AktualAktualArxivXəbər lentiXəbərlər

Bəqidə imamların (ə) türbələrinin dağıdılması ildönümü günündə Hacı Cavad məscidi dağıdıldı

Uzaqdan yarıcan olmuş Hacı Cavad məscidinə baxıb öz-özümə deyirəm: “Xudahafiz, ey gözəl məscidim. Xudahafiz, ey məhərrəm ayının gecələri, qədr gedəcləri. Xudahafiz, Sovetskidəki Hacı Cavad məscidi”.
Qafqaz Mədəniyyət Mərkəzi – 1 iyul 2017-ci il saat 00:20. Bəqi qəbristanlığında məsum imamların (ə) müqəddəs türbələrinin dağıdılmasının ildönüm gününə cəmi iki gün qalıb. Boğazımı qəhər tutub, gözlərimdə yaş gilələnib. İlk dəfədir ki, yaxından bir məscidin sökülməsini görürəm. Düzdür, bundan öncə də bir neçə məscidin dağıdılması haqqında xəbərim olub, ancaq onların uçurulmasını beləcə yaxından görməmişdim. Zehnim fikirlərlə doludur. Məscidin söküntülərinin səsi azanın səsi ilə qarışıb. Uçan hər divar və sütun baxışımı onun yaşıl günbəzinə bir az da dərinləşdirir. Bir azdan bu kiçik günbəz də yerə düşəcəkdi. Təkcə mən yox, məscidin sökülməsinə tamaşa edən bütün insanlar bu vəziyyətə düşüb. Heç birinin xoş əhval-ruhiyyəsi yoxdur. Hətta, dindar olmayan bir kişi yanındakından soruşur: “Bu günbəz də uçdu?” Dostlarının arasında dayanmış bir gənc qəzəblə siqaretini alışdırıb deyir: “Bədənimin tükləri biz-biz olub. Bu nə işdir edirlər? Nə üçün Allah evini uçururlar?” Məscid uçurulduqda huşunu itirən hicablı xanımın üzünə su vurduqdan sonra özünə gəldi və yeganə övladını itirmiş ana kimi fəryad etdi, nalə və şivən etdi, məscidi dağıdanları lənətlədi. Yanındakı qadınlar onu sakitləşdirməyə çalışırdı. Onlardan biri deyirdi: “Hökumətlə bacarmaq olmaz. Əllərində qalxan tutmuş polisləri görmürsən, elə bil Qarabağda döyüşə gedirlər! Nə edək? Bizim payımıza da belə hökumət düşüb. Qarabağdakı məscidləri ermənilər uçurur, Bakıdakı məscidləri də öz hökumətimiz.”
Məscidin uçurulmasından bir neçə saat qabaq məğrib və işa namazları vaxtı Hacı Cavad məscidinin ətrafında ayrı bir mənzərə var idi. O vaxt məscid hələ sökülməmişdi. Amma polis qüvvələri namaz qılmaq üçün məscidə daxil olmağa icazə vermirdilər. Hər gün eşidilən azan səsi bu gün məsciddən ucalmırdı.
Hamının gözü müəzzini axtarırdı. Məscidə daxil ola bilmiş gənclər çətinliklə də olsa özünü məscidin damına çatdırdı. Onlardan biri azan dedi: Allahu Əkbər. Allahu Əkbər…
Bu azan Hacı Cavad məscidinin son azanı oldu. Bu azanın deməyə çox sözü var idi. Bu azan mənimlə birlikdə bütün dinləyicilərini ağladırdı. Bəlkə də ömrümdə eşitdiyim ən gözəl azan idi ki, o cavanın dilindən səslənirdi. Bəlkə o cavan da ilk dəfə idi ki, azan deyirdi. O azan mənim və o gün məscidin ətrafında toplaşmış bütün kişi və qadınların yaddaşında əbədi olaraq qalacaq. Xoş o cavanın halına və xoş o cavanların halına ki, əllərində dəyənək dayanmış polislərin qarşısında dayanmışdılar. Onlara qibtə edirəm. Bilmirəm, nə üçün o gəncləri görəndə Əhli-Beytin (ə) hərəm müdafiəçiləri yadıma düşdü.
