AktualAktualArxivIslamXəbər lentiXəbərlər

“Mövsüm Səmədovu həbsxanaya qaytarmaq çoxdankı plan idi”

 İlahiyyatçı cəzaçəkmə müəssisəsində o biri məhkumlardan təcrid olunub; onun həbsxana rejiminə qaytarılması üçün məhkəməyə təqdimat verilib.
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun həbsxana rejiminə köçürülməsini istəyir. Bundan ötrü də Qaradağ Rayon Məhkəməsinə təqdimat göndərilib. Bu barədə “Azadliq.info”ya Mövsüm Səmədovun vəkili Yalçın İmanov məlumat verib. Bildirib ki, bu cür təqdimatlara 10 gün ərzində baxılır.
Yalçın İmanov mayın 23-də 12 saylı cəzaçəkmə müəssisəsində Mövsüm Səmədovla görüşüb. Məlum olub ki, müəssisə rəhbərliyi “kars” cəzaları, kamera tipli otaqda saxlamaqla kifayətlənməyib, indi də ilahiyyatçıya qarşı başqa bir tədbirə əl atıb: “Mövsüm Səmədov ardıcıl “kars” cəzalarından sonra martın 21-də xüsusi qərarla kamera tipli otağa salınaraq, digər məhkumlardan təcrid olunmuşdu. Bu iki aylıq cəza müddəti mayın 21-də başa çatıb. Bir gün sonra deyiblər ki, cəzaçəkmə müəssisələrində daxili intizam qaydalarına əsasən, təhlükəsizlik rejiminə keçirilirsən. Cəzaçəkmə müəssisəsində saxlanılan şəxsin həyatına, sağlamlığına, təhlükəsizliyinə qarşı digər məhkumlar tərəfindən zərər verilməsi təhlükəsi olanda bu tədbir görülür. Bu tədbir də 30 gündən çox ola bilməz. Əgər 30 gün ərzində təhlükə aradan qalxmasa, o zaman məhkumun başqa müəssisəyə köçürülməsi məsələsi qaldırılır”.

Məhkumun özünün müraciəti olmalıdır, amma yoxdur…

Vəkil deyir ki, təhlükəsizlik rejiminə keçmək üçün mütləq məhkumun özünün müraciəti olmalıdır – ya şifahi formada, ya da yazılı. Amma Mövsüm Səmədovun belə bir müraciəti olmayıb. Cəzaçəkmə müəssisəsinin rəis müavini Yalçın İmanova deyib ki, onlar müəssisənin Əməliyyat Aparatından gələn məlumat əsasında belə bir qərar qəbul ediblər. Səbəb kimi isə Mövsüm Səmədovun müəssisədəki məhkumlar üçün təhlükəli olmasını, onun dini təbliğat aparmasını göstərib.
“Bu qərar tamamilə qanunsuz və əsassızdır. Çünki yalnız şəxsin özünün müraciəti əsasında belə bir qərar qəbul oluna bilərdi. İkincisi, təhlükəsizlik rejimi ilə bağlı müəyyənləşdirilmiş 30 günü gözləmədən dərhal məhkəməyə müraciət olunub ki, Mövsüm Səmədov həbsxanaya göndərilsin. Mayın 22-də – eyni gündə həm təhlükəsizlik rejiminə keçid qərarı verilir, həm də məhkəməyə təqdimat göndərilir. Mövsüm Səmədov bildirir ki, o, heç bir qayda-qanun pozuntusuna yol verməyib. Müəssisədə dini təbliğat aparması haqda deyilənlər də həqiqətə uyğun deyil”, – deyə Yalçın İmanov bildirib.

“Plan tədricən yerinə yetirilirdi”

Qeyd edək ki, Mövsüm Səmədov bundan əvvəl də – 2014-cü il oktyabrın 9-da müəssisə rəhbərliyinin təqdimatı və Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Saxlanma şərtlərinin sərtləşdirilməsi Mövsüm Səmədovun intizamı pozması ilə əsaslandırılmışdı. İlahiyyatçı 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmışdı. Elə qaytarıldığı gün də birbaşa cərimə kamerasına (kars) salınmışdı. Bundan sonra bir neçə dəfə Mövsüm Səmədova “kars” cəzası verilmişdi. Hələ bir neçə ay əvvəl vəkili Yalçın İmanov deyirdi ki, bu cəzaların məqsədi Mövsüm Səmədovu yenidən qapalı həbsxana rejiminə qaytarmaq üçün zəmin yaratmaqdır.
“Bütün bu baş verənlər bizim dediklərimizi bir daha təsdiqləyir. Məlum olur ki, adamı heç bir günahı olmadan cəzalandırmaqla, onu həbsxanaya göndərmək məqsədi güdürdülər. Mövsüm Səmədovu həbsxanaya qaytarmaq çoxdankı plan idi, tədricən yerinə yetirilirdi. Mövsüm Səmədov deyir ki, hələ noyabrda Qobustan həbsxanasından qaytarıldığı ilk günlərdə Penitensiar Xidmətin şöbə rəisi yanına gəlib, ona bir daha Qobustanı xatırladıb. Bu o demək idi ki, yenidən ora göndəriləcəksən”, – Yalçın İmanov əlavə edib.
Vəkil deyir ki, Mövsüm Səmədovun səhhətində ciddi problemlər var, qapalı həbsxana rejiminə köçürülməsi onun sağlıq durumunu bir az da ağırlaşdıracaq: “Mövsüm Səmədovun ayağında varikoz – damar genişlənməsi var. O, açıq havada gəzməlidir. Qapalı rejimdə saxlanması durumunu pisləşdirəcək”.
Xatırladaq ki, Mövsüm Səmədov 2011-ci ildə həbs olunub. O, qanunsuz silah saxlamaq, dövlət çevrilişinə cəhd kimi ittihamlarla 12 il azadlıqdan məhrum edilib. Lakin Mövsüm Səmədov ittihamların saxta olduğunu, Azərbaycan hakimiyyətinin siyasətini tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına son dəyişikliklərə etiraz olaraq, referendum ərəfəsində Mövsüm Səmədov saxlanıldığı Qobustandakı qapalı həbsxanasında aclıq aksiyası keçirmişdi./azadlıq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button