan fındığının 20 tonluq ilk hissəsi(1 TIR) sentyabrın 13-də Polşadan, 20 tonu oktyabrın 4-də, 20 tonu oktyabrın 23-də, daha 20 tonu isə oktyabrın 30-da İtaliyadan geri qaytarılıb. Fındıq ixracatı ilə məşğul Azərbaycan iş adamları hesab edirlər ki, İtaliya gömrüyündə ölkəmizdən gedən məhsula qarşı qərəzli münasibət geriqaytarmada rol oynayır. Bundan əlavə, ixracatçıların bildirdiyinə görə, İtaliya gömrüyündən geri qaytarılan məhsulda Avropa Birliyi üzrə müəyyən olunmuş normalardan yüksək həddə aflotoksin adlı maddə aşkarlanıb.

 Aflatoksin nədir?

 Aflatoksin – kif göbələklərinin ifraz etdiyi toksin – zəhərli maddədir. Ona ən çox fındıq, qoz, yer fındığı və digər ləpəli bitkilərdə, həmçinin qarğıdalı, buğda və sairdə rast gəlinən bu maddə dünyada xərçəng xəstəliyinin əsas “yaradıcı”larından biri hesab olunur. Bu xüsusiyyətinə görə Avropa Birliyi onun ayrı-ayrı məhsullarda yol verilən həddini getdikcə azaldır. Aflatoksin əsasən həddindən artıq isti və ya rütubətli yerlərdə saxlanan məhsullarda meydana gəlir.

 Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri İsmayıl Orucovun dediyinə görə, ixrac olunan məhsulların Avropa Birliyi ölkələrindən geri qaytarılması halları həmişə olur: “Burada qorxulu nəsə yoxdur. Hər ölkənin öz normativi var. Birində qəbul olunan digərində olunmur. Yaxud birinin qəbul etmədiyini digəri qəbul edir. Bu baxımdan, məhsulun geri qaytarılması böyük problem deyil.”

 İ.Orucov bildirir ki, aflatoksinin yol verilən həddi ilə bağlı Rusiyada normativlər Avropa Birliyindən daha yumşaqdır: “Qaytarılan məhsulu qovuraraq Rusiyaya ixrac etmək mümkündür. Bilirsiniz, aflatoksinlə bağlı analiz həm də bir növ bəxt məsələsidir. Yəni neçə milyon ləpədən birində bu maddə normadan çox ola və analizə məhz həmin ləpə götürülə bilər. Həmin ləpə 20-22 tonluq bir maşının taleyini həll edir. Burada iş adamlarını günahlandırmaq mümkün deyil ki, keyfiyyətsiz mal aparıb. Heç kəs istəməz ki, 15-20 min dollar çəkib göndərdiyi mal geri qayıtsın. Ona görə də hamı işini ehtiyatlı tutur.”

 İtaliya gömrüyü Azərbaycan məhsuluna qərəzli yanaşır?

 Azərbaycan iş adamları bildirirlər ki, senytabrın əvvəlindən başlanan ixrac mövsümündə Almaniyaya daha çox məhsul göndərilib, lakin İtaliya ilə eyni standartlarla işləyən bu ölkədən hər hansı narazılıq qeydə alınmayıb. Buna görə ixracatçılar italyan gömrükçülərini qərəzlilikdə suçlayırlar.

 Assosisasiya rəhbərinin sözlərinə görə, ötən il İtaliyaya 5 min ton fındıq satılıb və hər hansı problem müşahidə olunmayıb. O, İtaliya gömrüyündə Azərbaycan məhsuluna münasibətdə qərəzli yanaşmanın olmasını istisna etmir: “Ötən il böyük həcmdə Gürcüstan fındığı geri qaytarılmışdı. Hətta türk fındığı da qaytarılır. Dediyiniz məsələyə gəlincə, biz son illərdə dünya bazarlarında yer tutmağa başlamışıq, böyük uğurlar əldə edirik. Bu isə rəqabət yaradır. Bu baxımdan, müəyyən problemlərin yaranması təbiidir. Bazardakı digər oyunçuların müəyyən fəaliyyətləri ola bilər. Hətta hesab edirəm ki, bundan sonra daha böyük çətinliklərimiz ola bilər və biz bunlara hazır olmalıyıq. Öz işimizi təkmilləşdirməliyik. Bizim iş adamlarımız laızımdır ki, malı göndərəndə onun üstündə gedən olsun, prosedurlara nəzarət olunsun. Bir qədər şirindil, ünsiyyətcil olmaq lazımdır. Şirkət tanıyıram ki, İtaliyada təhsil alan tələbələri işə götürüb, onlar burdan gedən mala nəzarət edirlər, lazım gələndə təkrar yoxlanmanın aparılmasına nail olurlar.”

