Aktual

Qərbin müsəlman dövlətlərində işləyən “ölüm maşını”–FAKT

Pakistandan Afrikaya qədər pilotsuz təyyarələrin yaratdığı dəhşətlər dünyanı artıq narahat etməyə başlayıb, Vaşinqton isə geri çəkilmək fikrində deyil.

2004-cü ildən bu yana ABŞ pilotsuz təyyarələrinin hücumları nəticəsində Pakistanda 2200 nəfər, o cümlədən 400 dinc sakin öldürülüb. Bu barədə BMT-nin insan haqlarını müdafiə və terrorçuluğa qarşı mübarizə üzrə komitəsinin eksperti Ben Emmersonun hesabatında məlumat verilib. Pakistan Daxili İşlər Nazirliyiin məlumatına əsasən, 2004-cü ilin başlanğıcından ABŞ-ın bu aparatları azı 300 zərbə həyata keçirib. Mənbə bildirib ki, Amerika aparatları ilə yanaşı, Britaniya və İsrailin də belə qurğuları Pakistan ərazisini vurub.
BMT təmsilçisi ABŞ-ı pilotsuz uçan aparatlarla keçirilən əməliyyatla bağlı BMT-yə informasiya verməyə çağırıb. Qeyd edək ki, artıq neçə ildir ki, Pakistan hökuməti Amerikaya bununla bağlı etiraz göndərsə də, Vaşinqton terrorizmə qarşı mübarizəni əsas gətirərək bu hücumları dayandırmır. ABŞ-ın Pakistandakı səfiri Riçard Olson bildirib ki, Amerikaya məxsus pilotsuz təyyarələrin Pakistanın qəbilələrin nəzarətində olan bölgələrinə uçuşları davam edəcək. Səfir əsas məqsədin bu bölgədə hələ də əsas güc olaraq qalan Taliban yaraqlılarının məhv edilməsi olduğunu qeyd edib.
Pakistan hökuməti isə bu hücumların beynəlxalq hüquq və insan haqlarına zidd addım kimi dəyərləndirir. Ancaq bununla yanaşı, ABŞ hökuməti bu cür addımların qarşılığında İslamabada hər il milyard dollarlarla ölçülən silah və hərbi texnika yardımları edir.
Analoji hava zərbələri Pakistanla yanaşı, qonşu Əfqanıstanda da tez-tez müşahidə olunur. Amerika hərbi hava qüvvələrindən verilən məlumata görə, son bir ildə Əfqanıstanda hava zərbələrinin sayı ötən illə müqayisədə 25 faiz artıb.
Qeyd edək ki, nə qədər qəribə də olsa, “ölüm maşını”na çevrilmiş pilotsuz təyyarələrin bazasının harda yerləşdiyi, hansı ölkədən qalxdığı ilə bağlı dəqiq bilgi yoxdur. Bəzi məlumatlara görə, bu təyyarələr Pakistanın özündə yerləşən hərbi bazalardan havaya qalxır. Bu barədə iddiaları ABŞ senatoru da bu ilin əvvəlində təsdiqləyib. Ancaq Pakistan hökuməti bu iddiaları təkzib edir. Beynəlxalq medianın məlumatına görə, artıq vahiməli bir silaha çevrilmiş pilotsuz təyyarələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsusdur. MKİ bu qurğular vasitəsilə kəşfiyyat, axtarış əməliyyatları həyata keçirir. Ancaq eyni zamanda Amerikanın son model pilotsuz təyyarələrinin həm də raket daşıyıb onu hədəfə atmaq imkanları var. Beləliklə, pilotsuz təyyarələr – Pakistanın nəzarətdən çıxmış əsasən tayfa birlikləri və Talibanın idarə etdiyi bölgələrində uçuş həyata keçirən bu qurğular axtarılan hədəfləri özləri tapır və daha sonra zərbələr endirir. Ancaq bu zərbələr bir çox dəfələrdə mülki insanların həyatına son qoyur. Bəzən kəndlərin, eləcə də kütləvi toy mərasimlərinin raket atəşinə tutulması kütləvi ölümlərə səbəb olur. Bir sıra yerli fəallar pilotsuz təyyarələrdən atılan raketlərin mülki əhalini nəzərə almadığını qeyd edirlər. Pakistanda hətta bir dəfə pilotsuz təyyarənin “yanlış” zərbələri nəticəsində 70-ə yaxın dinc insan öldürülüb.
ABŞ hökuməti bu hücumlarla bağlı İslamabadla razılaşma əldə olunduğunu bildirsə də, Pakistan hökuməti Amerika ilə pilotsuz təyyarələrin hücumları ilə bağlı razılaşma imzalamadığını iddia edir. Pakistan hökuməti terrorla mübarizəyə dəstək versə də, öz ərazisində xarici ölkə döyüşçüsünün saxlanılmasına rəsmən icazə vermir.
Ümumilikdə BMT ekspertlərinin hesablamalarına görə, ABŞ-a məxsus pilotsuz təyyarələrin hücumları nəticəsində Pakistanda 400, dünya üzərində isə 500 nəfər dinc insan öldürülüb. Ancaq bu rəqəmlərin daha böyük olduğu güman edilir. Ancaq Vaşinqton pilotsuz təyyarələrin zərbələri nəticəsində hər il öldürülən günahsız insan sayının 10 nəfərə çatmadığını iddia edir. Yeri gəlmişkən, Pakistanla yanaşı, ABŞ pilotsuz təyyarələri tərəfindən son il yarımda Əfqanıstanda 31, Yəməndə 58 nəfər dinc insanın öldürüldüyü bildirilir. Bundan başqa 2011-ci ildə Liviyada və 10 ildir savaşların dayanmadığı İraqda pilotsuz təyyarələrin nə qədər qurbanlarının olduğu haqda dəqiq məlumat yoxdur. “Predator” adlandırılan bu pilotsuz təyyarələr kəşfiyyat məlumatları əldə etmək, yüksək keyfiyyətli kəşfiyyat çəkilişləri aparmaqla yanaşı, raket daşımaq və onu lazımı hədəflərə vurmaq imkanına malikdir. Amerika kəşfiyyatı bir sıra Asiya, Afrika ölkələrində bu aparatlardan istifadə edir. Ancaq bir çox hallarda bu aparatların nişan aldığı hədəflərin sırasında dinc insanlar, qocalaq, qadınlar və uşaqlar olur. Bu isə dünyada pilotsuz təyyarələrin ləğv olunması tələblərinə səbəb olur.
Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi
Birlik

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button