Məscidi uçuran bulduzer və kranların səsi hələ də eşidilməkdə idi. Mən məsciddən bir az uzaqlaşdım ki, məscidin günbəzinin yerə düşməsini görməyim. İxtiyarsız olaraq Bəqidə məzlum imamların (ə) hərəmlərinin uçurulması yadıma düşdü. Bu faciəli hadisənin ildönümünə cəmi iki gün qalırdı.
Uzaqdan yarıcan olmuş Hacı Cavad məscidinə baxıb öz-özümə deyirəm: “Xudahafiz, ey gözəl məscidim. Xudahafiz, ey məhərrəm ayının gecələri, qədr gedəcləri. Xudahafiz, Sovetskidəki Hacı Cavad məscidi”.
Bu gün qərara gəldim ki, ürək sözlərimi dostlarımla paylaşım. Bundan öncə Hacı Cavad məscidinin uçurulması ilə bağlı xəbərlərə baxdım. Xəbərlərin birində prezidentin köməkçisi və mətbuat katibi Əli Həsənova istinadla yazılırdı: “Bəzi vəzifəli şəxslər cənab prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış “Hacı Cavad” məscidinin sökülməsi barədə özbaşına qərar qəbul etmişlər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş vermişdir. Bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilmişdir.”
QMİ-nin sədri Allaşükür Paşazadənin də məscidin uçurulmasına münasibəti bir klipdə verilmişdi. Video-çarxda QMİ sədri deyirdi: “Bu məscidin sökülməsi yeni məscidin inşasının başa çatmasından sonra başlamalı idi.”
Üstəlik, Allaşükür Paşazadə həmişəki kimi yaranmış fürsətdən istifadə edərək, dağıdılmış Hacı Cavad məscidinin dindarlarının və namazqılanlarının prezidentdən razı qaldıqlarını və ona ürəkdən minnətdarlıq etdiyini də bildirirdi. Sədr əlavə edərək deyirdi: “Məscidin sökülməsinə etiraz edənlər siyasi baxışlı adamlardır və onlar xaricdən göstəriş alıblar. Əlbəttə, onların sayı çox azdır”.
Bu iki xəbərlə yanaşı sosial şəbəkələrdə yayılan kliplərdə Yasamal rayonunun icra başçısı açıq-aşkar deyir: “Məscidin sökülməsi birbaşa prezidentin göstərişi ilə olmuşdur”.
Bu xəbərlər arasında yadıma düşdü ki, bir neçə il bundan öncə dövlət hər vaxt məscidi sökmək istəyəndə dərhal bu işi icra edirdi. Ancaq indi məscidi sökmək üçün neçə aydır ki, plan çəkir, senari hazırlayır, xüsusi vəziyyət yaradır. Məscidi sökəndən dərhal sonra da icra başçısını vəzifəsindən kənarlaşdırır. Doğrusu, bu nəyi göstərir? Bəli, ölkəmdə dindarların günbəgün artan gücünü göstərir? İki ay yarım bundan öncə dindarlar Hacı Cavad məscidinin ətrafına toplaşaraq bu gücün azacıq bir hissəsini göstərməklə onun uçurulmasını bu vaxta kimi dayandırmışdılar. Əli Həsənov çox narahat oldu. Məscidin sökülməsinə etiraz edənləri xarici ölkələrin amilləri adlandırdı.
Prezident məsələyə baxılması üçün komissiya yaratdı.
Bu dindarların rəhbərləri zindanda olsa da öz sözlərini qüdrətlə deyə bilirlər. Dövlət onlardan qorxaraq məscidi gecənin qaranlığında sökməyə məcbur olur. Sonra da camaatı aldada bildiyini güman edir.
Mən ölkəmin dindarları ilə fəxr edirəm. Vətənimin islamçılarının məscid düşməni olan sekülarlar qarşısında iqtidarı ürəyimi sakitləşdirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button