ArxivNardaranXəbər lentiXəbərlər

Nardaran işi: Hakimlə təqsirləndirilən şəxslər arasında dava düşdü (Yenilənib)

Vəkil Cavad Cavadov şəxsi “facebook” səhifəsində bildirib ki, “Nardaran işi üzrə apellyasiya baxışı yekunlaşıb ve birinci instansiya məhkəməsinin hökmü qüvvədə qalıb. Qərarın elan edilməsi müdafiəçilərin iştirakı olmadan həyata keçirilib”.

***

İyulun 20-də Bakı Apelyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər hakimlərdən Əflatun Qasımova yazılı etiraz veriblər. Ötən iclasda Ə. Qasımov təqsirləndirilən şəxslərdən birinin çıxışına müdaxilə etmişdi və təqsirləndirilən şəxslər tərəfindən narazılıqla qarşılanmışdı. Məhkəmə etirazı qəbul etməyib.

İclasda təqsirləndirilən şəxslərin vəkilləri Fariz Namazlı, Cavad Cavadov çıxış edərək, müdafiə etdikləri şəxslərin barələrində olan hökmün əsassız olduğunu deyiblər. Bildiriblər ki, təqsirləndirilən şəxslər heç bir cinayət törətməyib.

Daha sonra təqsirləndirilən şəxslər Aqil İsmayılov, Cahad Babakişizadə çıxış ediblər. Onlar hakimiyyəti tənqid edən fikirlər səsləndiriblər. Bu zaman hakim onların sözünü kəsib. Bu digər təqsirləndirilənlərin etirazına səbəb olub.

Təqsirləndirilən şəxslərdən Fuad Qəhrəmanlı hakimə “Niyə sözümüzü kəsirsiniz? Bilirəm, kürsünüzə görə qorxursunuz, amma qorxmayın, siz demirsiniz ki, biz danışırıq. Bu adamları dövlət çevrilişində ittiham edirlər. Dövlət çevrilişində ittiham olunan adam kartofdan danışmalı deyil ki” – deyib. Bundan sonra hakim fasilə elan edib.

Fasilədən sonra hakim çıxış üçün prokuror Ceyhun Budaqova söz verib. Bu isə təqsirləndirilən şəxslərin narazılığına səbəb olub. Təqsirləndirilən şəxslər ayaqqabılarını və əllərindəki su butulkalarını hakimlərə atıblar. Hakimlər və prokuror zalı yarımçıq tərk ediblər.

Xatırlatma

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırzadə 20, Abbas Hüseynov 20, Fuad Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev isə 10 müddətinə azadlıqdan məhrum ediliblər. Taleh Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Həmin şəxslərin barələrində olan hökmdən verilən apelyasiya şikayətlərində onların barələrində bəraət hökmünün çıxarılması istənilib.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

T. Bağırzadə və digərləri ittihamı qəbul etmirlər. Onlar işgəncəyə məruz qaldıqlarını, ittiham saxta olduğunu bildirirlər. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T. Bağırzadə çıxışlarına görə, həbs edildiyini deyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button