 Onu da qeyd edək ki, ölkəmizdə fındıq aflatoksin analizi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən və Dövlət Gömrük Komitəsinə məxsus laboratoriyada həyata keçirilir. Malları qaytarılan ixracatçılar məhsulun hər iki laboratoriyada analiz edildiyini və standartlara uyğun olduğunu, buna uyğun sənəd verildiyini deyirlər. Bu halda İtaliyadakı analizdə fərqli nəticə necə çıxıb?

 Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin rəisi əvəzi Fuad Ağayevin bununla bağlı sorğumuza verdiyi cavaba görə, İtaliya və Azərbaycan şirkətləri arasında bağlanmış müqavilələrə əsasən, 2017-ci ilin 10 ayı ərzində Azərbaycandan İtaliyaya 315 nəqliyyat vasitəsi ilə 7318 ton fındıq məhsulu göndərilib.

 İtaliya tərəfinin ixracatçı şirkətlərə 10-16 və 24 oktyabr tarixlərində ünvanladığı məktublarda məhsulların keyfiyyətinin müqaviləyə uyğun olmadığı bildirilib: “Nəzərinizə çatdıraq ki, Azərbaycan tərəfinə ünvanlanmış məktubların heç birində aflatoksinlərin miqdarının normadan artıq olduğu barədə məlumat olmamış, sənədlərdə yalnız fındıq məhsullarının keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğun olmadığı və məhsulun kalibrinin  aşağı olduğu bildirilib. Belə ki, onların iddiasına görə, sentyabrın 29-da göndərilən 13-15 kalibrli məhsulun miqdarının müqavilədə 3 faiz nəzərdə tutulduğu halda, bu göstəricinin 15 faizə yaxın olduğu və buna görə geri qaytarıldığı bildirilib.

Qeyd edək ki, ixracatçı şirkətlər tərəfindən göndərilən fındıq məhsullarından götürülmüş nümunələr ixrac olunmamışdan əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində yoxlanılıb və aflatoksinlərin miqdarının yol verilən miqdarda olduğu müəyyən edilib.”

 Onu da qeyd edək ki, son aylarda bir neçə dəfə İtaliyadan Azərbaycana gətirilən bəzək kollarında zərərvericilərin aşkarlanması və onların mçəhv edilməsi faktı qeydə alınıb. Azərbaycan fındığının geri qaytarılması bu faktlara görə baş verə bilərmi? F.Ağayev deyir ki, bu ehtimalı real saymırlar: “Problemin bu səbəbdən baş verdiyini düşünmürük. Bu, daha çox  ixracatçı şirkətlə idxalçı şirkət arasında bağlanmış müqavilənin tələblərinə uyğun fəaliyyətin olmamasından irəli gəlir. İxrac olunan fındıq məhsulunun Avropa bazarında qiymətinin aşağı salınması faktı da istisna deyil.”

 Geri qaytarılan məhsul daxili bazara çıxa bilərmi?

 Geri qaytarılan məhsulun qovrulmadan daxili bazara çıxarılması mümkündürmü? İ.Orucov bunu mümkün saymır: “Daxildə istehlak elə böyük deyil axı. Ölkəmizdə ildə cəmi min ton fındıq istehlak olunur, bu il istehsal 60 min tondan yuxarıdır. Artıq daxili bazar dolub. Qayıdan məhsulu realizə etmək aylarla vaxt tələb edər, bu qədər gözləmək isə sahibkara sərf etməz, onu zərərə salar.”

 F.Ağayev isə bildirir ki, geri qaytarılan məhsul ölkəyə daxil olan kimi analiz ediləcək: “İstənilən halda, geri qaytarılması qərara alınmış nəqliyyat vasitələrindən nümunələr götürülərək Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində təkrar yoxlanılacaq və ictimaiyyətə nəticələr barədə müvafiq məlumatlar veriləcək, həmçinin İtaliya tərəfi ilə bu məsələlər ətraflı muzakirə olunacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button